Türkiyəli həkim, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti nəzdində Medicare və Medicaid Services (CMS) mərkəzlərinin administratoru Mehmet Öz Los-Ancelesdə hospis və evdə tibbi qulluq sahəsində irimiqyaslı dələduzluq sxeminin aşkarlandığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Özün sözlərinə görə, Van Nuys ərazisinin cəmi dörd blokunda 42 hospis qeydiyyatdan keçib və onların bir çoxu yalnız sənədlərdə mövcuddur. “Ya burada həddən artıq çox insan ölür, ya da fırıldaqçılıq fəaliyyəti ilə üz-üzəyik”, – deyə o vurğulayıb.
Aparılan yoxlamalar zamanı tibbi müəssisə kimi qeydiyyata alınmış bəzi ünvanların faktiki olaraq boş olduğu, real tibbi xidmət göstərilmədiyi bildirilib. Özün izahına görə, sxem belə işləyib: ünvanlar hospis kimi qeydiyyata alınıb, ardınca isə xəstələrə evdə qulluq göstərildiyi iddia edilib, lakin bu xidmətlər faktiki təqdim olunmayıb.
CMS administratoru 16 milyon dolların mənimsənildiyi bir cinayət işini nümunə çəkərək, əsas müttəhimin cəmi iki il həbs cəzası aldığını qeyd edib. Onun fikrincə, bu cür yüngül cəzalar saxtakarlığı “gəlirli biznesə” çevirir.
Öz əlavə edib ki, Los-Ancelesdə hospis və evdə qulluq sektorunda mümkün fırıldaqların ümumi həcmi 3,5 milyard dollara çata bilər. O, bu qiymətləndirmənin istintaq materialları əsasında aparıldığını vurğulayıb.
Məlumata görə, ABŞ Prokurorluğu və FBI ştatın ev və icma baxım proqramlarının təxminən 30 milyard dollar dəyərində olduğunu və bu məbləğin əhəmiyyətli hissəsinin fırıldaqçılıq riski daşıdığını nəzərə alaraq nəzarət və təftişi gücləndirib.