ABŞ Prezidenti Donald Trampın artan təzyiqləri fonunda Panama Çinlə bağlı mühüm qərarlar qəbul edib və Panama kanalı ətrafında mövcud balans dəyişib.
Crossmedia.az bu abrədə xarici mediaya istinadən xəbər verir.
Panama Ali Məhkəməsi Honq-Konq mənşəli CK Hutchison şirkətini Panama kanalındakı iki əsas limanın idarəçiliyindən məhrum edib. Yanvarın 29-da çıxarılan qərara əsasən, holdinqin törəmə qurumu olan Panama Ports Company (PPC) üçün verilmiş lisenziyanın şərtləri ölkə Konstitusiyasına zidd hesab olunub. Qərar Balboa və Kristobal limanlarının idarəçiliyini əhatə edir.
Bununla paralel olaraq, Panama ABŞ ilə münasibətlərdə ciddi güzəştlərə gedib. Belə ki, ABŞ gəmiləri üçün kanal rüsumları ləğv olunub, keçid haqları endirilib. Eyni zamanda Panama Çinin qlobal təşəbbüsü olan Bir kəmər, bir yol layihəsində iştirakını dayandırıb və Pekinlə bir sıra tender proseslərini dondurub.
Analitiklər bu addımları Vaşinqtonun artan siyasi və iqtisadi təsirinin nəticəsi, eyni zamanda Çinin Latın Amerikasındakı mövqelərinin zəifləməsi kimi qiymətləndirirlər. Panama kanalına nəzarət məsələsi isə qlobal ticarət və geosiyasi rəqabət baxımından yeni mərhələyə keçib.