İncəsənət insanların arxasınca getməməlidir, onlara yol göstərməlidir – MÜSAHİBƏ
Sənət bəzən sözlə deyil, rənglə danışır. Bəzən bir tablo bütöv bir dövrün, bir insan taleyinin və ya cəmiyyətin daxili duyumunun ifadəsinə çevrilir. Rəssam üçün kətan yalnız iş yox, həm də düşüncələrin, sualların və etirazların məkanıdır.
Rənglərin dili, formaların seçimi və süjetlərin dərinliyi müəllifin dünyagörüşünü aydın şəkildə ortaya qoyur.
Crossmedia.az saytına verdiyi müsahibədə gənc rəssam və sənətşünas Elçin Hüseyn sənətə gəlişi, rəssamlığa yanaşması, yaradıcılıq prinsipləri, milli mövzuların incəsənətdəki yeri ilə bağlı fikirlərini bölüşdü.
Ortaya çıxan söhbət təkcə bir sənətkarın yaradıcılıq portreti deyil, eyni zamanda bu dövrün sənət mühitinə güzgü tutan səmimi və düşündürücü bir dialoqdur.
- Sənətə marağınız necə yarandı?
Əvvəllər heç düşünmürdüm ki, rəssamlıqla məşğul olacağam. Tamamilə başqa, daha "ciddi" hesab olunan sahələrə yönəlmək fikrim var idi. Lakin istədiyim istiqamətdə müəyyən çətinliklər yarandı və 2013-cü ildə Rəssamlıq Akademiyasının sənətşünaslıq ixtisasına qəbul oldum. Təhsil aldığım müddətdə anladım ki, rəssamlıq düşündüyümdən də maraqlı və daha dərindir. Bu sahəyə daxil olduqca sanki tamam başqa bir dünyaya düşürsən – öz iç dünyamızın içində ayrıca bir aləm açılır və bu, insanı cəlb edir. Mən də düşündüm ki, müxtəlif sahələrə olan marağımı birləşdirərək rəssamlığı bacardığım qədər tanıda bilərəm – istər öz yaradıcılığım, istərsə də digər rəssamların timsalında. Uşaqlıqdan müəyyən bacarıqlarım vardı, amma o vaxtlar rəssamlığı peşə kimi deyil, daha çox əlavə bir bacarıq kimi görürdüm. “Uzaq sahillərdə” filmindəki Mixaylo obrazı kimi – o da rəssamlıqla məşğul olurdu və mən özümü elə təsəvvür edirdim ki, bu bacarıq başqa sahələrdə mənə kömək edəcək. Sonradan isə artıq sırf rəssamlığa, sənət tarixi və nəzəriyyəsinə fokuslanmağa başladım.
- Rəssamlığa peşə kimi yanaşırsınız, yoxsa həyat tərzi kimi?
- Rəssamlıq bizim üçün artıq həyat tərzidir. Günün istənilən saatında bu prosesin içindəyik. Özüm də tez-tez yaşı və statusu məndən böyük olan rəssamlarla ünsiyyətdə oluram, söhbətlər aparıram. Mənə maraqlıdır ki, rəssamlıqla məşğul olan insan bu prosesin içində necə yaşayır. Məsələn, Əməkdar rəssam Vüqar İbadovun çox maraqlı bir fikri var: "Çox qəribədir ki, mən çəkirəm və bunu məndən alsalar da, almasalar da, pul versələr də, verməsələr də yenə çəkəcəyəm". Bu, əslində hər şeyi izah edir. Mən sevdiyim işlə məşğulam, kimsə bunu alır və mən bundan pul qazanıram. Amma əsas məsələ pul deyil. Biz rəssamıq və bu artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Rəssamlıqdan başqa istədiyimiz bir şey yoxdur. Rəssamlıqda əsas məqsəd təkcə estetik zövq yaratmaq deyil, daha çox hansısa mesajı ötürməkdir. İnsan bəzən sözlə ifadə edə bilmədiyini rənglərlə, formalarla, obrazlarla çatdırmağa çalışır. Açığı, bir çox rəssam üçün "gözəl yaratmaq" əsas məqsəd olmur. Tariximizə baxanda da görürük ki, rəssamlar öz əsərlərində estetikadan çox ideya və düşüncə təqdim ediblər. Əlbəttə, rəng harmoniyası qorunmaqla, amma əsas məsələ fikir və ideologiyadır.
- Əsərlərinizdə hansı fikirləri çatdırmaq istəyirsiniz?
- İncəsənətdə, xüsusilə də rəssamlıqda qlobal mövzular və insanın daxilindən, genetik yaddaşından gələn mövzular mövcuddur. Azərbaycanlı rəssam üçün bu, istər-istəməz vətən, Qarabağ, türkçülük kimi anlayışlardır. Mən də çalışıram ki, əsərlərimə 100 il sonra baxan insan mənim hansı kökdən gəldiyimi, hansı millətə mənsub olduğumu hiss etsin. Bu səbəbdən yaradıcılığımda həm müasir Bakı mövzularına, həm də ümumi vətənpərvərlik ideyalarına yer verirəm. Məsələn, Bəhruz Kəngərli bizim ilk rəssamlarımızdandır və onun əsərləri bu gün artıq təkcə sənət nümunəsi yox, tarixi sənəd kimi qəbul olunur. Onun "Qaçqınlar" silsiləsi ermənilərin müxtəlif dövrlərdə xalqımıza qarşı törətdiyi soyqırımların bədii sübutudur. Mən də çalışıram ki, əsərlərimə bugünkü yox, gələcəyin gözü ilə baxım ki, gələcək nəsillər bu dövrdə nələrin yaşandığını anlaya bilsin.
- Vətən mövzusundan başqa hansı mövzulara müraciət edirsiniz?
- Biz hər şeydən əvvəl insanıq. Əsərlərimdə təkcə sevgi münasibətləri deyil, ailə, insanın daxili axtarışları, ətraf mühit kimi mövzular da yer alır. Bəzən bu, birbaşa mövzu ilə deyil, rənglərin seçimi, tonlar, işıq-kölgə həlləri ilə özünü göstərir. Təəssüf ki, sırf rəssamlığa texniki baxımdan çox vaxt ayıra bilmirəm. Amma ümumilikdə incəsənətlə daim məşğulam. Digər rəssamların yaradıcılığı mənim üçün maraqlıdır, yaşayan və yaradan böyük sənətkarlarımız var və onların işlərini özüm üçün referans götürürəm. Hər rəssamın yaradıcılıq yolu fərqlidir: kimisi qlobal və vətənpərvərlik mövzularına yönəlir, kimisi isə daxili dünyasını ifadə edir. Elə rəssamlar da var ki, tanınmaq, bəyənilmək onlar üçün önəmli deyil – bu, tamamilə daxildən gələn bir ehtiyacdır.
- Azərbaycan rəssamlarının dünyada tanınması üçün nə lazımdır?
- Mən Azərbaycan rəssamlarını yaxından izləməyə çalışıram və əminliklə deyə bilərəm ki, bizim rəssamlar Qafqazda, hətta Şərqdə ən güclü palitraya malikdirlər. Hətta xarici rəssamların da tez-tez vurğuladığı bir məqam var: Azərbaycan rəssamlarının göy rəngdən istifadəsi çox fərqlidir. Onun saysız-hesabsız çalarlarını elə ustalıqla işləyirik ki, bu, başqa ölkələrin rəssamları üçün qeyri-adi görünür. Əslində həmin boyalar xaricdən gətirilir, amma onları yerli koloriti hiss edərək tətbiq edirik. Yaxşı da olsa, pis də olsa, Sovet məktəbindən keçmişik və bu bizə texniki baxımdan güc qatıb. Bu texniki baza daxili rəng duyumu və incəsənət sevgisi ilə birləşəndə çox güclü nəticə ortaya çıxır.
- Özünüz üçün ən uğurlu hesab etdiyiniz əsər hansıdır?
- Məncə, bir tablo ilə fikri tam çatdırmaq çətindir. Ona görə də sevdiyim mövzuları daha çox silsilə formasında işləyirəm. Bunlara "Bakı gecələri" və "Qarabağ gözəlləri" silsilələri daxildir. "Qarabağ gözəlləri"ndə Qarabağ atlarını üzərində milli ornamentli xalça ilə təsvir edirəm, atların ayaqlarında isə qanadlar işləyirəm. Çoxları soruşur ki, niyə məhz ayaqlarda? Bu, uşaqlıqdan gələn bir müşahidədir. Atların belində qanad təsəvvürü mənə məntiqsiz gəlirdi. Düşündüm ki, ayaqlarda olsa, həm estetik, həm də ideya baxımından daha məntiqlidir – sürət, azadlıq və güc simvolu kimi. "Bakı gecələri" silsiləsində isə müasir, işıqlı, dəyişən Bakını göstərməyə çalışıram. Bakı və İçərişəhər mövzusu çox işlənib, amma mən yaşamadığım dövrü çəkməyi səmimi hesab etmirəm. Bu gün gördüyüm, sevdiyim Bakını təsvir edirəm. İşıq və kolorit oyunları həm texniki, həm də emosional baxımdan mənə yaxındır. Quba soyqırımı ilə bağlı açıq məzarlara baxmaq imkanımız olmuşdu. Bir qrup rəssamla birlikdə oraya aparıldıq ki, məzarlar bağlanmadan əvvəl bu faciəni görüb təsvir edə bilək. O mənzərəni canlı gördükdən sonra Quba soyqırımına həsr etdiyim bir tablo yaratdım və bu əsər mənim üçün xüsusilə yaxındır.
- Sizin üçün əsərin "bitmiş" olması nə deməkdir?
- Sənətşünas olduğum üçün məsələyə daha çox texniki tərəfdən yanaşıram. Amma bu mövzuda qəti cavab yoxdur. Çox rəssam deyir ki, əslində bitmiş tablo olmur. Renessans dövründə bir əsər üzərində onilliklərlə işləyirdilər. Yağlı boyanın quruma prosesi uzun çəkdiyi üçün mərhələlər arasında illərlə fasilə verirdilər ki, əsərin ömrü uzun olsun. Məncə, əsər rəssamın ürəyincədirsə, o artıq bitmiş sayılır. Tamaşaçı zövqünü həddindən artıq nəzərə almaq düzgün deyil. Çünki incəsənət insanların arxasınca getməməli, onlara yol göstərməlidir. Rəssam ötürmək istədiyi fikri tam ifadə etdiyini düşünürsə, o tablo bitmiş hesab olunur.
- Hazırda üzərində işlədiyiniz əsər varmı?
- Bəli, var. Əslində şərait imkan versəydi, çox məhsuldar rəssam olardım. Çünki ən böyük tablolarımı belə bəzən bir gecəyə bitirirəm. Mən ekspressiyaya inanıram və səbirsiz insanam. Emosiya uzunömürlü olmur deyə, o hiss məndəykən işi bitirməyə çalışıram. Elə olub ki, səhər başladığım işi ertəsi gün səhərə qədər fasiləsiz işləmişəm – nə yemək, nə su… Artıq bir ildən çoxdur ki, vaxt tapdıqca yeni "Bakı gecələri" tablosu üzərində işləyirəm. Emosiya gəldikcə davam edirəm və yaxın zamanda tamamlamaq niyyətindəyəm. Sonda Elçin Hüseyn Crossmedia.az-ın bu təşəbbüsünü müsbət qiymətləndirərək təşəkkürünü bildirib, bu cür layihələrin incəsənətə marağın artmasına, rəssamların yaradıcılığının tanıdılmasına və mövzunun daha geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini qeyd edib.
Nigar Yahyazadə
17:43 25.12.2025
Oxunuş sayı: 1850