WUF13 inklüziv beynəlxalq platformadır - Nigar Məmmədova
Ümumdünya Şəhərsalma Forumu çox vacib Beynəlxalq Platformalardan biridir. Bu platforma 2001-ci ildə təsis edilib. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikasının Höküməti tərəfindən təşkil edilir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, bu il, 2026-cı ildə forum iştirakçı sayına görə rekord göstəriciyə çatıb:
“Bu platformanın əsas üstünlüyü onun inklüziv xarakter daşımasıdır. Burada vətəndaş cəmiyyətinin nümayəndələri, siyasətçilər, memarlar, iqtisadçılar və müxtəlif sahələrin ekspertləri bir araya gəlirlər.
Bu inklüziv yanaşma həm problemlərin geniş şəkildə müzakirəsinə, həm də onların həlli yollarının birgə müəyyənləşdirilməsinə imkan yaradır. Çünki urbanizasiya ilə bağlı problemlər çoxşaxəlidir.
Bu məsələlərə sosial müdafiə, sosial ədalət, iqlim dəyişiklikləri və ətraf mühitin qorunması prizmasından yanaşılır. Müxtəlif baxışların mövcudluğu isə daha effektiv həll yollarının formalaşmasına şərait yaradır.
Azərbaycan bu tədbirə ev sahibliyi etməklə beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiq edir və mövqelərini daha da gücləndirir. Eyni zamanda, Azərbaycan həm regional diplomatiyada, həm də qlobal proseslərdə oynadığı mühüm rolu nümayiş etdirir.
WUF13 çərçivəsində Azərbaycan bir neçə istiqamətdə öz təcrübəsini və əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətlə bölüşür. Aparılan siyasət nəticəsində ölkəmiz şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə edib. Azərbaycan yalnız yeni şəhərlərin salınması ilə kifayətlənməyib, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrlə post-münaqişə dövrü üçün yeni şəhərsalma modeli formalaşdırıb.
Bu modelin əsas xüsusiyyətlərindən biri mədəni və tarixi irsin qorunması ilə müasir şəhərsalma yanaşmasının paralel şəkildə həyata keçirilməsidir. Azərbaycan dağıdılmış əraziləri yenidən qurarkən sadəcə binalar inşa etmir, eyni zamanda həmin şəhərlərin tarixi simasını, milli-mədəni kimliyini və ənənələrini qorumağa çalışır. Bununla yanaşı, vətəndaşların öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışı təmin olunur”.
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, urbanizasiya yalnız hündür binaların tikilməsi demək deyil:
“Əsas məqsəd həm mədəni irsi qorumaq, həm də müasir standartlara cavab verən yaşayış məkanları yaratmaqdır. Bu yanaşma gələcək nəsillərin sağlam milli-mədəni mühitdə formalaşmasına xidmət edir.
Sonda qeyd etmək istərdim ki, Azərbaycanın həyata keçirdiyi layihələr dövlətin uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Bu strategiyanın əsas istiqamətləri yaşıl enerji, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin istifadəsi, sosial ədalət və ətraf mühitin qorunmasıdır.
Məhz buna görə də Azərbaycanın bu sahədəki təcrübəsi beynəlxalq səviyyədə böyük maraq doğurur və ölkəmiz forum çərçivəsində bu təcrübəni dünya ilə bölüşür”.
Ayhan
15:15 20.05.2026
Oxunuş sayı: 121