Edama məhkum edildiyi deyilən etirazçı zaminə buraxıldı
İranda yanvar ayında baş verən etiraz aksiyaları zamanı saxlanılan və edam cəzasına məhkum edildiyi iddia olunan etirazçı Erfan Sultani girov müqabilində azadlığa buraxılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Sultaninin vəkili onun 12 600 ABŞ dolları məbləğində girov qarşılığında zaminə buraxıldığını bildirib. Saxlanıldıqdan sonra həm İran, həm də beynəlxalq mediada Sultaninin ölüm hökmü aldığına dair xəbərlər yayılmış, onun fotosu sosial şəbəkələrdə sürətlə paylaşılaraq etiraz hərəkatının simvollarından birinə çevrilmişdi.
Artan beynəlxalq təzyiqlər fonunda İranın Məhkəmə-Ədliyyə Sistemi Sultaninin edam cəzasına məhkum edilmədiyini açıqlayıb. Bununla belə, rəsmi qurumlar onun barəsində ağır ittihamların irəli sürüldüyünü bildiriblər.
Rəsmi açıqlamaya əsasən, Erfan Sultani “daxili təhlükəsizliyə qarşı məlumat toplamaq və sui-qəsd hazırlamaq, eləcə də dövlət quruluşu əleyhinə təbliğat aparmaq” maddələri ilə ittiham olunur.
Qeyd edək ki, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar son aylarda İranda etirazçılara qarşı sərt cəzaların tətbiqi ilə bağlı narahatlıqlarını dəfələrlə dilə gətiriblər.
09:45 02.02.2026
Oxunuş sayı: 426