Heydər Əliyevin siyasi irsi: 1993-cü ildən yeni tarixi mərhələyə - Deputat şərhi
1993-cü il Azərbaycanda dövlətçilik tarixinin mürəkkəb siyasi mərhələlərindən biri kimi yadda qalıb. Həmin ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev 98,8 faiz səs toplayaraq prezident seçilib. Bundan əvvəl isə ölkədə siyasi və ictimai sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və qarşıda duran sosial-iqtisadi problemlərin həlli əsas məsələlərdən olub. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrdə siyasi sistemin formalaşdırılması, çoxpartiyalı siyasi mühitin yaradılması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsaslarının müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Sonrakı illərdə bu siyasi kurs çərçivəsində ölkənin iqtisadi, hərbi və institusional imkanlarının genişləndirilməsi ilə bağlı proseslər davam edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük azərbaycanlıdır: "Bu unikal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Heç kəsə sirr deyildir ki, ulu öndər 1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi".
Deputat qeyd edib ki, ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu: "Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı ki, 1920-ci ildən başlayaraq müstəqillik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olmaz. Eyni zamanda həmin dövrün repressiya, qanunsuzluq və insan hüquqlarının pozulması kimi qaranlıq səhifələri də var. Ulu öndər gənclər qarşısında çıxışında təhsil və gənclər siyasəti sahəsində həlli gözləyən mürəkkəb problemlərə diqqət çəkir, Azərbaycan gənclərinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinin vacibliyini vurğulayırdı. O, eyni zamanda gənclər arasında sərxoşluq, narkomaniya və fərarilik kimi halların artmasından narahatlığını bildirirdi. Heydər Əliyevin Azərbaycan gəncləri ilə görüşləri cəmiyyətdə böyük siyasi rezonans doğurdu. 1993-cü il oktyabrın 1-də isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşdü. O, Azərbaycanda yaşayan bütün xalqların siyasi əqidəsindən, millətindən və dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacağını bəyan etdi. 3 oktyabr 1993-cü il prezident seçkilərində Heydər Əliyev 98,8 faiz səs toplayaraq prezident seçildi. Sonrakı dövrdə Azərbaycanda dövlət institutlarının formalaşdırılması, siyasi və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində proseslər həyata keçirildi. 2020-ci ildə Azərbaycan ordusunun hərbi əməliyyatları nəticəsində ərazi bütövlüyünün bərpası, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa edilməsi ölkənin müasir tarixində yeni mərhələ yaratdı. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində isə İlham Əliyev prezident seçildi. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair əldə olunan razılaşmalar da regionun siyasi gündəmində mühüm hadisə kimi qiymətləndirilir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir".
Zeynəb Həsən
17:30 01.10.2026
Oxunuş sayı: 56