Azərbaycanda boşanmaların artmasının əsas səbəbləri nədir?
Azərbaycanda son illər boşanmaların sayında müşahidə olunan artım cəmiyyətdə ailə institutunun gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Mütəxəssislər bu tendensiyanı müxtəlif sosial və iqtisadi amillərlə əlaqələndirsələr də, ailə modelində baş verən dəyişikliklərin milli-mənəvi dəyərlərə təsirsinin xüsusi rol oynadığı vurğulanır.
Ənənəvi ailə münasibətlərinin zəifləməsi, xarici təsirlərin ailədaxili münasibətlərə nüfuz etməsi və yeni həyat tərzlərinin sürətlə yayılması bu istiqamətdə əsas müzakirə mövzularından biridir.
Məhz bu məsələyə diqqət çəkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycanda boşanmaların əsas səbəbi ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir.
Onun sözlərinə görə, ailə modelinin dəyişməsi milli-mənəvi dəyərlərin zəifləməsinə gətirib çıxarır və bu səbəbdən ənənəvi ailə dəyərlərinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Dövlət Komitəsi sədrinin fikirləri cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İndiki dövrdə ailə quran insanların bir çoxu, əslində, ailə həyatına tam hazır olmur. Bunun əsas səbəbi isə odur ki, ailə həyatı ilk növbədə qarşılıqlı kompromis üzərində qurulur.
Əgər tərəflərdən biri yalnız öz dediyinin qəbul olunmasını istəyirsə və qarşı tərəfi olduğu kimi qəbul etməyə hazır deyilsə, həmin münasibətdə ailə harmoniyasını qorumaq çətin olur.
Ailə həyatı qarşılıqlı anlayış və güzəşt tələb edir. Ola bilər ki, tanışlıq dövründə insanlar özlərini olduğundan daha fərqli, daha ideal göstərməyə çalışsınlar. Bəzən tərəflər düşünür ki, ailə qurduqdan sonra qarşı tərəfi dəyişdirə biləcəklər.
Amma bu, doğru yanaşma deyil. İstər qadın, istərsə də kişi ailə qurmazdan əvvəl qarşı tərəfi olduğu kimi qəbul etməyi bacarmalıdır.
Tanışlıq dövründə əgər münasibətdə hansısa inamsızlıq, xarakter uyğunsuzluğu və ya ailələrlə bağlı müəyyən narahatlıq yaranırsa, həmin məsələlər ailə qurulmadan əvvəl həll edilməlidir. Çünki kiçik görünən problemlər zaman keçdikcə daha böyük münaqişələrə çevrilə bilər. İlk mərhələdə yaranan “qığılcım” sonradan ailə daxilində ciddi problemlərə səbəb ola bilər.
Digər vacib məsələ isə kənar müdaxilələrin qarşısının alınmasıdır. Əgər tərəflər bir-birini anlayır, qarşılıqlı hörmət və etimad formalaşdırırlarsa, onlar elə bir münasibət qurmalıdırlar ki, ailəyə kənardan təsirlər minimum olsun.
İstər oğlan, istər qız tərəfdən edilən həddindən artıq müdaxilələr ailədaxili münasibətlərə mənfi təsir göstərə bilər. Əsas olan iki insanın bir-birini düzgün başa düşməsi və münasibətlərini qarşılıqlı inam üzərində qurmasıdır.
Əgər münasibətin başlanğıcında müəyyən çatlar varsa və bu problemlər vaxtında aradan qaldırılmırsa, sonradan həmin çatlar ailənin dağılmasına qədər gedib çıxa bilər. Azərbaycanda ailələrə təsir edən amillərdən biri də iqtisadi vəziyyətdir. İnsanlar ailə qurarkən qarşı tərəfin imkanlarını, həyat şəraitini və gələcək perspektivlərini real şəkildə dəyərləndirməlidirlər. Əgər insan qarşı tərəfin həyatını və imkanlarını əvvəlcədən bilirsə, sonradan qeyri-real gözləntilər formalaşdırmamalıdır.
Ailənin təməli ilk tanışlıq mərhələsindən başlayır. Əgər tərəflər bir-birini olduğu kimi qəbul edir, gələcəkdə də bu anlayışı qorumağa hazır olurlarsa, o zaman həm kənar müdaxilələr təsirsiz qalır, həm də ailə münasibətləri daha sağlam və davamlı olur".
Elmir Heydərli
17:08 15.05.2026
Oxunuş sayı: 42