Tehranda fövqəladə hazırlıq – metro stansiyaları sığınacağa çevrildi
İranın paytaxtı Tehranda mümkün fövqəladə hallar və hərbi risklər fonunda əhali üçün genişmiqyaslı sığınacaq infrastrukturu hazırlanır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tehranın Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Nəsirinin verdiyi məlumata görə, şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 300-dən çox yeraltı məkan sığınacaq kimi nəzərdə tutulub. Bu sığınacaqların ümumi tutumu təxminən 2,5 milyon nəfər üçün hesablanıb.
Qeyd olunub ki, sığınacaq kimi istifadə ediləcək obyektlər arasında avtobus dayanacaqları və metro stansiyaları da var. Hazırda 82 metro stansiyası sığınacaq statusu alıb və lazımi şəkildə təchiz edilib. Yaxın vaxtlarda bu məkanlar barədə məlumatlandırıcı lövhələrin quraşdırılması planlaşdırılır.
Tehran meri Əlirza Zakaninin sözlərinə görə, hərbi qarşıdurma ehtimalı yaranacağı təqdirdə əlavə sığınacaqların da hazırlanması gündəmdədir. Onun bildirdiyinə görə, şəhər rəhbərliyi əhalinin təhlükəsizliyi ilə bağlı bütün mümkün ssenarilərə hazır olmağa çalışır.
11:50 01.02.2026
Oxunuş sayı: 616