İsrail boykot olunur: Təcrid siyasəti Netanyahu hakimiyyətini hara aparır?
2026-cı il Avroviziya Mahnı Müsabiqəsi bu il ciddi siyasi müzakirələr və boykotlarla yadda qalır. Bir sıra Avropa ölkələri İsrailin müsabiqədə iştirakına etiraz olaraq yarışdan çəkilib. Bu qərarların əsas səbəbi kimi Qəzza zolağında davam edən müharibə və humanitar vəziyyət göstərilir.
Qeyd edək ki, iştirakdan imtina edən ölkələr arasında İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya yer alır. Belə ki, bu ölkələrin bir çoxunun ictimai yayımçıları İsrailin iştirakı ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edib və müsabiqəyə qatılmamağı qərara alıblar.
İrlandiya və İspaniya kimi ölkələr öz açıqlamalarında Qəzzada mülki itkilərin çoxluğunu və humanitar böhranı əsas gətirərək iştirakın onlar üçün “qəbuledilməz” olduğunu bildiriblər. Niderland və Sloveniya isə həm humanitar səbəbləri, həm də müsabiqənin siyasi neytrallığı ilə bağlı narahatlıqları ön plana çıxarıb. Nəticədə Avroviziya- 2026 tarixində iştirakçı ölkələrin sayı azalıb və müsabiqə son illərin ən çox mübahisə doğuran buraxılışlarından birinə çevrilib. Bir tərəfdə təşkilatçılar yarışın mədəni və musiqi birliyi platforması olduğunu vurğulasa da, digər tərəfdə siyasi gərginliklər və boykot çağırışları müsabiqənin mahiyyətinə dair ciddi suallar yaradıb.

Avroviziya müsabiqəsi və bəzi Avropa ölkələrinin bu yarışa münasibəti barədə Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov vurğulayıb ki, Avroviziyaya qatılmayan Avropa ölkələri əsasən İsrailin soyqırım siyasətini bir mənada pisləyir və göstərirlər ki, Avropa məkanında və ya dünyada belə davranışlar üçün vaxt yetişməyib: "Digər tərəfdən, əgər yəhudi birliyində olan qüvvələr soyqırım siyasətinə nifrət edirlərsə və prosesdə özlərinin rolunu görürlərsə, onlar heç vaxt başqa xalqlara və digər toplumlara qarşı soyqırım siyasətini yedirtməməlidirlər. Avroviziya mahnı müsabiqəsi ilk növbədə yumşaq gücün, eləcə də dözümlü yanaşmanın məkanıdır. O cümlədən orada iştirak edən hər bir kəs bilməlidir ki, bu yarışlar nəyə xidmət edir. İlk növbədə onların əsas məqsədi keçmişdə baş vermiş dəhşətli hadisələrin, o cümlədən soyqırımların təkrarlanmamasıdır. Amma İsrail dövlətinin Qəzza bölgəsində həyata keçirdiyi siyasət, eləcə də qonşu dövlətlərə qarşı sərt və aqressiv addımları təkcə İsrail cəmiyyətində deyil, bütün dünyada pislənilir".
Politoloq bildirib ki, İsrail dövlətində ilk növbədə əsas səylər ondan ibarət olmalıdır ki, elə qruplara imkan verilməsin onlar Fələstin xalqının hüquqlarını tapdalasınlar, Livan xalqına hücum etsinlər və digər oxşar hallara yol versinlər: " Yəni radikallığı təmsil edən bu zəhərli və qaranlıq qruplar öz siyasi maraqları naminə hərəkət edirlər. Bu qruplar İsrail cəmiyyətində elə bir vəziyyət yaradır ki, təkcə müəyyən toplumlar deyil, həm də ətraf bölgələrdə yaşayan insanlar sülhün bərqərar olmasında maraqlı olsunlar və İsrail cəmiyyətindən qaynaqlanan meyillər dağıdıcı olmasın. Amma görünən odur ki, İsrail dövlətində siyasi prosesləri həyata keçirən bəzi qruplar əsasən məsuliyyətsiz davranırlar. Onların bu davranışı ətraf Ərəb və müsəlman ölkələrinə də təsir göstərir. Nəticədə, onların barışmaz mövqeyi və sərt cavabları Ərəb dünyasında ciddi sarsıntı yaradır və göstərir ki, insanlar artıq belə vəhşiliyə dözmək niyyətində deyillər. Burada əlbəttə ki, sərt reaksiya ondan ibarətdir ki, Avropa ölkələri - Norveç, İrlandiya, İspaniya və digərləri İsrailin idman və digər beynəlxalq tədbirlərdə iştirakına qarşı mövqe sərgiləyir və bildirirlər ki, İsrail dövləti Avropa məkanında yer alırsa, ictimai-siyasi və humanitar-mədəni müstəvidə yalnız sağlam, sakit və düşünülmüş yanaşmalara üstünlük verməlidir ki, yeni münaqişələr yaranmasın. Mübahisəli məsələlər olduqda isə yalnız dinc yollar seçilməli, və bütün tərəflər sülhə xidmət etməlidir".
T. Abbasov hesab edir ki, ortaya çıxan bu yanlış yanaşma İsrail tərəfindən məhkum olunacaq.
O, həmçinin qeyd edib ki, Emil Şumeyloviç Azərbaycana səfəri zamanı görəcək ki, burada insanlar sülh və dinclik prinsipləri ilə yaşayır və bu dəyərlərin başqa ölkələrə də yayılmasını vacib hesab edirlər.
Fatimə Məmmədova
18:13 16.05.2026
Oxunuş sayı: 38