Robotların fəaliyyəti dinə də sirayət edir: Bu, nə qədər yaxşıdır?
Texnologiya ilə dinin yolları kəsişəndə ortaya bəzən futuristik film səhnəsini xatırladan mənzərələr çıxır. Bu dəfə belə bir hadisə Cənubi Koreyada baş verib. Jogyesa Temple məbədində “Gabi” adlı humanoid robotun Buddist rahib kimi təqdim olunması həm dini dairələrdə, həm də texnologiya dünyasında geniş müzakirələr yaradıb. Ənənəvi rahib geyimində ictimaiyyət qarşısına çıxarılan robotun boynuna 108 muncuqdan ibarət dua boyunbağı taxılıb, bəzi dini ritual elementləri isə simvolik şəkildə ona uyğunlaşdırılıb.
Məsələ təkcə texnoloji nümayiş kimi qiymətləndirilmir. Buddist icmalar bu addımı dinin müasir dövrdə necə dəyişdiyini və yeni nəslə hansı yollarla çatdırılmağa çalışıldığını göstərən bir eksperiment hesab edir. Son illərdə Cənubi Koreyada gənclərin məbədlərdən uzaqlaşması, dini fəaliyyətlərə marağın azalması Buddist təşkilatları yeni üsullar axtarmağa məcbur edib. Meditasiya tətbiqləri, sosial media layihələri və süni intellekt əsaslı həllər artıq dini institutların da gündəminə daxil olub.
“Gabi” üçün müəyyən edilən qaydalar da diqqət çəkir. Robot insanlara zərər verməməli, etik davranmalı və “özünü həddən artıq yükləməməlidir” prinsipi ilə fəaliyyət göstərməlidir. Bu yanaşma bir tərəfdən texnologiyaya etik çərçivə verməyə çalışır, digər tərəfdən isə Buddist fəlsəfəsinin əsas prinsiplərini rəqəmsal varlığa uyğunlaşdırmağa cəhd edir.
Layihə üzərində çalışan mütəxəssislərin sözlərinə görə, robot üçün ən mürəkkəb mərhələlərdən biri dua və ibadət hərəkətlərinin təbii şəkildə təqlid olunması olub. Texniki baxımdan hərəkətlərin proqramlaşdırılması mümkün sayılsa da, insanın illərlə formalaşan jestlərini və ritmini eyni axıcılıqla təkrarlamaq çətinlik yaradıb. Bu isə süni intellektin insan davranışını tam şəkildə əvəz edib-etməyəcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
“Gabi”nin yaxın günlərdə Lotus Lantern Festival çərçivəsində keçiriləcək paradlarda iştirak edəcəyi də bildirilir. Buddanın doğum gününə həsr olunan bu tədbir hər il minlərlə insanı bir araya gətirir və dini ənənələrlə müasir texnologiyanın eyni səhnədə görünməsi artıq yeni dövrün simvollarından biri kimi təqdim olunur.
Crossmedia.az olaraq mövzu ile bağlı ekspertlərin rəyini öyrəndik.
Psixoloq Vüsalə Əmiraslanova hesab edir ki, dini sahədə robotların istifadəsi cəmiyyətdə birmənalı qarşılanmır və bu məsələ psixoloji baxımdan da müxtəlif təsirlər yaradır.
Onun sözlərinə görə, texnologiyanın gündəlik həyatda rolu artdıqca insanlar robotların müəyyən sahələrdə faydalı olduğunu qəbul etsələr də, dini və mənəvi məsələlərdə eyni münasibət müşahidə olunmur: "Robotlar əsasən ev işləri, təmizlik və müxtəlif texniki fəaliyyətlərdə insanlara yardımçı vasitə kimi qəbul edilir. Lakin dini sahədə onların ortaya çıxması insanlarda narahatlıq yarada bilər. Din və mənəviyyat insan hissləri, emosiyalar və daxili bağlılıq üzərində qurulduğu üçün robotların bu sahəyə daxil olması xüsusilə gənclər arasında ciddi müzakirələrə səbəb ola bilər. Gənclər arasında artıq “hər şeyin robotlaşması” ilə bağlı düşüncələr geniş yayılıb və dini sahənin də bu prosesə qoşulması inamsızlığı daha da artıra bilər. Robotların dini simvol və ya rahib obrazında təqdim olunması bəzi insanlar tərəfindən zarafat mövzusu kimi qəbul edilə, bu isə dinə münasibətdə ciddiyyət hissini zəiflədə bilər".
V. Əmiraslanova vurğulayıb ki, dinə inanan insanlar üçün əsas məsələlərdən biri insani keyfiyyətlər və mənəvi dəyərlərdir: "Robotların isə həmin dəyərləri yaşayıb hiss etməsi mümkün görünmədiyi üçün onların dini sahədə tam qəbul olunacağı sual altındadır. Bununla belə, bəzi insanların rahib-robotların insan əməyini azalda biləcəyini düşünərək bu yanaşmanı dəstəkləyə biləcəyini də istisna etmir. Buna baxmayaraq, psixoloq ümumi mənzərəyə daha tənqidi yanaşıb. Onun sözlərinə görə, son illərdə gənclər arasında dinə marağın və inamın azalması artıq müşahidə olunur. Robot rahiblərin meydana çıxması isə bu tendensiyanı daha da gücləndirə bilər. “Əgər robot rahiblər ortaya çıxsa, bu inam daha da azalacaq”, - deyə Vüsalə Əmiraslanova əlavə edib".
Araşdırma çərçivəsində mövzu ilə bağlı fikirlərini bölüşən ilahiyyatçı Ağa Hacıbəyli isə süni intellekt və texnologiyanın dinə zidd olmadığını bildirib.
Onun sözlərinə görə, tarix boyu elm və texnologiyanın inkişafı ilə bağlı dinə qarşı olduğu iddia edilən fikirlər ortaya çıxsa da, əslində texnologiya insanın həm elmi, həm də mənəvi baxımdan həqiqətləri daha dərindən dərk etməsinə kömək edir: "Bu gün süni intellekt artıq həyatın bütün sahələrinə nüfuz edir və dini həyat da bundan kənarda qalmır. İnsanlar qiblənin müəyyən edilməsindən namaz vaxtlarının hesablanmasına qədər bir çox məsələdə texnologiyanın imkanlarından istifadə edir və bu, ibadətə maneə yaratmır. Əksinə, texniki vasitələr dini praktikaların daha rahat yerinə yetirilməsinə şərait yaradır. İslamda ibadətin yalnız fiziki hərəkətlərdən ibarət deyil. İbadətin əsasında niyyət, ixlas və mənəvi bağlılıq dayanır və bu xüsusiyyətlər heç bir robot tərəfindən tam şəkildə əvəz edilə bilməz. Dünyanın ən müasir robotu belə insan deyil. O, insanın yerinə ibadət edə, həccə gedə və ya ziyarət həyata keçirə bilməz. Texnologiya yalnız insana yardımçı vasitə rolunda çıxış edə bilər”.
İlahiyyatçı hesab edir ki, texnologiyanın inkişafı insanın mənəvi mahiyyətini dəyişmir: "İnsanın ruhu, qəlbi və daxili aləmi virtual görüntülərdən daha dərindir. Robotlar və süni intellekt müəyyən funksiyaları yerinə yetirsə də, insanın mənəvi məsuliyyətini və inancını daşımaq gücündə deyil. İnsanın mənəvi dəyərlərdən uzaqlaşmaması vacibdir. Texnologiya nə qədər inkişaf etsə də, insan öz mənəvi “postunu” tərk etməməli, ibadət və səcdə anlayışını qoruyub saxlamalıdır. İnsan səcdədən imtina etməməlidir. Çünki səcdə insanın böyüklüyüdür".
Nigar Xəlilli
18:52 15.05.2026
Oxunuş sayı: 69