Müharibə bitir?- Rusiyanın itkiləri artacaq...
Rusiya-Ukrayna müharibəsinin beşinci ilində tərəflərinresursları və müharibənin nə qədər davam edəcəyi yenidən gündəmə gəlib. Belə bir vaxtda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov diqqətçəkən açıqlama verib. Yerli media agentliyinə danışan Qnatov bildirib ki, Ukrayna müharibənin başa çatdırılmasına hazırdır və Kiyev məsələnin hərbi deyil, siyasi yollarla həllini istəyir. O qeyd edib ki, müharibənin əvvəlində Ukraynanın qısa müddətdə məğlub olacağını deyən proqnozlar özünü doğrultmayıb. Generalın sözlərinə görə, Rusiya uzunmüddətli müharibədə ciddi çətinliklərlə üzləşir və Moskvanın mövcud intensivlikdə illərlə savaş aparması real görünmür: “Düşünmürəm ki, onlar resurs baxımından daha bir neçə il bu şəkildə müharibə apara bilsinlər”.

Rusiya-Ukrayna müharibəsinin bitmə ehtimalını Crossmedia.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, tərəflər arasında müharibə artıq beşinci ildir davam edir və hər iki tərəf ciddi resurs itkiləri ilə üz-üzədir. Onun sözlərinə görə, Rusiyanın uzun illər eyni intensivlikdə müharibə aparmaq imkanlarının məhdudlaşdığı ilə bağlı fikirlər tamamilə əsassız deyil “Rusiyanın imkanları nə qədər geniş olsa da, müharibəni daha bir neçə il eyni səviyyədə davam etdirmək üçün resurslarının yetərli olmaması ehtimalı var. Xüsusilə nəzərə alsaq ki, hazırda Avropa İttifaqı Ukraynaya yardımla bağlı daha konkret və yekun qərarlar qəbul edə bilir. Digər tərəfdən isə Ukrayna müdafiə sənayesinin inkişafı Kiyevə əlavə üstünlüklər qazandırıb. Bu baxımdan yaxın perspektivdə Rusiyanın itkilərinin daha da artacağı ilə bağlı ehtimallar irəli sürmək mümkündür”.
Ekspert qeyd edib ki, tərəflər arasında birbaşa danışıqlar müşahidə olunmasa da, üçüncü ölkələr vasitəsilə müəyyən müzakirələrin aparılması istisna edilmir: “Kreml rəhbəri Vladimir Putinin işğal etdiyi ərazilərdən geri çəkilməsini yaxın perspektivdə real hesab etmirəm. Eyni zamanda Ukraynanın da Rusiya tərəfindən işğal olunmayan ərazilərlə bağlı hər hansı güzəştə gedəcəyi gözlənilən deyil. Bu ilin payız aylarınadək, xüsusilə yağışlı mövsüm başlayana qədər müharibə mövcud intensivlikdə davam edəcək. Poseslərdə müəyyən qədər üstünlük Ukrayna tərəfində müşahidə oluna bilər.
Fatimə Məmmədova
18:01 16.05.2026
Oxunuş sayı: 39