Azərbaycan Ankarada 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Ankaradakı ATO Konqresium mərkəzində təşkil edilən 3-cü Dünya Mədəniyyətləri Festivalının açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, festival Türkiyədə fəaliyyət göstərən bir çox xarici dövlət təmsilçilərinin, diplomatik nümayəndəliklərin və mədəniyyət mərkəzlərinin iştirakı ilə baş tutub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi "Azərbaycan stendi" təqdim edib. Milli stenddə ziyarətçilərə Azərbaycan xalçaları, suvenirlər, kəlağayılar, milli mədəniyyət nümunələri təqdim olunub. "Azərbaycan" stendini ziyarət edənlər ölkəmizin milli mədəniyyəti haqqında məlumatlandırılıb.
Proqramın bir hissəsi olaraq, festival səhnəsində Mədəniyyət Mərkəzinin "Zəngəzur" rəqs ansamblı Azərbaycan xalq rəqslərini ifa edib.
Festivalda müxtəlif ölkələrdən ənənəvi rəqs və musiqi kollektivləri, milli geyimlərin nümayişləri, incəsənət və qastronomiya seminarları, yemək təklifləri, mədəni söhbətlər, film nümayişləri və müxtəlif müsabiqələr yer alıb.
Tədbirin təşkilatçısı "Sirus" vəqfinin rəhbəri Serap Gürkan Firdevsi "Report"un Türkiyə bürosuna bildirib ki, dünyanın 63 ölkəsi arasında Azərbaycan rəqsləri xüsusilə fərqlənib.
"Bizim Azərbaycan musiqilərinə böyük heyranlığımız var. Bu tədbirdə ifa olunan Azərbaycan rəqslərini də beynəlxalq festivala iki ay ərzində sərf olunan gərgin əməyimizin mükafatı hesab edirəm".(Report)



21:55 13.12.2025
Oxunuş sayı: 1164