Bahalı ehsanlara və qəbir daşlarına qadağalar tətbiq olunur
Azərbaycanda yas mərasimləri uzun illərdir həm dini, həm də sosial ənənələrin mühüm tərkib hissəsi kimi qəbul olunur. Son dövrlərdə Azərbaycanın bir sıra rayonlarında yas mərasimlərində ehsan verilməsinin məhdudlaşdırılması və qara mərmər qəbirüstü daşların qadağan edilməsi barədə söhbətlər ictimai müzakirələrə səbəb olur. Rəsmi qurumlar bu addımı israfçılığın qarşısının alınması və sadəliyin təşviqi ilə əsaslandırsa da, qərar cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli qarşılanır.
Ehsan vermək ənənəsinin məhdudlaşdırılması barədə Crossmedia.az saytına açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli islamın həm dirilərə, həm də dünyasını dəyişənlərə hörmət göstərən din olduğunu qeyd edib : " İslam dini ümumilikdə mədəniyyət dinidir. Bu din, dirilərə hörmət və ehtiram etdiyi kimi, dünyadan köçmüş insanlara da eyni münasibəti göstərir. Lakin insanı ilahiləşdirmədiyi kimi, onu kölələşdirməz də insana necə layiqli dəyər verilirsə, vəfat edənlərə də eyni dərəcədə ehtiram göstərilir. Bu səbəbdən, insan dünyadan köçərkən ona münasibətdə gözəl vida prinsipi irəli sürülür.
İslam ənənəsinə görə, üç günlük yas mərasimi nəzərdə tutulur. Peyğəmbərimiz (s.ə.s.) dövründə də yas günləri üç gün davam edir və bu müddətdə insanlar başsağlığı vermək üçün həmin evə gedirmişlər. Allah Rəsulu (s.ə.s.) isə onlara bildirirmiş ki, bu evdə hüzn var; ev sahibləri çətinlik çəkməsin deyə başsağlığına gələnlər özləri ilə yemək gətirsin və yas əhli ilə birlikdə həmin yeməyi paylaşsınlar.
Sonrakı dövrlərdə isə dinin içərisinə bəzi adət-ənənələr daxil olmuş, nəticədə “ehsan” kimi uca bir ibadət yalnız yas mərasimlərində verilən süfrə ilə məhdudlaşdırılmışdır. Halbuki “ehsan” sözü “əhsən” kökündən olub “daha gözəl iş görmək” mənasını verir. Bunun bir hissəsi yemək ola bilər, lakin ehsan bütün ibadətlərin ən gözəlinə qədər uzanan geniş bir anlayışdır. Peyğəmbərimiz (s.ə.s.) bir hədisdə buyurur: “Allahı görürmüş kimi ibadət etməyə ehsan deyilir; siz Onu görməsəniz də, Allah sizi görür.” Bu, ehsanın mahiyyətini ifadə edən bir baxış bucağıdır.
Bu gün isə “ehsan” deyiləndə insanların ağlına daha çox yas mərasimlərində verilən yeməklər gəlir. Lakin ölkəmizin müxtəlif bölgələrində son illər aparılan təbliğat və maarifləndirmə nəticəsində bir çox məclislərdə yemək vermək dayandırılıb. İnsanlar rahat şəkildə yas məclisinə gəlir, söhbətləri dinləyir, başsağlığı verir və çıxıb gedirlər. Bu, imkanı məhdud ailələr üçün də daha münasibdir. Əvvəllər yoxsul insanlar bəzən borca girərək ehsan verməyə məcbur qalırdılar. İndi isə çay, xurma və ən çoxu halva ilə bu mərasimi həyata keçirmək mümkündür və üç gün ərzində ailəyə əlavə yük düşmür".
İlahiyyatçı bahalı qəbir daşlarının israfçılıq olduğunu bildirib: " Mərmər və bahalı qəbir daşlarına gəldikdə isə bu, böyük israf sayılır. İslamda israf ciddi şəkildə qınanır və Allah-Təala israf edənləri “şeytanın qardaşları” adlandırır, onun böyük günah olduğunu bildirir. Vəfat etmiş bir insan üçün təmtəraqlı məzar tikməyin dini baxımdan heç bir mənası yoxdur. Allah insandan soruşmayacaq ki, məzarın nə qədər böyük idi və ya qara daşların neçə manata başa gəldi. Ondan soruşulacaq: “Bu dünyada nə gətirdin? Hansı ibadətləri yerinə yetirdin? Hansı xeyirli əməlləri etdin? Kimlərin qəlbini sevindirdin? Haramdan nə qədər uzaq oldun? İnsanlıq borcunu necə yerinə yetirdin?”
Bu səbəbdən qəbiristanlıqlara və qəbirlərə münasibətimizi düzəltməliyik. Bahalı məzarlar tikməkdənsə, həmin vəsaiti qocalar evinə, körpələr evinə, imkansız insanlara, ehtiyaclı tələbələrə və digər xeyriyyə istiqamətlərinə yönəltmək daha savabdır. Bu cür xeyriyyə işlərinə “sədəqeyi-cariyə” deyilir — yəni savabı qiyamətə qədər davam edən əməllər. Məsələn, bir məscidin, məktəbin, universitetin tikilməsi və ya bir tələbənin yetişdirilməsi kimi işlərin savabı insanın əməl dəftərinə davamlı şəkildə yazılır".
Sonda A. Hacıbəyli əsas diqqəti əmələrimizə yönəltməyin vacibliyini vurğulayıb: " İsrafa yol vermədən qəbirlərimizi sadə və təvazökar şəkildə inşa etməli, əsas diqqəti isə məzarın “daxili hazırlığına” — yəni saleh əməllərimizə yönəltməliyik. Çünki insan bu dünyadan heç nə aparmır; aparacağı yalnız yaxşı əməlləridir".
Ehsan verilməsi və qara mərmər daşın qadağan olunması icma həyatında dəyişikliklər yaradır, mərasimlər daha sadə keçirilir, amma insanların bir-birinə dəstək və sosial bağlılıq göstəricilərinə təsiri mümkündür.
Ehsan verilməsinin və qara mərmər daşın qadağan edilməsinin ictimai davranışlara və yerli adət-ənənələrə təsiri məsələsinə toxunan sosioloq Rəvan Əliyev açıqlamasında ehsan və qara mərmər daş qadağaların cəmiyyətin sosial davranışında rol oynadığını bildirib : " Bəzi rayonlarda ehsan verilməsinə və qara mərmər daşlara qoyulan qadağalar cəmiyyətin sosial davranışlarına birbaşa təsir edən addımlardır. Ehsan mərasimləri ənənəvi olaraq icma həmrəyliyinin, bir-birinə dəstəyin mühüm hissəsidir. Lakin son illər bu mərasimlərin sosial yarışa və maddi yükə çevrildiyi də reallıqdır. Qadağaların arxasında əsasən israfçılığın qarşısının alınması və sosial bərabərliyin qorunması motivləri dayanır.
Mərasimlərin sadələşdirilməsi uzunmüddətli perspektivdə həm ailələrin maddi yükünü azaldır, həm də ənənələrin daha rasional və təvazökar formada davam etməsinə şərait yaradır. Vacib olan odur ki, bu proses inzibati sərtliklə deyil, izah və maarifləndirmə ilə müşayiət olunsun ki, icma münasibətlərində soyuqluq yaranmasın ".
Beləliklə, ehsan və qara mərmər daşın qadağan olunması həm sosial, həm dini baxımdan mərasimlərin sadələşdirilməsinə və israfçılığın qarşısının alınmasına xidmət edir, eyni zamanda icma ənənələri və mənəvi dəyərlərlə bağlı müxtəlif müzakirələrə yol açır.
Pərvin Hacıyeva
18:40 13.12.2025
Oxunuş sayı: 1764