Süleyman Ələsgərova həsr olunmuş əsərlər təqdim edildi
Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşr etdiyi “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Süleyman Ələsgərovun zəngin musiqi irsinə malik bəstəkar olduğunu qeyd edib. Biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdır.
Çıxış edənlər Süleyman Ələsgərovun yaradıcılığında Üzeyir Hacıbəylidən bəhrələndiyini vurğulayıblar. Süleyman Ələsgərovun “Bahadır və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası ilə çap olunan biblioqrafiya kitabı Süleyman Ələsgərov yaradıcılığına açılan bir pəncərədir.
Görkəmli bəstəkarın nəvəsi, Azərbaycanın Əməkdar artisti Tahir İmanov Süleyman Ələsgərovun ailəsi adından Prezident İlham Əliyevə Süleyman Ələsgərovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında verdiyi Sərəncama görə, eləcə də yubiley tədbirlərində iştirak edənlərə təşəkkürünü bildirib. O, Süleyman Ələsgərovun yubiley tədbirinin Şuşada qeyd olunduğunu xüsusi vurğulayıb.
1945-2024-cü illəri əhatə edən biblioqrafiyada bəstəkarın əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanıb, eləcə də dünya kitabxanalarında mühafizə olunan əsərləri öz əksini tapıb.
Biblioqrafiya ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
05:29 30.11.2024
Oxunuş sayı: 5973