Paris geri addım atdı: Fransa Cənubi Qafqaz reallıqlarını qəbul etdi
Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi beynəlxalq aktorların diqqət mərkəzində qalmaqdadır. Xüsusilə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə Fransa da prosesə dəstək verən ölkələr sırasında yer almağa çalışır.
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında Türkiyə–Ermənistan sərhədinin açılmasının regionun rifahına müsbət təsir göstərəcəyini vurğulayıb. Bu açıqlama, regional əməkdaşlığın beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Fransa uzun müddət Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsində maraqlı olub və hətta sülh təşəbbüslərinin qarşısını almağa çalışıb: "Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasını da istəmirdi, çünki regiona öz təsirini artırmaq, Ermənistanda hərbi kontingentini möhkəmləndirmək və Cənubi Qafqaza nəzarət etmək planı vardı. Göründüyü kimi, bu planlar reallaşmadı. Geosiyasi şərtlər dəyişib və artıq Fransa da reallıqları qəbul etmək məcburiyyətindədir. Əgər imkanı olsaydı, heç vaxt Ermənistanın indiki addımlarını dəstəkləməzdi və regionda yeni siyasi münasibətlər sistemi formalaşmazdı".
Politoloq əlavə edib ki, artıq regionda müəyyən təchizat zənciri formalaşır və proseslər bu istiqamətdə inkişaf edir: "Fransa prezidentinin atdığı addımlar xüsusilə ‘TRİPP’ layihəsinə və Zəngəzur dəhlizinə hesablanıb. Azərbaycanın Fransa ilə iqtisadi əlaqələri mövcuddur və Fransa Mərkəzi Asiyaya açılım siyasəti çərçivəsində bu prosesləri Azərbaycan üzərindən həyata keçirməyi planlaşdırır. Eyni zamanda Türkiyə–Ermənistan sərhədlərinin açılmasında Fransa, Türkiyə–Ermənistan–Azərbaycan xətti üzrə iqtisadi əlaqələrin bərpasında maraqlıdır. Bu baxımdan Fransa məcburiyyət qarşısında bu prosesə razılıq verib və bəyanatları da məhz buna görə səsləndirib".
Mehriban Yariyeva
15:50 28.01.2026
Oxunuş sayı: 317