Köçəryan: Rusiya elə endirimlər edirdi ki, eyni silahı başqa yerdən almaq ağılsızlıq olardı
Bu gün keçirdiyi mətbuat konfransında Köçəryan hakimiyyətə qayıdacağı təqdirdə indiki formada sülh sazişini imzalayıb‑imzalamayacağına dair suala cavabında bildirib ki, təqdim olunan sənəddə heç bir real təminat mexanizmi yoxdur.
Onun sözlərinə görə, sülh sazişi əlavə bir razılaşma ilə tamamlanmalı və təhlükəsizlik təminatları həmin sənəddə aydın şəkildə əksini tapmalı idi:
“Bu bəyanatda heç bir təminat yoxdur, heç bir təminatçı mövcud deyil. Mənim təklifim belə idi ki, daha bir saziş hazırlanmalı, bütün mexanizmlər orada göstərilməli və bu sənədlər eyni vaxtda imzalanmalı idi”.
Köçəryan Baş nazir Nikol Paşinyanın KTMT üzvlüyünün Ermənistanın başqa mənbələrdən silah almasına mane olması ilə bağlı fikirlərinə də münasibət bildirib.
Onun sözlərinə görə, Ermənistanın heç vaxt alternativ ölkələrdən silah almaq problemi olmayıb:
“Belə alışlar olub. Sadəcə Rusiya ilə qiymət baxımından elə endirimlərimiz var idi ki, insan gərək axmaq olsun, gedib eyni silah növünü başqa yerdən ikiqat baha alsın”.
Sabiq prezident qeyd edib ki, Rusiyadan alınan silahların texniki xidməti və döyüş komplektlərinin təminatı baxımından da ciddi üstünlüklər mövcud idi. Digər ölkələrdən silah alınmasının isə əlavə problemlər yaratdığını vurğulayıb.
Köçəryan xüsusilə Fransadan alınan artilleriya qurğularını misal çəkərək bildirib ki, bu zaman sursatın daşınması, qiyməti və texniki xidmət xərcləri 4–5 dəfə baha başa gəlir:
“Beş ədəd texnika üçün ayrıca servis mərkəzi açacaqsan, yoxsa hər problem üçün mütəxəssislər xaricdən gələcək?”
O, bu siyasətin “silah zooparkı” adlanan təhlükəli vəziyyət yaratdığını bildirib:
“Bir çox ölkələr əsas tərəfdaş kimi böyük dövlətlərdən birini seçir və ordusunu əsasən həmin ölkənin silahları ilə təchiz edir. NATO-da standartlaşdırma da məhz bu problemləri aradan qaldırmaq üçün aparılır”.
Köçəryanın sözlərinə görə, hazırda Ermənistanın müxtəlif ölkələrdən silah alması onların bir-biri ilə inteqrasiyası baxımından ciddi risklər yaradır və bu proses strateji uzaqgörənlikdən uzaqdır.
13:58 29.01.2026
Oxunuş sayı: 373