Trampın Çinə səfəri Rusiya - Ukrayna savaşını bitirəcək? - MÜSAHİBƏ
ABŞ Prezidenti Donald Trampın ötən gün Çin lideri Si Cinpinlə Pekində keçirdiyi iki günlük zirvə görüşü beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Görüşdən sonra tərəflər arasında ticarət münasibətləri və Hörmüz boğazının yenidən açılması ilə bağlı konkret razılaşmanın açıqlanmaması diqqət çəkib. Buna baxmayaraq, həm Vaşinqtonun, həm də Pekinin danışıqları davam etdirməkdə maraqlı olduğu mesajı verilib.
Qeyd etmək lazimdır ki, son illərdə tarif müharibələri, texnologiya məhdudiyyətləri və qarşılıqlı iqtisadi təzyiqlərlə müşayiət olunan münasibətlərdə tərəflər müəyyən yumşalma imkanlarını yoxlayır. Eyni zamanda İranın nüvə proqramı, Yaxın Şərqdəki gərginlik və Ukrayna-Rusiya müharibəsi də görüşlərin əsas müzakirə mövzularından olub. Xüsusilə Çin və ABŞ arasında mümkün əməkdaşlığın qlobal siyasi balanslara necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı politoloq Natiq Miri mövcud proseslərin arxa planını və mümkün nəticələrini şərh edib.
-Sizcə, Trampın “İranın nüvə silahına sahib olmasını istəmirik” mesajı daha çox İranı, yoxsa regiondakı digər gücləri, xüsusilə də İsrail və Körfəz ölkələrini hədəfləyir?
- İranın nüvə məsələsinin önə çəkilməsi və bu qarşıdurmanın başlanmasının səbəbi kimi göstərilməsi bir növ Trampın başlatdığı hərbi əməliyyata ən azından mənəvi legitimlik qazandırmaq üçündür. Çünki nüvə silahı bütün dünya dövlətləri, hər bir insan üçün həssas məsələdir. Çünki nüvə silahının partlaması kütləvi qırğın deməkdir. Bunu, əlbəttə ki, regionda yaşayan kimsə istəməz. O baxımdan bu məsələni əsas səbəb kimi irəli çəkməklə kimi digərlərini bunun arxasında gizlətməyə çalışırlar. Venesuelaya müdaxilə olunmazdan öncə keçmiş prezident Nikolas Maduronu narkokartellərə dəstək vermək ittihamı ilə beynəlxalq ictimai rəydə bir cinayətkar kimi göstərdilər. Bu, xeyli müddət davam etdi, müəyyən sanksiyalarla bərabər iqtisadi boğma siyasətinə üstünlük verildi. Nəticə etibarilə qanunsuz da olsa müdaxilə ilə Maduro iqamətgahından götürüldü və ABŞ-yə aparıldı. Söhbət narkokartellərdən və bütövlükdə bu kartellərin ləğvindən getmir. Yəni bu gün həmin kartellər fəaliyyətini dayandırmaytıb, narkotrafik yenə davam edir. Ancaq Venesuelanın nefti artıq ABŞ-nin əlindədir. Venesuelanın neftinin kimə satılması məsələsinə qərar verən tərəf özü deyil, ABŞ-dir. Ancaq hər bir halda nüvə məsələsinin önə çəkilməsinin bu yöndə faydası var ki, bəzi rejimlərə həqiqətən də nüvə silahına malik olmasına imkan vermək olmaz. Çünki ABŞ-İsrail-İran qarşıdurmasında birbaşa müharibədə iştirak etməyən Körfəz dövlətləri zərər çəkdi. ABŞ və İsraillə müharibə aparan İran Ərəb ölkələrini vurmağa başladı. Digər tərəfdən, Hörmüz boğazını bağladı ki, bu da bütün region ölkələrinə, qlobal səviyyədə olan ticarətə ciddi zərbələr vurdu. İqtisadi böhranı tətiklədi, neftin qiyməti kosmik həddə qədər qalxdı. Buna görə də nüvə silahının hər rejimə icazə verilməsi doğru bir addım deyil. Çünki bu müharibə onu göstərdi ki, həqiqətən, İrandakı rejim çox ciddi potensial təhlükə vəd edir. Yəni sadəcə özünə və onunla müharibə aparan dövlətlərə deyil, bütün insanlığa təhlükə verir.
-ABŞ–Çin münasibətlərində son illərdə artan texnologiya və ticarət müharibəsi fonunda bu səfər iqtisadi qarşıdurmanın yumşalması üçün başlanğıc ola bilərmi?
-Trampın Çinə səfərində Çin rəhbəri Si Cinpin açıq şəkildə mesaj verdi ki, dünya səviyyəsində iqtisadiyyatın, ticarətin stabil olması və bir çox münaqişələrin tənzimlənməsi üçün ABŞ-lə Çinin anlaşmasına, yola getməsinə, əməkdaşlıq etməsinə ehtiyac var. Bu, dolayısı ilə qlobal səviyyədə iki güc mərkəzinin etirafı idi. Ancaq bir səfərlə ticari-iqtisadi anlaşmaların hər şeyin yoluna girdiyini və rəqabətin bitdiyini iddia etmək çətindir. Ancaq bu, bir başlanğıcdır, bu bir cəhddir. Çünki Si Cinpin bu fikri müəyyən mənada Tramp tərəfindən anlayışla qarşılandı. Doğrudur, bu, o demək deyil ki, tam razıdır. Çünki Donald Tramp məhz ABŞ-nin hegemoniyasını istəyərdi və bu səlahiyyəti, bu hegemonluğu kimsə ilə bölüşmək istəməzdi. Ancaq reallıqlar tamamilə fərqli bir vəziyyəti ortaya qoyur. Ona görə bu səfəri bir başlanğıc kimi dəyərləndirmək lazımdır. Çünki ticarətdə və iqtisadi əməkdaşlıqda hər hansı bir sıçrayışı görmədik. Məsələn, Trampın dönənə kimi Çinlə tələb etdiyi böyük təyyarələrin satışının rəqəmi 500 idi. Ancaq gördüyümüz kimi simvolik bir rəqəm ortaya çıxdı. Yəni Si Cinpin ABŞ-dən 200 ədəd böyük təyyarə alacağını bildirdi. Bu xüsusda, Boeing şirkətinin aksiyaları ucuzlaşmağa davam etdi. Çünki gözlənti daha böyük idi, ortaya çıxan rəqəm daha aşağı oldu. Ancaq hər bir halda bu bir başlanğıcdır və düşünürəm ki, bu əməkdaşlıq davam edəcək. Çünki bu əməkdaşlığın verəcəyi töhfə əgər perspektivdə İran və Ukrayna-Rusiya münaqişəsini bitirməyə yardım edəcəksə, daha da güclənə bilər. Məhz bu baxımdan Donald Tramp Tayvanla bağlı yaxın zamanda qərar verəcəyini dedi. Söhbət Çinin Tayvana hərbi müdaxilə etməsinə razılıq verilməsindən getmir. ABŞ bunu qəti qəbul etmir. Ancaq ABŞ-nin Tayvana silah satması məsələsinə baxışından və verəcəyi razılıqdan söhbət gedir. Əgər Tramp Tayvana silah satışını qadağan edərsə, əlbəttə Çin tərəfindən qarşılıq görəcək. Çünki bu gün İrana və Rusiyaya ballistik raketlərin, o cümlədən dronların istehsalı üçün ən vacib elementləri, detalları satan Çin dövlətidir. Bu da ABŞ-nin maraqları kontekstində İrana və Rusiyaya müəyyən embarqolarla müşayiət oluna bilər. Perspektiv bunu göstərəcək ki, səfər gələcək əməkdaşlığa nə səviyyədə yol aça bildi.
-İranın nüvə proqramı məsələsinin bu görüşlərin mərkəzinə çıxması təsadüfdür, yoxsa Vaşinqton və Pekin arasında gizli razılaşma formatı formalaşır?
-Nüvə məsələsi hazırkı vəziyyətdə ABŞ üçün prioritet məsələdir. Çünki ABŞ-nin İsraillə birgə İrana hərbi müdaxiləsinin əsas səbəbi kimi İranın nüvə silahına malik olmaması göstərilir. Yəni bir növ özünü beynəlxalq birliyin, insanlığın müdafiəçisi kimi etmək istəyir ki, ən azından bu səviyyədə bu əməliyyata legitimlik qazandıra bilsin. Beynəlxalq hüquqa görə bu hərbi müdaxilə qanunsuzdur. Bundan başqa, bu məsələnin Çində qaldırılması həm də qlobal bir gücün ABŞ-nin dediklərini müəyyən mənada təsdiqidir. Çünki Çin də təsdiq etdi ki, İran nüvə silahına malik olmamalıdır. Bunu sadəcə Tramp üçün demir. Çin də anlayır ki, İranın nüvə silahı əldə etməsi digər region dövlətlərini də nüvə silahı əldə etməyə sövq edə bilər. Çünki əgər nüvə silahı çəkindirici məqamdırsa, digər dövlətlər də bu yöndə konkret hərəkətə keçə bilər ki, bu da bütün dünya üçün çox ciddi potensial təhlükələr vəd edir.
-Bu görüşlərin fonunda Rusiya faktorunu necə qiymətləndirirsiniz? Yəni Moskva bu yaxınlaşmadan qalib çıxır, yoxsa itirir?
-Burada Rusiyanın hər hansı bir qazancından söhbət gedə bilməz. Çünki hələlik ortada böyük bir qeyri-müəyyənlik var. Tramp- Si- Cinpin görüşündən və onun nəticələrindən Rusiya ciddi narahatdır. Əks təqdirdə Rusiya prezidentinin təcili qaydada Çin səfəri ortaya çıxmazdı. Ən azından Çində nə baş verib, hansı anlaşmalar əldə edilib və bu anlaşmaların nəticələri Rusiya-Çin münasibətlərinə hansı səviyyədə təsir edəcək məsələlərini aydınlaşdırmaq üçün Rusiya rəhbəri Çinə gedir. Ona görə də hansısa qazancdan söhbət gedə bilməz. Çünki Çin dövləti indiki vəziyyətdə Rusiyadan asılı olan bir dövlət deyil, əksinə Rusiya ciddi şəkildə Çindən asılı bir dövlətdir. Çünki enerji daşıyıcılarının böyük əksəriyyətini, istər neft, istər qazı Çinə satır. Eyni zamanda indiki embarqolar, sanksiyalar fonunda strateji silahları istehsal etmək üçün bütün detalları məhz Çin dövlətindən alır. Ona görə də Çin bu gün Rusiya üçün əvəzolunmaz bir ölkədir. Yəni burada mövqeyi güclü olan tərəf Rusiya deyil, Çindir. Bu məsələlər əlbəttə ki, Putinin səfəri kontekstində ciddi müzakirə olunacaq. Və Ukrayna-Rusiya müharibəsi də ciddi müzakirə predmeti olacaq. Çünki Trampla Si Cinpin arasında Ukrayna müharibəsinin bitirilməsi məsələsi də danışılıb. Və bu yöndə ortaq bir fikir var ki, İran müharibəsi kimi Rusiya-Ukrayna müharibəsi də tezliklə bitməlidir.
Fatimə Məmmədova
18:35 16.05.2026
Oxunuş sayı: 37