Ankara diplomatik çıxış axtarır
Türkiyə İrana qarşı mümkün hərbi müdaxiləyə qəti şəkildə qarşı çıxaraq problemin yalnız diplomatik yollarla həll edilməsinin tərəfdarı olduğunu bildirib. Ankara hesab edir ki, hərbi eskalasiya Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik balansını daha da poza və regionu genişmiqyaslı böhrana sürükləyə bilər.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, diplomatik səylər çərçivəsində diqqətçəkən bir variant da müzakirə olunur. Belə ki, İranda zənginləşdirilən uranın daimi olaraq Türkiyə ərazisində saxlanılması ehtimalı gündəmdədir. Bu addımın həm İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları azaltmaq, həm də Tehran–Qərb xəttində etimadın formalaşmasına töhfə vermək məqsədi daşıdığı bildirilir.
Türkiyə tərəfi bu təşəbbüsün yalnız beynəlxalq razılaşmalar və hüquqi mexanizmlər çərçivəsində mümkün ola biləcəyini vurğulayır. Ankara, vasitəçi rolunu gücləndirərək ABŞ, İran və digər maraqlı tərəflər arasında dialoqun davam etdirilməsinə çalışır və böhranın masa arxasında həllini prioritet hesab edir.
13:38 01.02.2026
Oxunuş sayı: 550