İranın xarici işlər naziri Abbas Əraqçı bölgədə mümkün hərbi eskalasiya ilə bağlı sərt xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, o, CNN telekanalına müsahibəsində müharibə ssenarisinin bütün tərəflər üçün ağır nəticələr doğuracağını bildirib.
Əraqçının sözlərinə görə, mümkün müharibə “hamı üçün fəlakət” olacaq. Nazir qeyd edib ki, əvvəlki qarşıdurmalar zamanı İran və İsrail arasında müharibənin miqyasının genişlənməməsi üçün Tehran xüsusi səylər göstərib.
İran XİN rəhbəri vurğulayıb ki, hazırkı şəraitdə müharibə İran və ABŞ arasında baş verərsə, bunun təsirləri əvvəlkilərlə müqayisədə xeyli daha geniş miqyas alacaq. Onun fikrincə, ABŞ-nin Yaxın Şərqin müxtəlif ölkələrində yerləşən hərbi bazaları səbəbindən regionun böyük bir hissəsinin münaqişəyə cəlb olunması qaçılmazdır.
Əraqçı bildirib ki, belə bir ssenari təkcə tərəflər üçün deyil, ümumilikdə regional sabitlik və beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yaradar.