Çağırış sistemi dəyişdirilir - YENİ QƏRAR
Azərbaycanda hərbi xidmət sisteminin gələcək modeli ilə bağlı müzakirələrdə ümumi çağırışla yanaşı, alternativ hərbi xidmət və müqavilə əsasında peşəkar xidmət mexanizmləri də gündəmə gətirilir. Mövcud qanunvericiliyə əsasən, hərbi xidmətə yararlı 18 yaşına çatmış kişi vətəndaşlar müddətli həqiqi hərbi xidmət keçməlidir. Eyni zamanda, əqidəsi həqiqi hərbi xidmət keçməyə zidd olan vətəndaşlar üçün qanunla müəyyən edilmiş hallarda alternativ xidmət imkanı nəzərdə tutulur. Son dövrdə hərbi xidmətin təşkili ilə bağlı qanunvericilikdə də dəyişikliklər aparılır. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2026-cı ilin sentyabrında hərbi qulluqçuların xidməti və təminatı ilə bağlı qanun layihəsi müzakirə olunub. Qanunvericilikdə müqavilə əsasında müddətdən artıq xidmət, gizir və zabit heyətində xidmət kimi mexanizmlər də ayrıca tənzimlənir. Bu proses fonunda çağırış sisteminin gələcəkdə peşəkar hərbi xidmətlə necə əlaqələndiriləcəyi məsələsi yenidən diqqət mərkəzinə gəlib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanda peşəkar orduya keçidlə bağlı proses uzun müddətdir davam edir:

"Qələbədən sonra, təbii ki, bu addımlar atılmalıdır. Biz peşəkar orduya keçid istiqamətində uzun müddətdir ki, sistemli və ardıcıl addımlar atırıq, məqsədyönlü tədbirlər həyata keçiririk. Artıq ordunun bir hissəsi peşəkar orduya keçib, xüsusi təyinatlılarımız var. Orduda bir çox ixtisaslar müqavilə əsasında formalaşıb. Ancaq çağırış sistemi də qalmalıdır. Çağırış sistemi növbəti mərhələ üçün zəmindir. İnsan orta məktəbi bitirdikdən sonra müəyyənləşdirir ki, peşə ardınca gedəcək, yoxsa ali təhsil alacaq. Ona görə də çağırış sistemi olmalıdır ki, hərbi xidmət vasitəsilə peşəkar orduya, müddətdən artıq hərbi qulluqçu (MAXE) və ya gizir kimi xidmətə cəlb olunsunlar. Yəni gənc hərbi xidmət etməlidir ki, öz yolunu müəyyənləşdirə bilsin. Təbii ki, alternativ xidmət də Konstitusiyada var və bunun tətbiqi istiqamətində müxtəlif fikir və təkliflər mövcuddur. Hesab edirəm ki, bu da aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq".
Hərbi ekspert qeyd edib ki, ümumiyyətlə, çağırış və səfərbərlik sistemində son illərdə sistemli və ardıcıl addımlar atılıb. Bu addımların nəticəsində xeyli işlər görülüb. Azərbaycan dövləti bununla bağlı islahatlar aparır. Bu islahatlar ölkənin və dövlətin təhlükəsizliyini, müdafiə qabiliyyətini daha da gücləndirir, vətəndaş məmnunluğu yaradır. Biz yaxın gələcəkdə ard-arda səfərbərlik və çağırış sistemində təkmilləşməni və yeni islahatları görəcəyik. Bu istiqamətdə xeyli böyük addımlar atılıb və proses sürətlə davam edir. Ümumiyyətlə, dünyada və regionda baş verən proseslər, gələcəkdə ola biləcək məsələlər, ölkə vətəndaşlarının sayı, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri — hamısı təhlil edilir, sistemli və ardıcıl addımlar atılır.
Zeynəb Həsən
14:35 01.10.2026
Oxunuş sayı: 59