Azərbaycanın siyasi iradəsi – Bakı-Tbilisi qatarı geri qayıdır
Bakı ilə Tbilisi arasında dəmiryolu xəttinin yenidən açılması regionun nəqliyyat və iqtisadi xəritəsində mühüm strateji hadisə kimi qiymətləndirilir.
Bu layihə təkcə iki ölkə arasında fiziki bağlantını gücləndirmir, həm də daha geniş regional əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Bir sıra tərəflər bu prosesə müxtəlif interpretasiyalar versə də, reallıq ondan ibarətdir ki, bu cür iri miqyaslı layihələr ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsində mümkün olur.
Azərbaycan tərəfindən həyata keçirilən diplomatik və iqtisadi yanaşmalar bu layihənin əsas təkanverici qüvvələrindən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin məhz bu strateji yanaşması və qətiyyətli iradəsi nəticəsində Azərbaycanla Gürcüstan arasında nəqliyyat layihələri inkişaf edir. Bunun nəticəsi olaraq da, Bakı-Tbilisi dəmiryolu xətti yenidən sərnişinlərin istiafədisinə verilir.
Məhz bu strateji baxış sayəsində nəqliyyat layihələri siyasi rəqabət müstəvisindən çıxaraq, əməkdaşlıq platformasına çevrilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Dəmiryolu xəttinin açılması çox müsbət hadisədir. Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və kommunikasiya xətlərinin inkişafının tərəfdarı olub. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürüdərək, regional əməkdaşlığın genişlənməsinə töhfə verir. Məhz Azərbaycan rəhbərinin iradəsi nəticəsində Bakı-Tiflis dəmiryolu yenidən istifadəyə verilir.
Bu baxımdan, Azərbaycan-Gürcüstan arasında dəmiryolu əlaqələrinin inkişafı mühüm addım kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq nəqliyyat və logistika imkanlarını genişləndirməklə yanaşı, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, bu layihə gələcəkdə regionda turizm imkanlarının genişlənməsinə də şərait yaradacaq. Nəticə etibarilə, açılan yeni kommunikasiya xətləri Cənubi Qafqazda inteqrasiya proseslərini gücləndirən mühüm amil kimi çıxış edir".
Elmir Heydərli
14:12 20.05.2026
Oxunuş sayı: 65