Ərdoğan: Qəzzaya qüvvə göndərilməsi ilə bağlı hələ təklif yoxdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinə Qəzza zolağına beynəlxalq sabitləşdirici qüvvələrin göndərilməsi ilə bağlı hələlik heç bir rəsmi müraciət daxil olmayıb.
Crossmedia.az bu barədə "Doğru Haber"ə istinadən xəbər verir.
“Bu məsələ ilə bağlı bizə hələ heç bir təklif və ya müraciət daxil olmayıb. Bu mövzuda görüşlərin keçiriləcəyi ilə bağlı müəyyən söz-söhbətlər eşidirik. Əgər bu görüşlər sülh naminə keçirilirsə, biz istənilən vaxt iştirak etməyə hazırıq” – deyə Ərdoğan qeyd edib.
Ərdoğanın sözlərinə görə, hazırkı mərhələdə Qəzzada insanların əsas ehtiyaclarının və yaşayış problemlərinin təcili şəkildə həll olunması vacibdir.
Bundan əlavə, Türkiyə Prezidenti ABŞ Prezidenti Donald Trampla Ukrayna üzrə sülh planını müzakirə etməyə ümid etdiyini bildirib. Ərdoğan bu mövzunu daha əvvəl Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə etdiyini xatırladıb.
“Bildiyiniz kimi, bu məsələ ilə ABŞ Prezidenti Donald Tramp məşğuldur. Xarici işlər nazirimiz Hakan Fidan ABŞ tərəfi ilə daimi əlaqə saxlayır. Biz həmçinin liderlərlə vaxtaşırı telefon danışıqları aparırıq. Putinlə görüşdən sonra ümid edirik ki, Tramp ilə də bu sülh planını müzakirə etmək fürsəti əldə edəcəyik. Sülh uzaqda deyil, biz bunu görürük” – deyə Ərdoğan vurğulayıb.
Günel Verdiyeva
18:28 13.12.2025
Oxunuş sayı: 947