İran və ABŞ arasında mümkün razılaşma layihəsinin detalları açıqlanıb
İranın yüksək səviyyəli rəsmisinin məlumatına görə, İran və ABŞ arasında hazırlanmaqda olan memorandum layihəsi neft sanksiyalarının ləğvi, nüvə proqramına məhdudiyyətlər və dondurulmuş aktivlərin sərbəst buraxılması kimi geniş məsələləri əhatə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, layihə çərçivəsində tərəflər arasında razılaşmanın əldə olunmasından sonra 60 gün ərzində yekun sənədin müzakirəsi nəzərdə tutulur.
Sənəddə qeyd olunan əsas bəndlərdən biri Hörmüz boğazı ilə bağlıdır. Bildirilir ki, İran boğazı bütün ticarət gəmiləri üçün açmağı öhdəsinə götürür, ABŞ isə İran limanlarına tətbiq olunan dəniz məhdudiyyətlərini mərhələli şəkildə aradan qaldıracaq.
Maliyyə hissəsinə görə, ABŞ yekun razılaşma əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə razıdır. Eyni zamanda, razılaşma baş tutacağı təqdirdə mövcud sanksiyaların mərhələli şəkildə ləğvi planlaşdırılır. Layihədə həmçinin İrana məxsus 25 milyard dollar həcmində dondurulmuş aktivlərin sərbəst buraxılması məsələsi də yer alır.
Nüvə proqramı ilə bağlı müddəalarda İranın nüvə silahı əldə etməməyə və istehsal etməməyə razı olduğu, yekun razılaşma əldə edilənədək isə uranın zənginləşdirilməsi və nüvə obyektlərinin genişləndirilməsinin dayandırılacağı bildirilir.
Layihəyə əsasən, ABŞ regiondakı müttəfiqləri ilə birlikdə İranın yenidən qurulması və inkişafına dair plan hazırlayacaq və bu sənəd də danışıqlar çərçivəsində razılaşdırılacaq.
00:40 15.06.2026
Oxunuş sayı: 49