Azərbaycan Prezidentinin açıqlaması regional inkişaf strategiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər - İqtisadçı-alim
Azərbaycan Prezident İlham Əliyev "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KSES) rəsmi açılış mərasimində bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.
Dövlət başçısının sözlərinə görə, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib: "Ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 MVt gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunub".
İşğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin olunması istiqamətində enerji infrastrukturunun qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq davam etdirilir. Bu çərçivədə, alternativ və bərpaolunan enerji mənbələrinin tətbiqi regionun enerji təminatının gücləndirilməsi, ekoloji tarazlığın qorunması və ölkənin ümumi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti azad edilmiş ərazilərin mövcud təbii potensialından səmərəli istifadə etməklə burada müasir enerji layihələrinin həyata keçirilməsini hədəfləyir və bu istiqamətdə mühüm addımlar atır.
Məsələ ilə bağlı iqtisadçı-alim Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə 500–600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa ediləcəyinə dair açıqlaması ölkənin enerji və regional inkişaf strategiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs enerji istehsalının sadəcə həcminin artırılmasına deyil, onun struktur baxımdan şaxələndirilməsinə və daha dayanıqlı modelin formalaşdırılmasına xidmət edir. Kiçik su elektrik stansiyalarının əsas üstünlüklərindən biri lokal enerji təminatının gücləndirilməsidir. Bu tip stansiyalar iri generasiya mənbələrindən fərqli olaraq regionlara yaxın yerləşdiyi üçün ötürmə xərclərini və enerji itkilərini azaldır. Qarabağ və Şərqi Zəngəzur kimi yenidən qurulan ərazilər üçün bu, həm enerji təhlükəsizliyi, həm də yeni iqtisadi fəaliyyətlərin inkişafı baxımından mühüm amildir. Enerji təminatının stabil olması sənaye, kənd təsərrüfatı, xidmətlər və məskunlaşma prosesləri üçün əsas infrastruktur şərtlərindən biridir. Digər tərəfdən, bu layihələr Azərbaycanın bərpaolunan enerji siyasətini gücləndirir və ölkənin “yaşıl enerji zonası” konsepsiyasına uyğun gəlir. Su, günəş və külək potensialının paralel şəkildə inkişaf etdirilməsi Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılıq baxımından da strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, KSES-lərin inşası azad edilmiş ərazilərin müasir, ekoloji və iqtisadi cəhətdən dayanıqlı inkişaf modelinə inteqrasiyasında mühüm rol oynayacaq".
Elmir Heydərli
11:05 09.01.2026
Oxunuş sayı: 1656