Türkiyə XİN: İrana zərbə yeni müharibəyə yol aça bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran əleyhinə hərbi əməliyyatların regionda genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az “Əl-Cəzirə” telekanalına istinadən nazirin sözlərini çatdıraraq bildirib ki, İrana hərbi zərbə endirmək son dərəcə təhlükəli və səhv addım olar. Onun sözlərinə görə, bu cür addım Yaxın Şərqdə yeni münaqişə dalğasının başlanmasına gətirib çıxara bilər.
Hakan Fidan qeyd edib ki, İran nüvə danışıqlarına qayıtmağa hazırdır və diplomatik yol hələ də açıq qalır. O, ABŞ rəhbərliyinə müraciət edərək problemlərin mərhələli şəkildə həll olunmasının daha məqsədəuyğun olduğunu vurğulayıb.
“Amerikalı dostlarımıza tövsiyəm odur ki, iranlılarla məsələləri bir-bir müzakirə etsinlər. Nüvə məsələsindən başlasınlar və ilkin razılaşma əldə etsinlər. Bütün problemləri bir paket halında irəli sürmək prosesi çətinləşdirir”, – deyə Türkiyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, bütün tələblərin eyni vaxtda gündəmə gətirilməsi İran tərəfi üçün alçaldıcı təsir bağışlaya və ölkə rəhbərliyi üçün daxili izah mexanizmini çətinləşdirə bilər. Fidan əlavə edib ki, daha məqbul və çevik şərtlər danışıqların irəliləməsinə müsbət təsir göstərə bilər.
Türkiyə XİN rəhbərinin bu açıqlaması regionda artan gərginlik fonunda diplomatik həll çağırışlarının gücləndiyini göstərir.
16:31 28.01.2026
Oxunuş sayı: 398