Lukaşenko müxalifət liderlərini azad etdi: Kolesnikova, Babariko, Belyatski və daha 120 siyasi məhbus azadlıqdadır
Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə məhkum edilmiş 123 siyasi məhbusu əfv edib. Qərarın ABŞ prezidenti Donald Trampla aparılan danışıqlar və əldə olunan razılaşmalar çərçivəsində, onun xahişi ilə qəbul edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki,əfv qərarı Belarusun kalium sənayesinə qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə əlaqələndirilir. Rəsmi dairələr bu addımın beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasına və diplomatik dialoqun genişləndirilməsinə yönəldiyini vurğulayır.
Azadlığa buraxılanlar arasında Belarus müxalifətinin tanınmış simaları – müxalifət lideri Mariya Kolesnikova, keçmiş prezidentliyə namizəd Viktor Babariko, eləcə də 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatski də yer alır.
Bildirilir ki, əfv olunan şəxslərin hamısı artıq Belarus ərazisini tərk edib. Onların bir qisminin, o cümlədən Kolesnikova və Babarikonun Ukraynaya aparıldığı qeyd olunur. Hadisə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və regionda siyasi proseslərə mümkün təsirləri müzakirə olunur.
Nastya Qəniyeva
20:53 13.12.2025
Oxunuş sayı: 1083