Pekində kritik sammit nəticəsiz qalıb
Rusiya ilə Çin arasında uzun illərdir müzakirə olunan “Sibir Gücü 2” qaz kəməri layihəsi üzrə danışıqlarda yenə də nəticə əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Pekində keçirilən sammit zamanı tərəflər strateji münasibətlərdə irəliləyişi yüksək qiymətləndirsələr də, layihə ilə bağlı heç bir yeni anlaşma imzalanmayıb.
Moskva səfər öncəsi Çinlə boru kəməri təchizatı və dəniz daşımaları daxil olmaqla yeni enerji müqavilələri bağlamağa ümid etdiyini bildirmişdi. Buna baxmayaraq, Çin rəsmiləri “Sibir Gücü 2” layihəsi barədə demək olar ki, heç bir açıqlama verməyiblər.
Çin lideri Si Cinpin enerji və resurs əməkdaşlığının Pekin-Moskva münasibətlərində “balast” rolunu oynamalı olduğunu desə də, qaz kəmərinin adını çəkməyib.
Analitiklərin fikrincə, qazın qiyməti kimi əsas məsələlər üzrə fikir ayrılıqları qalır və bu səbəbdən danışıqların daha bir neçə il davam edə biləcəyi ehtimal olunur.
15:39 20.05.2026
Oxunuş sayı: 55