Everesti fəth edən azərbaycanlı: Ölən alpinistlərin cəsədlərini görmək istəmirdim
2007-ci il mayın 19-u Azərbaycan idman və alpinizm tarixində xüsusi bir gün kimi yadda qaldı. Belə ki, həmin gün azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın ən yüksək zirvəsi olan Everest dağını fəth edərək bu zirvəyə qalxan ilk azərbaycanlı oldu. Bu uğur yalnız şəxsi nailiyyət deyil, həm də Azərbaycanın adının dünya alpinizm tarixində yer alması idi. İsrafil Aşurlı 1969-cu ilin yanvar ayında Bakıda anadan olub. O, ilk təhsilini texniki sahədə alaraq Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Lakin gənclik illərindən dağlara, ekstremal şəraitə və səyahətə böyük maraq göstərib. Zaman keçdikcə alpinizm onun həyatının ayrılmaz hissəsinə çevrilib. O, müxtəlif beynəlxalq ekspedisiyalarda iştirak edib, yüksək dağ zirvələrini fəth etmək üçün illərlə ciddi hazırlıq keçib.
Qeyd edək ki, Everest zirvəsinə qalxmaq alpinistlər üçün dünyanın ən çətin sınaqlarından hesab olunur. Çünki burada yalnız fiziki güc deyil, həm də psixoloji dözümlülük, səbir və peşəkarlıq tələb olunur. Hündürlük artdıqca oksigen azalır, hava temperaturu mənfi dərəcələrə düşür, qar uçqunu və güclü külək təhlükəsi yaranır. İsrafil Aşurlı da bu çətinliklərlə üz-üzə qalıb. O, Everest ekspedisiyasına uzun illər hazırlaşıb. Müxtəlif dağlarda təcrübə toplayaraq həm texniki biliklərini, həm də fiziki hazırlığını artırıb. 2007-ci ildə “Seven Summits Club” tərəfindən təşkil olunan beynəlxalq ekspedisiyaya qoşulan Aşurlı Everestə Tibet istiqamətindən qalxmağa başlayıb. Ekspedisiyaya tanınmış rusiyalı alpinist Aleksandr Abramov rəhbərlik edirdi.
Zirvəyə gedən yol son dərəcə təhlükəli olub. Alpinistlər buz çatları, sərt hava şəraiti və oksigen çatışmazlığı ilə mübarizə aparıblar. Buna baxmayaraq, İsrafil Aşurlı geri çəkilməyib və 19 may 2007-ci ildə Everestin 8848 metrlik zirvəsinə çatıb. O an Azərbaycan bayrağını zirvədə dalğalandıraraq ölkə tarixində yeni bir səhifə açıb. Bu hadisə Azərbaycanda böyük maraq və qürur hissi ilə qarşılanıb. Çünki ilk dəfə idi ki, bir azərbaycanlı dünyanın zirvəsinə yüksəlirdi. İsrafil Aşurlının uğuru gənclər üçün motivasiya nümunəsinə çevrildi və ölkədə alpinizmə marağı artırdı.
Everest fəthindən sonra da o, fəaliyyətini davam etdirib. İsrafil Aşurlı sonrakı illərdə dünyanın ən çətin zirvələrindən bir neçəsini də fəth edib. O, Şimal qütbünə çatan ilk azərbaycanlılardan biri olub, həmçinin “Qar bəbiri” fəxri adına layiq görülüb. Bu ad keçmiş SSRİ məkanındakı ən çətin beş zirvəni fəth edən alpinistlərə verilir.
İsrafil Aşurlının fəaliyyəti göstərir ki, böyük məqsədlərə çatmaq üçün yalnız istək kifayət deyil. Bunun üçün uzunmüddətli hazırlıq, intizam, riskə hazır olmaq və iradə lazımdır. O, öz uğuru ilə sübut etdi ki, Azərbaycan idmançıları dünyanın ən çətin zirvələrində belə ölkəni layiqincə təmsil edə bilərlər.
Sözügedən uğurla bağlı Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı Crossmedia.az-a qısa müsahibə verib.
-İsrafil bəy, 2007-ci il 19 mayda zirvəyə çatanda ilk nə düşündünüz?
-Məqsədimə çatdım və arzumu gerçəkləşdirdim. Bunun üçün yeddi il məşq etdim. Yadımdadır ki, 2000-ci ildə alpinizm üzrə 3-cü dərəcəni alanda təlimatçımdan soruşdum: "Everestə çıxa bilərəmmi?" O, cavab verdi: "Bəli. Amma buna hazırlaşmalısan". 7 il məşq etdim və hazırlaşdım. Elbrusa bir neçə dəfə dırmandım. Orta Asiyada Lenin zirvəsinə, Korjenevskaya zirvəsinə və Kommunizm zirvəsinə qalxmışam. Antarktidada Vinson Massivinə, Argentinada Akonkaquaya , Alyaskada Denaliyə uğurlu dırmana bacardım.
-O anı bir cümlə ilə necə təsvir edərdiniz?
-Mən planetin ən yüksək zirvəsində dayanıram və hazırda məndən daha yüksəkdə kimsə dayanmır.
-Everestdə ən qorxulu anınız nə olub?
-Ölən alpinistlərin cəsədlərini görmək istəmirdim. Dırmaşma zamanı yağan qar bütün ölüləri məndən gizlətdi.
-Ölüm təhlükəsi ilə üz-üzə qaldığınız məqam oldumu?
-Everestdə, bəlkə də, yox. Amma digər zirvələrdə özümü bir neçə dəfə çətin vəziyyətlərlə qarşılaşmışam.
-Hansısa məqamda geri dönmək barədə düşündünüz?
-Yox. O vaxt belə fikirlər ağlıma gəlməmişdi. Zirvəyə çatmaq məqsədim var idi və əla texniki və fiziki formada idim.
-İlk azərbaycanlı olaraq Everestə çıxmaq sizdə hansı məsuliyyəti yaratdı?
-Mən alpinizmi sevirəm. Yürüyüşdən zövq alıram. Elə oldu ki, səkkiz minlik zirvələrə - Everest, Kançencanqa, Lhotse, Makalu, Manaslu, Nanqa Parbat, Annapurna, Broud pik, Qaşerbrum II, eləcə də dünyanın 30-dan çox digər zirvəsinə qalxan və Azərbaycan bayrağını onların üzərində dalğaldıran ilk Azərbaycan vətəndaşı oldum. Bu bayraq Dövlət Bayrağı Muzeyində saxlanılır.
Amma mənim üçün vacib olan bu zirvələrə qalxmağım deyil, çətin anlarda özümü itirməməyim, insanların köməyinə gəlməyim və xilasetmə əməliyyatlarında iştirak etməyimdir.
Fatimə Məmmədova
18:43 19.05.2026
Oxunuş sayı: 66