Bu layihə Azərbaycan siyasi iradəsinin nəticəsidir - Zahid Oruc
Bakı-Tbilisi dəmiryolu xəttinin açılması Cənubi Qafqaz regionunda yeni logistik və iqtisadi imkanların yaranması baxımından əlamətdar hadisədir.
Bu layihə region ölkələri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edən mühüm infrastruktur addımıdır.
Bəzən belə layihələrin siyasi mənsubiyyəti ilə bağlı fərqli iddialar səslənsə də, onların arxasında dayanan əsas reallıq uzunmüddətli dövlət strategiyası və ardıcıl diplomatik fəaliyyətlərdir. Azərbaycanın bu istiqamətdə apardığı siyasət regional inteqrasiyanın əsas sütunlarından biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və qətiyyətli siyasəti regionda qarşılıqlı əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Bu yanaşma nəticəsində nəqliyyat layihələri həm iqtisadi, həm də siyasi sabitlik üçün vacib vasitəyə çevrilir ki, Bakı-Tbilisi dəmiryolu xəttinin açılması da elə bu qəbildəndir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Qeyd etdiyiniz məsələ iki gün öncə Azərbaycan dövlətinin yüksək səviyyəli rəsmi şəxsləri tərəfindən mediaya təqdim edilmiş və bu istiqamətdə işlərin davam etdirildiyi bildirilmişdir. Hesab edirəm ki, əgər bu layihə heç şübhəsiz, məhz Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olacaqdır.
Təkcə dəmiryolu xətlərinin çəkilməsi və istismarı deyil, ümumilikdə Gürcüstanın son 30 illik müstəqillik dövründə bir çox regional layihələrdə Azərbaycan dövləti və onun rəhbərliyi bilavasitə Gürcüstan dövlətçiliyinin möhkəmlənməsinə, müstəqilliyinin qorunmasına və ərazi bütövlüyünün təmin olunmasına mühüm töhfələr vermişdir.
Bu proses təkcə 1990-cı illərin ağır mərhələlərini deyil, həm də sonrakı dövrləri – xüsusilə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsini və ondan sonrakı illəri də əhatə edir. Hətta müxtəlif siyasi dövrlərdə, o cümlədən Mixeil Saakaşvilidən sonrakı mərhələdə bəzi dairələr tərəfindən münasibətlərin yenidən gərginləşdirilməsinə cəhdlər olsa da, Gürcüstan tərəfi zamanla daha çox sabitlik və əməkdaşlıq xəttinə üstünlük vermişdir.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ümumilikdə Azərbaycanın strateji təşəbbüsü kimi formalaşmış və regionun nəqliyyat xəritəsini dəyişdirən mühüm layihələrdən biri olmuşdur.
Tarixi baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə müqayisə edilə biləcək bu layihə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər. Layihənin açılışı 2017-ci ilin sonlarına təsadüf edir və regionun logistik inteqrasiyasında mühüm mərhələ təşkil edir.
Bəzi beynəlxalq aktorların ilkin mərhələdə bu layihələrə ehtiyatla yanaşmasına baxmayaraq, Azərbaycan tərəfinin qətiyyətli mövqeyi nəticəsində onlar reallığa çevrilmişdir. Xüsusilə, Avropa və digər region ölkələrinin sonradan bu layihələrə dəstək verməsi onun strateji əhəmiyyətini bir daha təsdiqləmişdir.
Hazırkı mərhələdə sərnişin daşımalarının genişləndirilməsi kimi təşəbbüslər həyata keçirilərsə, bu, hər iki ölkə arasında həm vətəndaşların, həm də biznes subyektlərinin qarşılıqlı əlaqələrinin inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycan dövləti bu məsələlərdə hər zaman təhlükəsizlik və milli maraqları əsas prioritet kimi nəzərə almışdır. Bu yanaşma zərurətdən irəli gələn, lakin eyni zamanda regionun sabitliyinə xidmət edən bir siyasətdir.
Hökumət mövcud məhdudiyyətlərin insanların gündəlik həyatına müəyyən çətinliklər yaratdığını anlayır, lakin bütün risklər nəzərə alınaraq bu qərarlar qəbul edilmişdir.
Nəticə etibarilə, belə layihələrin reallaşması yalnız Azərbaycan dövlətinin siyasi iradəsi və strateji mövqeyi ilə mümkündür. Əgər qarşı tərəfdən bu məsələlərlə bağlı fərqli iddialar səsləndirilirsə, bu, təəssüf doğursa da, reallığı dəyişmir: regional miqyaslı layihələr Azərbaycan iradəsi və iştirakı olmadan həyata keçirilə bilməz".
Elmir Heydərli
14:47 20.05.2026
Oxunuş sayı: 51