"Yarqunat": Ssenarini ilk dəfə oxuyanda ağladım - Müsahibə
"Soyuq Günəş" filmi illər keçsə də tamaşaçıların yaddaşından silinmir. Bu ekran işi təkcə bir sevgi hekayəsi deyil – ayrılığın, susqun kədərin və taleyin içində itib-batan iki gəncin yanğısının hekayəsidir. Filmin hər kadrında gözləməyin ağır nəfəsi, sevginin həm şəfa, həm də yara olması hiss olunur. Elə buna görə də insanlar hələ də bu filmi izləyir, yenidən hiss edir və danışırlar. Bu hekayəyə can verən obrazlardan biri də Yarqunatdır. Onun yaşadığı sevgi, çəkdiyi iztirab və içində daşıdığı ümidsiz gözlənti ekran qarşısında minlərlə tamaşaçını ağlatdı. Amma bu yükün ən böyük hissəsini Yarqunatı canlandıran aktrisa İranə Kərimova daşıdı. O, yalnız rol oynamadı- bir qadının illərlə içində saxladığı fəryadı, susduqca böyüyən ağrını və ömrünü gözləməyə sərf edən bir sevginin izini öz ruhunda yaşadı.

İranə Kərimova deyir ki, ssenarini oxuyan ilk an ağlamağa başladı. O sevginin ağırlığı, o ayrılığın acısı və bir qadının illərlə darvazaya baxıb “bəlkə bu gün gələr” ümidi onun üçün təkcə bədii mətn olmadı — insanın içini yandıran gerçək bir hekayə kimi təsir etdi. Və həmin anda özünə çox sadə, amma çox ağır bir sual verdi: “Mən bu yükü daşıya biləcəyəmmi?”
Bu müsahibədə İranə Kərimova təkcə çəkiliş prosesindən danışmır. O, Yarqunatın yaşadıqlarını necə içində hiss etdiyini, hansı səhnələrdə özünü itirdiyini və bu rolun onun həyatında necə iz buraxdığını açıq şəkildə bölüşür. Onun sözlərindən aydın olur ki, “Soyuq Günəş” sadəcə bir film deyil- bir çox insanın qəlbində açılıb sağalmayan yara kimi qalan bir hekayədir.
– İranə xanım, filmdə yer almaq təklifini qəbul edərkən ilk nə düşündünüz?
– Mən bu təklifi alanda ilk təəssüratım çox gözəl olmuşdu. Sonradan mənə ssenari göndərdilər. Ssenarini oxuyarkən çox təsirlənmişdim, kədərlənmişdim. Mən çox duygusal insan olduğum üçün bu mənə çox pis təsir etmişdi və tərəddütə düşdüm ki, “görəsən mən bu ağırlıqda yükü daşıya bilərəmmi? Aktrisa olaraq yox, insan olaraq bu yükü içimdə daşıyıb, bunu insanlara çatdıra bilərəmmi?” – deyə özümə o sualı verdim. Amma təbii ki, bu əsərin altında qaldığım ilk hisslər idi. Sonradan özümü toparladım. Düşündüm ki, bu təklif və əsər çox gözəldir. Əgər mən bu filmə çəkilsəm, bu bir tarix olar deyə fikirləşdim. Çünki bu Azərbaycan aktyorları ilə çəkilmiş ilk ləzgi filmi idi. Ona görə də bu təklifi böyük bir məmnuniyyətlə qəbul etdim.
– İranə xanım, obrazı canlandırarkən yaşadığınız sevgi və itkini özünüzdə necə hiss etdiniz?
– Mən hər kəsə Yarqunatın yaşadığı kimi təmiz və ülvi sevgini yaşamağı arzulayıram. Amma təbii ki, sonu belə bitməmək şərtilə. Yarqunatı daha çox kənardan müşahidə edirdim. O obrazı canlandıra-canlandıra onun yaşadığı hissləri, itkini, o üzüntünü, illər yaşadığı Yarmətə olan özləmi, onsuz qaldığı anları gözümün qarşısında təsəvvür edirdim. Bütün bunları sadəcə filmdə yox, filmdən kənarda olan hekayə kimi canlandırmağa çalışırdım ki, bu illər ərzində bu qadın nələr çəkib, hansı əzablarla öz oğlunu böyüdüb, hər gün gözü qapıda qalıb, Yarməti gözləyib. Bunları gözümün qarşısında canlandırmağım çəkiliş zamanı mənə çox kömək olurdu.
– O zamanlar 20 yaşınız var idi və bu ilk böyük ekran işiniz idi. Bu məsuliyyəti necə qarşıladınız?
– O zamanlar 20 yaşım var idi və bu ilk böyük ekran işim, ilk baş rolum idi. Böyük bir məsuliyyət keçirirdim. Yarqunatın yeri hazırda mənim üçün başqadır. Çünki mən heç vaxt düşünə bilməzdim ki, bu film mənə bu qədər uğur gətirə bilər, insanlar tərəfindən tamaşaçı sevgisi gətirə bilər. İnsanlar mənə öz sevgi hekayələrini indiyədək yazırlar. Bəzən məsləhət alırlar. Filmin çəkilişindən illər keçsə də insanlar hələ də izləyirlər. Bu çox qürurverici bir şeydir. Deməli bizim gördüyümüz işin bir nəticəsi oldu. Bu sadəcə məşhurluq xatirinə çəkilmiş və kənara qoyulmuş bir film olmadı. Bu film insanların qəlbinə toxuna bildi. İnsanların həyatında nəyinsə dəyişməsi üçün müsbət bir rol oynadı.
– “Soyuq Günəş” filmindəki ən çətin səhnə sizin üçün nə oldu?
– Mənim üçün ən çətin səhnə Yarqunatın Sona ilə olan bir dioloqu idi. Hansı ki, mənim ilk çəkiliş günüm idi və mən ilk dəfə idi ki, belə çətin bir səhnə ilə qarşılaşmışdım. Bilmirdim bacaracam, yoxsa bacarmayacam. O duyğulu səhnələrdə ağlamaq lazımdır, tamaşaçını həmçinin ağlatmaq lazımdır. O səhnədə rejissorlarımızın mənə böyük köməyi oldu. Rejissor mənə bir hekayə danışdı və məni o hekayəyə saldı və mən o səhnəni canlandırmağı bacardım. Heç bir aktyor səhnədə özünü izləyərkən özünü bəyənmir. Mənim də özümü bəyənmədiyim səhnələr çoxdur. Düşünmüşəm: “Kaş daha yaxşı oynayardım”, “Kaş ki, burada bir az fərqli edə bilərdim”. Sırf Sona ilə olan səhnə isə mənim ürəyimcə idi. Ən çətinlik çəkdiyim səhnə də o oldu.
Oktyabr ayının sonları olduğuna görə bizə bəzən hava şəraiti mane olurdu. Filmi Qusar rayonunun Yarqun kəndində çəkmişik və oktyabr ayı orada sanki qış idi. Biz isə filmdə yayı nazik geyimlərlə canlandırırdıq. Hər kəs bu filmi Yarqunatla Yarməti o qədər sevmişdi ki, düşünürəm ki, ona görə film bu qədər uğurlu alındı.
Fatimə Məmmədova
13:50 13.12.2025
Oxunuş sayı: 1658