Bir klik, bir aldanış: Yeniyetmələr niyə onlayn fırıldaqçıların hədəfinə çevrilir?
Rəqəmsal mühitin həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə yeniyetmələrin internetdə üzləşdiyi təhlükələr də daha mürəkkəb və görünməz hal alıb. Sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif platformalar bir tərəfdən ünsiyyət və əyləncə imkanı yaratsa da, digər tərəfdən psixoloji və sosial baxımdan ciddi risklər formalaşdırır. Mütəxəssislər hesab edirlər ki, bu risklərin artması təkcə texnologiya ilə deyil, yeniyetmələrin inkişaf xüsusiyyətləri, ailə nəzarətinin zəifləməsi və rəqəmsal savadlılığın yetərli olmaması ilə birbaşa bağlıdır.
Crossmedia.az-a danışan deputat Pərvanə Vəliyeva rəqəmsal mühitdə uşaqların nəzarətsizliyi, sosial şəbəkələrin təsir gücü və ailə–cəmiyyət münasibətləri kontekstində təhlükəni, bu problemlərin təhlüksəziliyimizi təhdid etməsi, uşaq və gənclərimizi təhdid etməsi barədə məlumat verib: "Dünyada 6 milyarddan çox internet istifadəçisi var ki, bu da dünya əhalisinin 73%-ni təşkil edir. Belə bir mühitdə gün ərzində milyonlarla dezinformasiya yayılır və bu mühit azyaşlılar üçün potensial təhlükə mənbəyidir. Uşaqlar əvvəlkindən daha çox vaxtı onlayn mühitdə keçirir və bu mühitə daha erkən yaşda daxil olurlar. UNICEF-in məlumatına görə, hər yarım saniyədə bir uşaq ilk dəfə internetə daxil olur. Bu baxımdan internet uşaqlar üçün öyrənmək, oynamaq, yeni insanlarla əlaqə qurmaq və sosial şəbəkələrini inkişaf etdirmək üçün sonsuz imkanlar yaradır. Düzgün istifadə edildikdə və hamı üçün əlçatan olduqda, internet dünyagörüşünü genişləndirmək və yaradıcılığı təşviq etmək potensialına malikdir".

Deputat bu imkanlarla yanaşı ciddi risklərin də mövcud olduğunu qeyd edib: "Kiberzorakılıq, emosional zorakılıq, “grooming” (uşaqların istismar məqsədilə ələ alınması), cinsi zorakılıq və istismar uşaqların bütün dünyada hər gün qarşılaşa biləcəyi əsas təhlükələr sırasındadır. Uşaqlara qarşı zorakılıq iddiası cinayət araşdırmasına səbəbdir.
Onlayn zorakılıq həm yad şəxslər, həm də qurbanın tanıdığı insanlar tərəfindən həyata keçirilə bilər və sosial şəbəkələr, SMS və mesajlaşma tətbiqləri, elektron poçt, onlayn çatlar, onlayn oyunlar və ya canlı yayım platformaları vasitəsilə baş verə bilər.
Bu mövzu ilə bağlı maarifləndirmənin artırılması və zamanla bu risklərin müəyyən edilməsinə imkan verən alətlərin təşviqi uşaqların müdafiə olunmaq hüququnun və məlumat əldə etmək hüququnun təmin edilməsinə doğru atılan ilk mühüm addımdır.
Bu sahədə hökumətlərin qoşulduğu vacib mexanizm olmalıdır. Bu mexanizm uşaqların hüquqlarının qorunması məqsədilə biznes subyektləri və digər üçüncü tərəflərin öz öhdəliklərini həm ölkə daxilində, həm də xaricdə yerinə yetirmələrini dəstəkləyən aydın və proqnozlaşdırıla bilən hüquqi və tənzimləyici mühit yaratmalıdırlar.
Bu baxımdan, Avropa İttifaqının “Uşaqlar üçün Daha Yaxşı İnternet” üzrə Avropa Strategiyası uşaqların rəqəmsal texnologiyalardan istifadə zamanı onlayn təhlükəsizliyini və səlahiyyətləndirilməsini təmin edən əsas və ümumi siyasət çərçivəsini təqdim edir".
Deputatın sözlərinə görə, uşaqlara uyğun olmayan kontentlərin onlar üçün əlçatan olmaması üçün konkret internet tənzimləməsi olmalıdır.
"Son zamanlar bu kimi tendensiyalar artıb və xüsusən də yeniyetmələrin və gənclərin belə mənfi, təhlükəli məsələlərə daxil olması genişlənib".
Bu sözləri isə sosioloq Hüseyn İbrahimov deyib: " Sosial şəbəkələrdən həddən artıq bayağı elementlərə aludə olmaq ehtimalı xüsusi olaraq yayılıb. Təhlükəli məqamlardan biri də ondadır ki, artıq yeniyetmə və gənclər nəinki mənfi psixoloji təhlükə doğuran məşğuliyyətlərə, eyni zamanda sosial təhlükəli və həyati riskli məsələlərə də qoşulmuş olurlar.Təbii ki, rəqəmsal münasibətlərin əsirinə çevrilən yeniyetmə və gənclərdə demək olar ki, bir neçə ildir təhlükəli oyunların içərisində olduğu hiss olunur".

Sosioloq qeyd edib ki, onların bu kimi hallarla, təhlükə ilə üz-üzə qalmasının səbəblərindən biri ondadır ki, rəqəmsal asılılıq yeniyetmə və gənclərdə getdikcə artır, sürətlənir: "Bu kimi müxtəlif sosial şəbəkələrdə dələduzların da sayı, oyunların da sayı getdikcə artır. Təəssüf ki, ailə və məktəb bu istiqamətdə təhlükələrin qarşısının alınmasında birgə fəaliyyət qura bilməyib. Bu istiqamətdə artan ailə və cəmiyyət münasibətləri kontekstində müəyyən dərəcədə təhlükəli məqamlar doğuran vəziyyətlərin müşahidə olunması ilə xarakterizə olunur. Ailə demək olar ki, əvvəllər sosial nəzarətin yerinə yetirildiyi mühüm bir təchizat idi. Sosial asılılığın genişlənməsi, rəqəmsal asılılığın artması sosial nəzarətin ailənin funksiyasından çıxmasına səbəb olur".
H.İbrahimov həmçinin fərdin özünə nəzarəti məsələsinə də toxunub: " Son dövrdə rəqəmsal asılılıq yeniyetmələrin özünə nəzarətinin həddən artıq zəifləməsinə gətirib çıxarır. Özünə nəzarətin azalması mənfi tendensiyaların artmasına səbəb olur. Artıq ailənin sosial nəzarət funksiyası azalır, həmçinin fərdin də. Və bu asılılığın funksiya ötürücüsü onlayn sosial platformalara, təhlükəli qruplara keçir. Bu istiqamətdə müvafiq qarşılıqlı işlərin görülməsinə ehtiyac var. Bu istiqamətdə yeniyetmə və gənclərin məlumatı çox azdır".
Bu halın texniki cəhətdən necə baş verməsi barədə danışan İT mütəxəssisi, Alas Academy-nin direktoru və hazırda aparıcı Data Scientist kimi fəaliyyət göstərən Natiq Məmişovun sözlərinə görə, TikTok və Telegram platformalarında “iCloud-dan çıxıb başqa hesaba daxil ol” kimi yönləndirici təlimatlar mövcuddur.

“Çox vaxt bu hallarda Find My üzərindən Lost Mode (itirilmiş rejim) funksiyasından istifadə olunur. Qarşı tərəf uşağın hesabına daxil olur və cihazı uzaqdan Lost Mode-a salır”, – deyə mütəxəssis bildirib.
Ekspert cihazın təhlükəsizliyinin artırılması yollarına da toxunub: “Mütləq şəkildə iki faktorlu doğrulamadan istifadə olunmalıdır. Find My funksiyası da aktiv edilməlidir. Bu funksiya cihazı sonradan tapmaq, kilidləmək və ya tamamilə silmək üçün lazımdır. Hətta cihaz oğurlandıqda Find My vasitəsilə uzaqdan silinməsi tövsiyə olunur. Bundan əlavə, Screen Time funksiyası ilə müxtəlif limitlər və məhdudiyyətlər tətbiq etmək mümkündür. Uşağın hesab üzərində sərbəst dəyişiklik etməsi də məhdudlaşdırıla bilər. Məsələn, iCloud hesabına daxil olub-çıxmaq və ya hesabı dəyişmək qadağan edilə bilər. Eyni zamanda güclü ekran kodundan istifadə olunmalı, bildiriş mətnləri gizlədilməlidir ki, bu tip mesajlardan sui-istifadə mümkün olmasın”.
Mütəxəssisin sözlərinə görə, hesabın ələ keçirilməsi bir neçə üsulla həyata keçirilir: “Bu zaman müxtəlif təlimatlar verilir. Məsələn, ‘iCloud-dan çıx və başqa hesaba daxil ol’ kimi göstərişlər edilir. Belə hallarda istifadəçi cihaz üzərində nəzarəti itirir. Həmçinin iki faktorlu doğrulama kodunu paylaşmaq üçün zənglər gəlir və ya şübhəli linklər vasitəsilə kilidləmə təklif olunur. İnsanlar buna inanaraq məlumatlarını qarşı tərəfə ötürür”.
Ekspert qeyd edib ki, belə hallar baş verdikdə cihaz dərhal söndürülməli, SIM-kart çıxarılmalıdır. Çünki bu, qarşı tərəfin aktiv addımlarını genişləndirə bilər: "Risk yüksəkdirsə, Find My vasitəsilə cihazı uzaqdan silmək mümkündür. Apple ID parolu dərhal dəyişdirilməlidir. Bank kartları isə xüsusilə diqqət tələb edir".
Ailə və uşaq psixoloqu Aysu Həsənli bildirib ki, son dövrlərdə yeniyetmələrin onlayn fırıldaqçılığın qurbanına çevrilməsi təsadüfi deyil. O qeyd edib ki, bu, sadəcə “ehtiyatsızlıq” və ya “sadəlövhlük” məsələsi yox, birbaşa yeniyetmənin psixoloji və emosional inkişaf mərhələsi ilə bağlıdır: "Yeniyetməlik dövrü beyin inkişafı baxımından kritik mərhələdir. Bu yaşda emosiyaları idarə edən limbik sistem aktiv, amma riskləri ölçən, nəticəni öncədən hesablaya bilən prefrontal korteks hələ tam formalaşmayıb. Bu səbəbdən yeniyetmə “indi və burada” olan qazancı (məsələn, oyunda üstünlük, populyarlıq, diqqət) gələcək risklərdən daha cazibədar görür.Bundan əlavə: yeniyetmələr yaşıd təsdiqinə çox həssasdırlar. Qarşı tərəfin özünü “yaşıd” kimi təqdim etməsi avtomatik güvən yaradır.Sosial mediada gördükləri hər şey onlara “normal” və “hamı edir” kimi görünür. Onlar özlərini yetkin hesab etdikləri üçün “mənə olmaz” düşüncəsi ilə riskləri kiçildirlər. Bu, psixologiyada “invulnerability illusion” – toxunulmazlıq illüziyası kimi tanınır".

A.Həsənli bu cür onlayn manipulyasiyaların yeniyetmədə hansı psixoloji travmalara səbəb ola biləcəyini qeyd edib: "Belə hadisələrdən sonra yeniyetmələrdə bir neçə əsas psixoloji təsir müşahidə olunur:Güvən travması: “Mən yanlış etdim”, “insanlara güvənmək təhlükəlidir” düşüncəsi formalaşır.Utanc və günahkarlıq hissi: Bir çox yeniyetmə başına gələnləri valideyninə deməyə utanır, özünü “ağılsız” hesab edir. Qorxu və təşviş: Xüsusilə hadisədən sonra yetkin bir şəxsin əlaqə saxlaması təhlükə hissini gücləndirir.Texnologiyaya qarşı ya həddindən artıq qorxu, ya da riskli davranışın davamı: Bəziləri sosial mediadan tam çəkilir, bəziləri isə travmanı inkar edib eyni davranışları davam etdirir.Ən təhlükəli məqam isə budur ki, yeniyetmə özünü tək və müdafiəsiz hiss edə bilər. Bu da emosional inkişafda çatlar yarada bilər".
Psixoloqun sözlərinə görə, onlayn fırıldaqçılar çox sistemli və psixoloji cəhətdən planlı hərəkət edirlər.
Fatimə Məmmədova
16:24 16.12.2025
Oxunuş sayı: 1833