Zəngəzur dəhlizi Türk dünyasının inteqrasiyasını sürətləndirəcək - Vüqar Bayramov
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək” fikri regionda formalaşan yeni geoiqtisadi reallıqların göstəricisi kimi qiymətləndirilir.
Son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, Orta Dəhlizə marağın artması və Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutlara tələbatın yüksəlməsi Zəngəzur dəhlizinin strateji əhəmiyyətini daha da artırıb.
Hazırda həm region ölkələri arasında nəqliyyat infrastrukturunun genişləndirilməsi, həm də dəmir yolu və avtomobil magistrallarının inteqrasiyası istiqamətində mühüm proseslər gedir.
Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirməklə yanaşı, Azərbaycanın tranzit və logistika mərkəzi kimi mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crosssmedia.az-a açıqlama verib:

“Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlığın getdikcə gücləndiyini müşahidə edirik. Azərbaycan bu istiqamətdə Türk dünyasının nəqliyyat və logistika baxımından birləşməsini dəstəkləyən və bu prosesə ciddi töhfə verən əsas ölkələrdən biridir.
Xüsusilə, Zəngəzur dəhlizi bir tərəfdən Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək, digər tərəfdən isə Türk dünyasını quru nəqliyyat yolu ilə birləşdirən strateji xətt rolunu oynayacaq. Bu isə Türk dövlətləri arasında yükdaşımaların həcminin kəskin artmasına səbəb olacaq”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin ilkin mərhələdə ötürmə qabiliyyətinin 15 milyon ton, sonrakı mərhələdə isə 25 milyon tona qədər artırılması planlaşdırılır:
“Bu da həm Türk dünyası, həm də Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin əhəmiyyətli dərəcədə artması deməkdir.
Bu baxımdan, layihə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirəcək, Türk dövlətlərinin inteqrasiya prosesini sürətləndirəcək. Nəticə etibarilə, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutlarından birinə çevriləcək”.
Ayhan
16:15 16.05.2026
Oxunuş sayı: 43