Akademik İradə Hüseynova: “Elm artıq iqtisadi gücə çevrilir”
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış biokimyaçı alim, AMEA-nın həqiqi üzvü İradə Hüseynova uzun illərdir ki, həm elmi fəaliyyəti, həm də rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrlə ölkənin elmi potensialının gücləndirilməsinə mühüm töhfələr verir.
Molekulyar biologiya və biotexnologiya sahəsində apardığı araşdırmalar, müasir elmi yanaşmaların tətbiqi, innovativ tədqiqat istiqamətlərinin inkişafı və gənc kadrların hazırlanması istiqamətində gördüyü işlər onu Azərbaycanın aparıcı alimlərindən birinə çevirib.
Bu gün rəhbərlik etdiyi institutda həyata keçirilən tədqiqatlar həm fundamental elmin inkişafı, həm də praktik tətbiq baxımından xüsusi əhəmiyyət daşıyır.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Biologiya fakültəsi Fizika və molekulyar biologiya kafedrasının professoru, AMEA-nın həqiqi üzvü İradə Hüseynova Crossmedia.az-a müsahibə verib:
- İradə xanım, Molekulyar biologiya sahəsinə gəlişiniz necə başladı?
- Molekulyar biologiya sahəsinə gəlişim təsadüfi olmamışdır. Uşaqlıqdan elmə, xüsusilə təbiət elmlərinə böyük marağım var idi. Ailəmizdə müəllimlik ənənəsinin olması, kitaba və biliyə verilən yüksək dəyər mənim dünyagörüşümün formalaşmasında mühüm rol oynamışdır.
Bu maraq sonradan Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil aldığım illərdə daha da dərinləşdi və məni biokimya, molekulyar biologiya kimi mürəkkəb, lakin gələcək üçün strateji əhəmiyyət daşıyan sahələrə yönəltdi.
Elmi fəaliyyətə başladığım ilk illərdən etibarən bitkilərdə gedən fizioloji və biokimyəvi proseslərin molekulyar əsaslarının öyrənilməsi mənim üçün əsas istiqamətə çevrildi. Xüsusilə fotosintez, məhsuldarlıq və stres amillərinə adaptasiya mexanizmlərinin genetik səviyyədə araşdırılması sahəsi məni cəlb edirdi.
Bu yolda elmi rəhbərim, mənim kimi yüzlərlə gəncin müəllimi olmuş görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin dəstəyini xüsusi olaraq vurğulamalıyam. Bu bir həqiqətdir ki, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika, hesablama struktur biologiyası sahələrinin formalaşması və inkişafı bilavasitə onun adı ilə bağlıdır.
O, böyük alim olmaqla yanaşı, həm də uzaqgörən elm təşkilatçısı və güclü elmi məktəbin yaradıcısı olmuşdur. Cəlal müəllim yeni yaranan istiqamətlər üzrə peşəkar kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirirdi, biologiya ilə yanaşı, kimya, fizika və riyaziyyat sahələrində fərqlənən istedadlı gəncləri, universitet məzunlarını elmi fəaliyyətə cəlb edirdi. Görkəmli alimin təşəbbüsü ilə bu cür multidissiplinar yanaşma Azərbaycanda biologiya elminin inkişafının əsas prinsiplərindən birinə çevrilmişdi.
Cəlal müəllimin elmi baxışları və mənəvi dəstəyi, gənc mütəxəssislərə xüsusi qayğı və diqqətlə yanaşması mənim elmə gəlişimdə və bir tədqiqatçı kimi formalaşmağımda mühüm rol oynamışdır. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərkən, tələbəlik illərində əldə etdiyim yüksək nəticələr və elmi tədqiqatlara göstərdiyim ciddi maraq sayəsində Cəlal müəllimin seçdiyi gənclər sırasında yer aldım və universitetin Böyük Elmi Şurasının zəmanəti ilə təhsilimi bitirdiyim il Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına qəbul olundum. Sonrakı dövrdə böyük müəllimimizin fotosintez nəzəriyyəsi və bitki biologiyası sahəsində yaratdığı fundamental baza mənim elmdəki yolumun müəyyənləşməsində əsas istinad nöqtəsi oldu.
Gənc tədqiqatçı kimi mənə göstərilən etimad, laboratoriya mühitində qazandığım təcrübə və elmi axtarışlara olan böyük həvəs məni molekulyar biologiya sahəsində daha dərin araşdırmalara sövq etdi. Məhz Cəlal Əliyev məktəbinin təsiri altında mən biokimya və molekulyar biologiya istiqamətində fəaliyyətimi genişləndirdim və sonrakı illərdə bu sahələrin Azərbaycanda inkişafına töhfə verməyə çalışdım.
- Elmi fəaliyyətinizdə əsas istiqamət hansı mövzular üzərində qurulub?
Müasir dövrdə biologiya elmi molekulyar və gen səviyyəsində tədqiqatlar, bioinformatika, süni intellekt, rəqəmsal texnologiyalar və biotexnologiyaların inteqrasiyası əsasında sürətlə inkişaf edən multidissiplinar bir platformaya çevrilmişdir.
Xüsusilə, molekulyar-genetik yanaşmaların kimya, fizika, riyaziyyat və informatika kimi digər elm sahələri ilə inteqrasiya şəraitində geniş tətbiqi bitkilərin adaptasiya mexanizmlərinin daha dərindən öyrənilməsinə, məhsuldarlığın yüksəldilməsinə və stres amillərinə davamlı yeni formaların yaradılmasına imkan verir. Mənim elmi fəaliyyətim də məhz bu istiqamətlər üzərində qurulmuşdur.
Tədqiqatlarımın ilk istiqamətini fotosintetik membranın struktur-funksional təşkili, xüsusilə xloroplastlarda yerləşən piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin tənzimlənmə mexanizmlərinin araşdırılması təşkil etmişdir. Bu istiqamətdə apardığımız elmi işlər bitkilərin məhsuldarlığının molekulyar əsaslarını dərk etməyə, fotosintetik aparatın səmərəliliyini artıran amilləri müəyyən etməyə imkan verir.
Bununla yanaşı, fəaliyyətimdə mühüm yer tutan digər istiqamət bitkilərin abiotik və biotik stres amillərinə — o cümlədən quraqlıq, yüksək temperatur, bitki xəstəliklərini törədən patogenlər (viruslar, fitoplazmalar, göbələklər) və digər ekoloji təsirlərə qarşı reaksiyalarının molekulyar mexanizmlərinin öyrənilməsidir. Bu tədqiqatlar çərçivəsində stresə davamlılıq genlərinin ekspressiyasının tənzimlənməsi, stresə davamlı lokusların müəyyənləşdirilməsi və bu xüsusiyyətlərin seleksiya proseslərinə tətbiqi kimi məsələlərə xüsusi diqqət yetirilir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda bitki viruslarının və fitoplazmaların molekulyar səviyyədə tədqiqi ilk dəfə olaraq bizim tərəfimizdən həyata keçirilmişdir. Son illərdə tədqiqatlarımız daha geniş multidissiplinar yanaşmalarla zənginləşərək rəqəmsal texnologiyaların bioloji tədqiqatlarda istifadəsi, bütöv genom üzrə assosiasiyaların tədqiqi, transkriptom analizləri, o cümlədən RNA-seq texnologiyaları, qeyri-invaziv fenotipləmə üsulları və biotexnoloji metodların tətbiqini də əhatə edir. Bu yanaşmalar bitkilərin fizioloji vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə və genetik potensialının effektiv idarə olunmasına şərait yaradır.
Aparılan tədqiqatlar nəticəsində bir sıra dünya əhəmiyyətli nəticələr əldə edilmişdir. O cümlədən:
✓ Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus — Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Lobya nümunələrində Faba bean necrotic yellow virus (FBNYV)-un beş izolyatı və noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində Faba bean necrotic stunt virus (FBNSV)-un dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiyası sübut edilmişdir;
✓ İlk dəfə olaraq Azərbaycanda “Xromosom üzərində addımlarla” metodu vasitəsilə malat/sitrat simporter zülalını kodlaşdıran citS geninin nukleotid ardıcıllığı müəyyənləşdirilmiş və Stolbur qrupunun (XII) təyini üçün yeni Nested PZR test metodu hazırlanmışdır;
✓ İlk dəfə olaraq dünyada fitoplazmalar üçün növlərarası rekombinasiya Azərbaycanda armud ağacında aşkarlanmış ‘Ca. P. pyri’ və ‘Ca. P. prunorum’ fitoplazma növləri arasında müəyyən edilmişdir;
✓ Azərbaycanda ilk dəfə olaraq ‘Candidatus Phytoplasma solani’ növünün üzüm bitkisində təhlükəli Bois Noir xəstəliyini törədən izolyatları aşkar olunmuş və onların genetik müxtəlifliyi multilokus sekvens analizi nəticəsində Stamp geninə görə elm üçün 4, secY geninə görə 3 yeni genotip müəyyən edilmişdir. Azərbaycanda “mtCOI mitoxondrial” markeri vasitəsilə barkodlaşdırma əsasında ‘Candidatus Phytoplasma solani’ fitopatogeninin Hyalestes obsoletus və Reptalus noahi həşərat vektorları ilə yayılması müəyyən edilmişdir. Bu, Reptalus noahi həşərat növünün ‘Candidatus Phytoplasma solani’ fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır;
✓ Bibər bitkisinin AZ2012-PV2 nümunəsində qeyri-ribosomal stamp geninin sekvens analizi əsasında tək nukleotid polimorfizmi (SNP — single nucleotide polymorphism) ilə bir-birindən fərqlənən iki stolbur fitoplazma izolyatından ibarət qarışıq infeksiya aşkar edilmişdir;
✓ İlk dəfə olaraq tomat bitkisində Tomato yellow leaf curl virus (TYLCV) identifikasiya edilmiş və virus izolyatı GenBank-a yerləşdirilmişdir;
✓ Yumşaq buğdanın genom donorları hesab olunan Triticum urartu, Aegilops speltoides və Aegilops tauschii yerli yabanı diploid buğdalardan, “Bərəkətli-95” bərk buğda (Triticum durum Desf.) və “Əzəmətli-95” yumşaq buğda (Triticum aestivum L.) genotiplərindən DREB transkripsiya faktoru geni ayrılaraq sekvens olunmuş və in silico tədqiq edilmişdir. DREB geninin AP2/ERF domeninin amin turşu ardıcıllığının analizi nəticəsində tək nukleotid polimorfizm sahələri (SNP-lər) və mikroindellər, konservativ funksional amin turşu qalıqları, nüvə lokalizasiya siqnalı (NLS), Ser/Tre ilə zəngin sahələr təyin edilmişdir. Domenin ikinci quruluşunda bir α-spiral və üç β-bükük sahə müəyyən edilmişdir. Qeyd olunan genotiplərdə DREB geninin nukleotid və amin turşu ardıcıllıqları haqqında məlumatlar təsdiqlənərək NCBI verilənlər bazasında qeydiyyata alınmışdır;
✓ GWAS (genome-wide association studies) analizi — bütöv genom üzrə qiymətli əlamətlərlə əlaqəli assosiasiyaların təyini üçün 186 buğda genotipi 25k SNP-array çipi tətbiq etməklə genotipləşdirilmişdir. Rəqəmsal fenotipləmə texnologiyasından istifadə etməklə bitkilərin fizioloji vəziyyəti qeyri-invaziv olaraq (25 parametr əsasında) qiymətləndirilmiş, Manhattan qrafikləri qurularaq qiymətli QTL-lər aşkar edilmişdir;
✓ Ən son transkriptom analiz aləti hesab olunan RNA-seq metodundan istifadə etməklə stresə davamlı və həssas buğda genotiplərində quraqlıq və istilik stresləri ilə induksiya olunan transkriptom analizləri həyata keçirilmişdir.
- AR ETN Molekulyar Biologiya İnstitutuna rəhbərlikdə əsas prioritetləriniz nədir?
Qeyd etmək istərdim ki, institutun əsası akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında qoyulmuşdur. Bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixli Ümumi yığıncağında qəbul edilmiş, institut isə 1 iyul 2016-cı il tarixindən etibarən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində müstəqil elmi müəssisə kimi fəaliyyətə başlamışdır.
Sonrakı mərhələdə ölkədə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanına əsasən, institut Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
Daha sonra “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli 545 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2025-ci il tarixli 292 nömrəli qərarının icrası nəticəsində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və Biofizika İnstitutu birləşdirilərək Molekulyar Biologiya İnstitutu yaradılmış və yeni instituta publik hüquqi şəxs statusu verilmişdir.
Yeni institutda əsas fəaliyyətimiz müasir elmi çağırışlara cavab verən, nəticəyönümlü və beynəlxalq standartlara uyğun fəaliyyət modelinin formalaşdırılması və tətbiqi ilə bağlıdır. Bu kontekstdə müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində optimallaşdırmanın aparılması, institutun elmi potensialının və maddi-texniki bazasının gücləndirilməsi, tədqiqatların keyfiyyətinin və effektivliyinin artırılması qarşıda duran əsas hədəflərdəndir.
Prioritetlərimiz sırasında fundamental və tətbiqi tədqiqatların vəhdətinin təmin olunması xüsusi yer tutur. Biz çalışırıq ki, aparılan nəzəri-fundamental tədqiqatlar praktik nəticələrə, xüsusilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biotibb və ekoloji davamlılıq kimi sahələrdə real tətbiqlərə qədər çatdırılsın.
Digər mühüm istiqamət institutda müasir elmi infrastrukturun inkişafıdır. Beynəlxalq standartlara cavab verən laboratoriyaların qurulması, qabaqcıl, o cümlədən rəqəmsal texnologiyaların və müasir metodların tətbiqi elmi tədqiqatların səviyyəsini keyfiyyətcə yeni mərhələyə çıxarmağa imkan verir.
Kadr hazırlığı və insan kapitalının inkişafı da daim diqqətimizdədir. Gənc tədqiqatçıların elmi mühitə cəlb olunması, onların beynəlxalq elmi mərkəzlərdə təhsil və təcrübə imkanlarının genişləndirilməsi, yeni nəsil alimlərin yetişdirilməsi istiqamətində sistemli iş aparılır. Bununla bağlı bəzi faktlara daha sonra diqqət çəkəcəyəm.
Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, nüfuzlu elmi təşkilatlar və tədqiqat mərkəzləri ilə birgə layihələrin həyata keçirilməsi institutun strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir. Prioritetlərimizdən biri də türk dövlətlərinin elmi tədqiqat və ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsidir. Bizim Türkiyə Respublikasının Dokuz Eylül Universiteti, Akdeniz Universiteti, Ege Universiteti, Ankara Universiteti, Bilecik Şeyh Edebali Universiteti və s. universitetləri, eləcə də Özbəkistan və Qazaxıstanın qabaqcıl elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrimiz inkişaf etməkdə və öz bəhrələrini verməkdədir. Bütün bunlar həm əldə edilən nəticələrin qlobal miqyasda tanınmasına, həm də ölkə elminin beynəlxalq elmi məkana inteqrasiyasına xidmət edir.
Eyni zamanda, elmi idarəetmədə dinamiklik, şəffaflıq və koordinasiyanın gücləndirilməsi, müxtəlif elmi istiqamətlər üzrə fəaliyyətin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Aparılan institusional islahatlar nəticəsində institutda daha çevik, innovativ və nəticəyönümlü idarəetmə modeli formalaşdırılmaqdadır.
- Azərbaycanda bu sahənin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda molekulyar biologiya və onunla əlaqədar sahələrin hazırda müsbət istiqamətdə və dinamik şəkildə inkişaf etdiyini deyə bilərəm. Son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, elmi-tədqiqat infrastrukturunun yenilənməsi və institusional islahatlar biologiya elminin müasir sahələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır.
Eyni zamanda, apardığımız tədqiqatların mühüm bir istiqaməti əldə olunan fundamental nəticələrin praktikaya tətbiqi, xüsusilə kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və ekoloji davamlılığın təmin olunması ilə bağlıdır.
Bu gün ölkəmizdə molekulyar biologiya istiqamətində aparılan tədqiqatlar artıq klassik yanaşmalarla məhdudlaşmır, “omiks” texnologiyaları, rəqəmsal texnologiyaların və süni intellektin biologiyada tətbiqi kimi müasir istiqamətləri də əhatə edir. Elmi müəssisələrdə müasir laboratoriyaların yaradılması, yeni yanaşma və üsullardan geniş istifadə və beynəlxalq standartlara uyğun tədqiqat mühitinin formalaşdırılması mühüm irəliləyişlərdəndir.
Xüsusilə elmi yaradıcılıq mühitinin formalaşdırılmasını inkişafın təməli hesab edirəm. Beynəlxalq elmi əməkdaşlıqların gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və getdikcə daha çox gənc alim və mütəxəssisimizin xarici elmi mərkəzlərdə təcrübə keçməsi də bu inkişafın mühüm göstəricilərindəndir.
Eyni zamanda, Azərbaycan alimlərinin Web of Science və Scopus bazalarında indeksləşən nüfuzlu beynəlxalq jurnallarda nəşrlərinin sayının və bu nəşrlərə istinadların artması ölkəmizdə əldə edilmiş tədqiqat nəticələrinin qlobal elmi məkanda daha görünən olmasına imkan verir. Bu baxımdan bir faktı xüsusi qeyd etmək istərdim: nüfuzlu beynəlxalq elmmetrik qiymətləndirmə platforması olan SCImago-da biokimya, genetika və molekulyar biologiya sahələri üzrə Azərbaycanın mövqeyinin dinamikası diqqət çəkicidir.
Bu reytinq Scopus bazasında indeksləşən məqalələrin sayı, sitat göstəriciləri və H-indeksi əsasında formalaşdırılır. Azərbaycan qeyd olunan elm sahələri üzrə 2022-ci ildə 114-cü, 2023-cü ildə 106-cı, 2024-cü ildə 93-cü, 2025-ci ildə isə 79-cu yerdə qərarlaşmışdır. Bu dinamika ölkəmizdə müvafiq istiqamətlərdə elmi potensialın real tərəqqisini aydın şəkildə nümayiş etdirir.
Bununla yanaşı, sahənin inkişafı üçün qarşıda duran mühüm vəzifələr də mövcuddur. Xüsusilə yüksək ixtisaslı kadr potensialının davamlı şəkildə gücləndirilməsi, elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya ekosisteminin daha da inkişaf etdirilməsi və tətbiqi strukturlarla əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlər olaraq qalır.
Hesab edirəm ki, mövcud potensial, yaradılmış elmi baza və dövlət dəstəyi nəzərə alındıqda, Azərbaycan molekulyar biologiya və əlaqəli sahələr üzrə regionda rəqabətədavamlı elmi mərkəzlərdən birinə çevrilmək imkanına malikdir və bu istiqamətdə artıq atılan ciddi addımlar yaxın zamanda öz bəhrəsini verəcəkdir.
- Gənc alimlərin elmi mühitə inteqrasiyası üçün hansı imkanlar yaradılır?
- Gənc alimlərin elmi mühitə inteqrasiyası AR ETN Molekulyar Biologiya İnstitutunda ən vacib prioritetlərdən biridir və konkret nəticələrlə müşayiət olunan sistemli bir prosesdir.
Son illərin göstəriciləri bunu aydın şəkildə göstərir: institutun gənc əməkdaşları son on il ərzində Birləşmiş Krallıq, ABŞ, Almaniya, Fransa, Türkiyə, Çin, Cənubi Koreya, İtaliya və digər ölkələrin aparıcı universitetlərində magistratura və doktorantura təhsili almışdır. Hazırda da 15 nəfər gənc xaricdə doktorantura təhsilini davam etdirir.
Dissertasiya müdafiələri sahəsində də dinamika diqqətəlayiqdir: son illərdə institut üzrə hər il bir neçə gənc tədqiqatçı fəlsəfə doktoru elmi dərəcəsi alır, bir qismi isə elmlər doktorluğu dissertasiyaları üzərində çalışır. Fərəhləndirici haldır ki, artıq gənc doktorantlarımız dissertasiyalarını Montpelye və Oksford kimi nüfuzlu xarici universitetlərdə müdafiə etmişlər.
Məsələn, magistratura təhsilini 2018-ci ildə bizim institutda “Molekulyar biologiya” ixtisası üzrə başa vurmuş Gülnar Abdullayeva nümunə göstərilə bilər. Gülnar xanım İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi kimi Birləşmiş Krallığın Oksford Universitetinin doktoranturasında təhsil almış, dissertasiya işini orada uğurla müdafiə etmiş və hazırda postdoktorant kimi fəaliyyətini həmin universitetdə davam etdirir.
Onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə elm sahəsi üzrə Prezident mükafatına layiq görülməsini xüsusi vurğulamaq istərdim. Onu da qeyd etmək lazımdır ki, institutun daha iki əməkdaşı müxtəlif illərdə bu nüfuzlu mükafatın laureatları olmuşdur. Hesab edirəm ki, gənc bir institut üçün bunlar böyük nailiyyətdir.
İnstitutda son illərdə gənc alimlərin iştirakı ilə onlarla yerli və beynəlxalq qrant layihəsi icra olunmuşdur. Onlar Azərbaycan Elm Fondu, İslam İnkişaf Bankı, Avropa Birliyinin Horizon proqramı, eləcə də digər beynəlxalq proqramlar çərçivəsində maliyyələşən tədqiqatlarda fəal iştirak etmişlər. Eyni zamanda, gənc əməkdaşların məqalələrinin nüfuzlu jurnallarda dərc olunması daim diqqət mərkəzində saxlanılır.
Bununla yanaşı, institutda gənclərin inkişafına töhfə verən tədbirlər mütəmadi xarakter daşıyır: yay məktəbləri, akademik Cəlal Əliyev qiraətləri, beynəlxalq və yerli ixtisasartırma kursları və seminarlar təşkil olunur. Gənclərin xarici elmi mərkəzlərdə qısamüddətli təcrübə proqramlarında iştirakı da tərəfimizdən ardıcıl olaraq dəstəklənir.
Bütün bu faktlar göstərir ki, institutda gənc alimlər üçün real karyera və inkişaf imkanları mövcuddur və bu proses artıq konkret elmi nəticələr və güclənən kadr potensialı ilə özünü təsdiqləyir.
- Biotexnologiyaların kənd təsərrüfatı və səhiyyədə tətbiqini necə görürsünüz?
Biotexnologiyaların kənd təsərrüfatı və səhiyyədə tətbiqi günümüzün əsas inkişaf istiqamətlərindən biridir. Hazırda dünya miqyasında biotexnologiyalar ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, yoluxucu xəstəliklər və fərdiləşdirilmiş tibb kimi qlobal çağırışların həllində strateji rol oynayır.
Kənd təsərrüfatında əsas trend yüksək məhsuldarlığa malik və stres amillərinə davamlı bitki sortlarının yaradılmasıdır. Dünyada CRISPR/Cas gen redaktəsi texnologiyaları vasitəsilə quraqlığa, şoranlığa, zərərvericilərə və xəstəliklərə davamlı genotiplərin yaradılması istiqamətində işlər sürətlə genişlənir. Eyni zamanda, rəqəmsal və yeni nəsil genom texnologiyalarına əsaslanan üsullar klassik seleksiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
Digər mühüm istiqamət “dəqiq kənd təsərrüfatı” modelidir. Burada genomika, bioinformatika və süni intellekt texnologiyalarının inteqrasiyası hesabına bitkilərin fizioloji vəziyyəti real vaxt rejimində qiymətləndirilir, suvarma, bitki mühafizəsi əməliyyatları və gübrələmə daha optimallaşdırılmış şəkildə həyata keçirilir. Bu yanaşma həm məhsuldarlığı artırır, həm də ekoloji yükü azaldır.
Səhiyyə sahəsində isə biotexnologiyaların tətbiqi xüsusilə sürətli inkişaf mərhələsindədir. Son illərin ən mühüm nümunələrindən biri mRNT texnologiyalarının inkişafıdır. COVID-19 pandemiyasından sonra bu platformalar artıq təkcə peyvəndlərlə məhdudlaşmır, onkoloji xəstəliklərin və nadir genetik patologiyaların müalicəsində də tətbiq olunur. Hazırda fərdiləşdirilmiş xərçəng peyvəndləri və gen terapiyaları üzrə geniş klinik tədqiqatlar aparılır.
CRISPR əsaslı gen terapiyalarının bəzi irsi xəstəliklərin müalicəsində tətbiqi biotexnologiyanın səhiyyədə yeni mərhələyə keçdiyini göstərir. Süni intellektin dərman hazırlanması prosesinə inteqrasiyası isə yeni preparatların hazırlanma müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Azərbaycanda da bu istiqamətlər üzrə mühüm potensial formalaşır. Ölkəmizdə molekulyar biologiya, genomika, bitki biotexnologiyası və biotibb sahələrində aparılan tədqiqatların miqyası genişlənir. Xüsusilə kənd təsərrüfatında iqlim dəyişikliklərinə davamlı yerli bitki genotiplərinin öyrənilməsi, məhsuldarlığın molekulyar əsaslarının tədqiqi və biotexnoloji yanaşmaların tətbiqi aktual istiqamətlərdəndir.
Bu istiqamətdə AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə apardığımız və real nəticələr verən tədqiqatları nümunə göstərmək olar. Yeni nəsil genom texnologiyalarının, o cümlədən bütöv genom üzrə assosiasiyaların tədqiqi, rəqəmsal fenotipləmə və 25K array genotipləmə kimi müasir yanaşmalar tətbiq etməklə ətraf mühitin stres amillərinə davamlı, yüksək məhsuldar buğda sortları yaradılmış, 2 patent alınmış, 3 sort isə sınaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuşdur.
Səhiyyə sahəsində də molekulyar diaqnostika, genetik analiz və fərdiləşdirilmiş tibbin elementlərinin tətbiqi genişlənməkdədir. Azərbaycanda biotexnologiya və tibbi innovasiyalar üzrə regional mərkəzlərin formalaşdırılması ilə bağlı təşəbbüslər də bu sahənin strateji əhəmiyyətini göstərir.
İnstitutda yeni yaradılmış Populyasiya genomikası laboratoriyasında Azərbaycan populyasiyasının genetik strukturu, genofondunun formalaşma xüsusiyyətləri, həmçinin əhali arasında geniş yayılan irsi və qeyri-irsi xəstəliklərin molekulyar-genetik əsasları tədqiq olunur. Aparılan populyasiya-genetik araşdırmalar Azərbaycan əhalisinin genetik müxtəlifliyinin qiymətləndirilməsinə, onun müxtəlif dünya populyasiyaları ilə müqayisəli təhlilinə və genetik yaxınlıq əlaqələrinin müəyyənləşdirilməsinə imkan verir.
Eyni zamanda, Y-DNT markerləri əsasında aparılan tədqiqatlar Azərbaycan populyasiyasının genofondunun Qafqaz, Avropa, Anadolu və Yaxın Şərq mənşəli genetik komponentlərlə səciyyələndiyini göstərmişdir. Laboratoriyada həmçinin şəkərli diabet, onkoloji, neyrodegenerativ, iltihabi və digər geniş yayılmış xəstəliklərlə əlaqəli genetik markerlərin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmış, bir sıra xəstəliklərə meyilliliklə bağlı əhəmiyyətli molekulyar-genetik assosiasiyalar müəyyən edilmişdir. Bu nəticələr ölkəmizdə populyasiya genomikası, tibbi genetika və fərdiləşdirilmiş tibb istiqamətlərinin inkişafı üçün mühüm elmi əsas yaradır.
Qeyd edilən istiqamətlərdə fəaliyyət göstərən, dünya səviyyəsində tanınan alimlərimizin varlığı bizi sevindirir. İnstitutumuzun əməkdaşı, Türkiyənin Akdeniz Universiteti professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun və komandasının son illərdə yaratdıqları peyvəndləri misal göstərmək olar. Digər alimlərimizin də yetərincə uğurlu tədqiqatları mövcuddur.
Hesab edirəm ki, yaxın illərdə biotexnologiyalar həm kənd təsərrüfatında, həm də səhiyyədə ən sürətlə inkişaf edən və dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas sahələrdən biri olacaqdır.
- İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
İnstitutun xarici əməkdaşlıq əlaqələrini yüksək səviyyədə qiymətləndirirəm. Bu gün AR ETN Molekulyar Biologiya İnstitutu beynəlxalq elmi şəbəkələrə inteqrasiya olunmuş müasir tədqiqat platforması kimi fəaliyyət göstərir. Hazırda institutun laboratoriyalarında aparılan tədqiqatlar xarici elmi mərkəzlər və universitetlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
İnstitutun beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri aparıcı xarici elm və təhsil müəssisələri ilə bağlanmış əməkdaşlıq memorandumları və müqavilələrdir. Xüsusilə Avropa ölkələri ilə qurulmuş əlaqələr bu baxımdan mühüm əhəmiyyət daşıyır. Son illərdə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutu və Osnabrück Tətbiqi Elmlər Universiteti, Böyük Britaniyanın Oksford Universiteti, eləcə də Türkiyə, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Pakistanın bir sıra elmi mərkəzləri ilə anlaşma memorandumları imzalanmışdır.
Svante Pääbo (Maks Plank Təkamül Antropologiyası İnstitutu), Walter Bodmer (Oksford Universiteti), Choon-Hwan Lee (Pusan Milli Universiteti) və Stephan Winter (Leibniz DSMZ İnstitutu) kimi nüfuzlu alimlərlə qurulmuş əməkdaşlıq əlaqələri institutumuzun beynəlxalq elmi nüfuzunun mühüm göstəricisidir. KAUST kimi aparıcı elmi mərkəzlərlə əməkdaşlıqlar da bu istiqamətdə əhəmiyyətlidir.
Son dövrlərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrup (CGIAR) və onun tərkibinə daxil olan elmi qurumlar, xüsusən ICARDA, CIMMYT, ISPR, FEBS və FESPB kimi qlobal elmi təşkilatlarla əlaqələr intensiv şəkildə inkişaf etdirilir. ICARDA ilə beynəlxalq elmi tədbirlərin və gənc kadrlar üçün təlimlərin təşkilində əməkdaşlığı xüsusi qeyd etmək olar.
COP29 iqlim konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), CGIAR və digər beynəlxalq qurumların birgə keçirdiyi “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda tədbirə CGIAR-ın icraçı direktoru Dr. Ismahane Elouafi tərəfindən məruzəçi kimi dəvət olunmağım və çıxışa göstərilən diqqət beynəlxalq səviyyədə tanınmanın göstəricisi hesab edilə bilər.
Sonda bir daha vurğulamaq istərdim ki, bu gün institut alimləri beynəlxalq qrant və layihələrdə fəal iştirak edir, birgə elmi nəşrlər hazırlayır və Azərbaycan elminin beynəlxalq elmi məkanda nüfuzunun artmasına töhfə verirlər.
- Elmi araşdırmaların praktik nəticəyə çevrilməsi nə dərəcədə mümkündür?
- Ulu Öndər Heydər Əliyev elmin ölkənin iqtisadi, sosial və mədəni inkişafına birbaşa töhfə verməli olduğunu vurğulayırdı. Bu baxımdan, müasir dövrdə elmi araşdırmaların praktik nəticəyə çevrilməsi zəruridir və hesab edirəm ki, molekulyar biologiya sahəsində bu imkanlar olduqca genişdir. Dünyanın aparıcı ölkələrində elm iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir və fundamental tədqiqatların real tətbiqlərə transformasiyası xüsusi prioritet kimi qiymətləndirilir.
Bu gün molekulyar biologiya sahəsində əldə olunan fundamental nəticələrin praktik tətbiqinə dair çoxsaylı uğurlu nümunələr mövcuddur. Məsələn, yuxarıda qeyd etdiyim CRISPR gen redaktəsi texnologiyası əvvəlcə fundamental molekulyar mexanizm kimi öyrənilsə də, hazırda kənd təsərrüfatında stresə davamlı bitkilərin yaradılmasında və bəzi irsi xəstəliklərin müalicəsində tətbiq olunur. COVID-19 dövründə mRNT texnologiyaları da fundamental molekulyar biologiya tədqiqatlarının qısa müddətdə qlobal səhiyyə məhsuluna çevrilməsinin ən parlaq nümunələrindən biri olmuşdur.
Azərbaycanda da bu istiqamətdə real imkanlar formalaşır. Xüsusilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması və tibbi diaqnostika sahələrində aparılan molekulyar-genetik tədqiqatların praktik əhəmiyyəti artır. İqlim dəyişiklikləri fonunda quraqlığa və yüksək temperatura davamlı bitki genotiplərinin müəyyənləşdirilməsi, məhsuldarlığın molekulyar əsaslarının öyrənilməsi və seleksiya proqramlarına tətbiqi artıq konkret praktiki nəticələr verən istiqamətlərdəndir.
AR ETN Molekulyar Biologiya İnstitutunda fundamental tədqiqatların tətbiqyönlü istiqamətlərə inteqrasiyasına xüsusi diqqət yetirilir. Bitkilərin stresə davamlılıq mexanizmləri, fotosintezin məhsuldarlıqla əlaqəsi, molekulyar markerlər əsasında seleksiya və bioinformatik analizlər üzrə əldə olunan nəticələrin kənd təsərrüfatı sektorunda tətbiqi üçün müvafiq işlər aparılır. Eyni zamanda, molekulyar diaqnostika və genomik yanaşmalar səhiyyə istiqamətində yeni imkanlar yaradır.
Lakin elmi nəticələrin praktik məhsula çevrilməsi prosesini təkcə alimlərin fəaliyyəti ilə məhdudlaşdırmaq doğru olmaz. Bunun üçün elm–təhsil–sənaye əməkdaşlığı, innovasiya infrastrukturu, texnologiya transferi mexanizmləri və startap ekosistemi yüksək səviyyədə qurulmalı və işləməlidir. Dünyada mövcud olan uğurlu modellər göstərir ki, universitetlər və elmi institutlarla sənaye arasında güclü əlaqə qurulduqda elmi nəticələrin kommersiyalaşdırılması daha sürətli baş verir.
Hesab edirəm ki, Azərbaycanda aparılan nəzəri elmi tədqiqatların ölkənin iqtisadi, aqrar və tibbi ehtiyaclarına cavab verən innovativ texnologiyalara çevrilməsi əsas məqsədlərdən olmalıdır. Molekulyar biologiya və onunla əlaqədar sahələr məhz bu baxımdan gələcəyin strateji sahələrindən biridir.
- Qarşılaşdığınız ən böyük elmi və təşkilati çətinliklər hansılardır?
- Ən böyük elmi çətinliklərdən biri müasir tədqiqatların yüksək texnologiyalı və resurs tutumlu xarakter daşımasıdır. Molekulyar biologiya və biotexnologiya sahəsində aparılan araşdırmalar daim yenilənən laboratoriya avadanlıqları, yüksək dəqiqlikli cihazlar, xüsusi reagentlər və uzunmüddətli maliyyələşmə tələb edir. Bu istiqamətdə son illərdə ölkədə mühüm addımlar atılsa da, elmin inkişaf tempi texnoloji yenilənmənin də fasiləsiz olmasını zəruri edir. Təsadüfi deyil ki, son dövrdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ölkə üzrə laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazasının yaradılması məhz mövcud resurslardan daha səmərəli istifadə olunması və tədqiqatçıların çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Digər mühüm məsələ elmi nəticələrin operativ şəkildə praktikaya transferidir. Müasir dünyada elm təkcə məqalə və hesabatlarla ölçülmür; bu gün əsas meyar innovasiya, texnologiya transferi və tətbiqyönlü nəticələrdir. Bunun üçün daha dinamik mexanizmlərin qurulmasına ehtiyac var. Xüsusilə qrant maliyyələşməsi, laboratoriya infrastrukturunun yenilənməsi və beynəlxalq layihələrə çıxış sahəsində idarəetmə prosedurlarının daha çevik və operativ olması böyük əhəmiyyət daşıyır.
Təşkilati baxımdan əsas çətinliklərdən biri yüksək ixtisaslı kadrların hazırlanması və onların elmdə saxlanılmasıdır. Müasir gənc tədqiqatçı artıq qlobal elmi mühitdə formalaşır və beynəlxalq standartlarla işləməyə çalışır. Ona görə də elmdə rəqabətqabiliyyətli mühitin qorunması, gənclər üçün elmi tədqiqat müəssisəsində çalışmaq şərti ilə inkişaf perspektivlərinin yaradılması və onların beynəlxalq elmi şəbəkələrə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi də daim diqqət tələb edən istiqamətdir. Dünya təcrübəsi göstərir ki, ən böyük elmi nəticələr əsasən beynəlxalq konsorsiumlar və multidissiplinar platformalar çərçivəsində əldə olunur. Avropanın Horizon proqramları və beynəlxalq elmi şəbəkələrin fəaliyyəti bunu açıq şəkildə nümayiş etdirir. Buna görə də Azərbaycan elminin qlobal elmi sistemə daha dərindən inteqrasiyası strateji əhəmiyyət daşıyır.
Bununla yanaşı, hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə elmə dövlət diqqəti artır, cənab Prezidentin sərəncamları əsasında aparılan optimallaşdırma prosesi artıq öz nəticələrini verir, yeni laboratoriyalar yaradılır, beynəlxalq əməkdaşlıq genişlənir və gənc alimlərin inkişafı üçün daha əlverişli mühit formalaşır. Əsas məqsəd bu potensialı davamlı və dayanıqlı elmi nəticələrə çevirməkdir.
- Azərbaycan elminin gələcəyi ilə bağlı əsas hədəfiniz nədir?
- Azərbaycan elminin gələcəyi ilə bağlı əsas hədəfimiz onu sosial-iqtisadi və mədəni inkişafın, texnoloji tərəqqinin və intellektual təhlükəsizliyin əsas dayaqlarından birinə çevirməkdir. Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və mətbuata verdiyi müsahibələrdə dəfələrlə vurğuladığı kimi, Azərbaycanın gələcəyi elm, bilik və intellekt üzərində qurulur. Dövlət başçısı xüsusilə qeyd etmişdir ki, elm fayda verməlidir, elmi nəticələr real sektora, innovasiyaya və texnologiyaya çevrilməlidir.
Bir daha vurğulamaq istəyirəm ki, qarşıdakı dövrdə əsas prioritetlərimiz müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli elmi mühitin formalaşdırılması, gənclərin elmi fəaliyyətə daha intensiv cəlb edilməsi və beynəlxalq elmi sistemə inteqrasiyası, süni intellekt və genom tədqiqatları kimi strateji sahələrin inkişafı və elmin iqtisadiyyatla daha sıx əlaqələndirilməsidir.
Əsas məqsəd Azərbaycan elmini beynəlxalq elmi məkanda söz sahibi olan güclü intellektual platformaya çevirməkdir.
18:00 15.05.2026
Oxunuş sayı: 423