Yermakın həbsi Ukraynada nələri dəyişəcək?
Rusiya ilə müharibənin davam etdiyi bir şəraitdə Ukrayna ölkənin daxili siyasi prosesləri və idarəetmə sistemində baş verən hadisələr beynəlxalq diqqətin mərkəzində qalmaqdadır. Müharibə fonunda dövlətin siyasi sabitliyi, idarəçilik mexanizmləri və ictimai etimad məsələləri daha da həssas xarakter alır. Bu dövrdə xüsusilə yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya iddiaları və hüquqi proseslər həm ölkə daxilində, həm də xarici tərəfdaşlar tərəfindən yaxından izlənilir.
Belə hadisələr təkcə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi və ictimai müstəvidə də geniş rezonans doğurur. Cəmiyyətin müxtəlif təbəqələrində bu proseslərə münasibət birmənalı olmur və fərqli interpretasiyalar ortaya çıxır. Digər tərəfdən, Ukraynanın Qərb ölkələri ilə əməkdaşlığı və aldığı siyasi-iqtisadi dəstək fonunda korrupsiya ilə bağlı ittihamlar ölkənin beynəlxalq imicinə də təsirsiz ötüşmür.
Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak ətrafında davam edən korrupsiya qalmaqalı son günlərin əsas müzakirə predmetidir.
Politoloq Aytən Qurbanova Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Yermakın həbsi daha çox Ukrayna daxilində baş verən siyasi proseslərin nəticəsidir. Onun sözlərinə görə, uzun müddətdir ki, Zelenski hökuməti üzərində korrupsiya ittihamları təzyiq vasitəsi olaraq istifadə olunur: "Avropa İttifaqı və Qərb tərəfdaşlarının Zelenskiyə maksimum dəstəyi fonunda korrupsiya ilə bağlı ittihamların aradan qaldırılması istiqamətində real addımların atılması tələb oluna bilər ki, Yermakın həbsi də bunun ən təbii nəticələrindən biri kimi qiymətləndirilir. Hadisələrin inkişaf dinamikası bizə daha aydın fikir bildirməyə imkan verəcək. Amma indiki məqamda, müharibənin davam etdiyi bir dövrdə Ukrayna prezidentinin baş ofisinin keçmiş rəhbərinin həbs olunmas cəmiyyətdə kifayət qədər fikir ayrılıqlarına və müəyyən psixoloji təsirlərə səbəb olacaq. Bu, ən azından korrupsiya ilə bağlı məsələlərin genişlənməsi ehtimalını minimallaşdırmaq üçün atılmış addım kimi qiymətləndirilə bilər".

A. Qurbanovanın fikrincə, müharibənin davam etdiyi bir mərhələdə belə bir həbsin həyata keçirilməsi və korrupsiya ilə bağlı ittihamların müəyyən mənada təsdiqini tapması Ukrayna üçün və Ukrayna ətrafında formalaşdırılmış həmrəylik baxımından ciddi mənfi nəticələrə səbəb ola bilər: "Yəni belə bir mümkün həbs Zelenski üzərində olan ittihamları tamamilə aradan qaldırmasa da, ümumilikdə bu ittihamların Zelenski hökuməti daxilində müəyyən fikir ayrılıqlarından qaynaqlanan yanaşmalarla bağlı olduğu ehtimalını gündəmə gətirir. Bu da Qərb tərəfdaşları tərəfindən Zelenskiyə olan təzyiqin nəticəsi kimi qiymətləndirilə bilər. Yermakın həbs olunması ilə paralel olaraq onun azadlığa buraxılması ehtimalı da var. Çünki müəyyən məbləğ qarşılığında onun azadlığa çıxarılması ilə bağlı məhkəmə hökmündə müvafiq qeyd yer alır. Bu isə onu deməyə əsas verir ki, ümumilikdə korrupsiya ilə bağlı bütün bu proseslər müəyyən mənada durğunluq yaratmaq, Ukraynaya olan dəstəyin həmrəylik fonunda qorunmasını təmin etmək və Ukrayna daxilində yardımların mənimsənilməsi və ya korrupsiya ehtimalları ilə bağlı şübhələri aradan qaldırmaq məqsədi daşıya bilər".
Nigar Xəlilli
19:43 15.05.2026
Oxunuş sayı: 53