Türk dünyasının görkəmli mütəfəkkiri: Hilmi Ziya Ülken
Türk dünyasının görkəmli mütəfəkkiri Hilmi Ziya Ülkən elm və bə¬dii yaradıcılıqla məşğul olmuş, filosof, sosioloq, şair və nasir ki¬mi tanınmışdır. Türkiyənin elmi-mədəni həyatında fəal iştirak edən alim yaradıcılığı ilə elmin və fəlsəfi fikrin inkişafında müstəsna xid¬mət göstərmişdir.
Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Atası kimyaçı professor Mehmet Ziya Ülkən, anası Müşfiqə xanımdır. Alim ilk təhsilini Özəl Təfəyyüz Məktəbində, orta təhsilini isə İstanbul Sultaniyəsində (indiki İstanbul Erkək Liseyində) almışdır. Hilmi Ziya Ülkən 1918-ci ildə liseydən sonra Tibbiyyə və Mülkiyyənin imtahanlarını birinciliklə qazanır. Atasının təkidi ilə Tibbiyyəyə daxil olur, lakin fəlsəfəyə marağı vardı. On üç yaşında başlayan xronik bronxit və asma xəstəlikləri onu Tibbiyyənin ilk aylarında yatağa salır. Yaxşılaşdıqdan sonra Mülkiyyədə təhsil alır.
Hilmi Ziya Ülkən 1921-ci ildə Mülkiyyəni birinciliklə bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Bəşəri Coğrafi assistentlik imtahanını qazanmış, eyni zamanda həmin fakültədə fəlsəfə bölümündə fəlsəfə tarixi, etika və sosiologiya təhsilini almışdır.
Mütəfəkkir ilk öncə liseylərdə müəllim kimi çalışmış, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. Hilmi Ziya Ülkən 1927-1929 illərdə fəaliyyət göstərən “Fəlsəfə və İctimaiyyat Cəmiyyəti”nin yaranmasında iştirak etmiş, cəmiyyətin nəşr orqanı olan “Fəlsəfə və İctimaiyyat Məcmuəsi”ndə məqalələr çıxarmışdır. Filosof dərgini “cümhuriyyət dövri gəncliyinin ilk fəlsəfi ortaq çalışması” kimi dəyərləndirmişdir.
Fəlsəfə cəmiyyəti ikinci dəfə mütəfəkkirin təklifi ilə 1931-ci ildə fəaliyyətə başlamışdır. Həmin ildə dərc edilən və “Türk Fəlsəfə Cəmiyyəti”nin nəşr orqanı olan “Felsefe Yıllığı” Hilmi Ziya Ülkənin şəxsi vəsaiti ilə çıxmışdır. 1933-cü ildən cəmiyyətin çalışmalarının kəsildiyini göstərən mütəfəkkir yazır: “Fəlsəfə cəmiyyəti ancaq 1934-cü ildə yenə həmin liseydə üçüncü dəfə qurulsa da, liseydəki yanğın əsnasında cəmiyyət kağızlarının məhv olması fəaliyyəti dayandırdı”.
Bu dövrdə filosof “Türk təfəkkürü tarixi” kitabını qələmə almışdır. Müəllifinə şöhrət qazandıran həmin kitabı Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürk yüksək qiymətləndirmiş, Hilmi Ziya Ülkənlə görüşmüşdür. Alim bundan sonra tədqiqat işi ilə əlaqədar olaraq bir il Berlində çalışmışdır.
Almaniyadan qayıtdıqdan sonra yeni qurulan İstanbul Universitetinə müəllim təyin edilən mütəfəkkir həmin Universitetdə işləməklə yanaşı, Ankara Universitetində də çalışmışdır. Alim İstanbul Universitetində əxlaq sosiologiyası, fəlsəfə, məntiq fənlərini tədris etmişdi.
Alim Türkiyədə sosiologiyanın tərəqqi etməsində böyük xidmət göstərmişdir. Hilmi Ziya Ülkən 1949-cu ildə “Türk Sosiologiya Cəmiyyəti”ni yaratmışdır. 1948-ci ilin sonunda YUNESKO-nun yardımıyla “Beynəlxalq Sosiologiya Cəmiyyəti”ni qurmaq üçün bəzi təşəbbüslərə başlanıldığını bildirən alim həmin ilin qışında Parisdə sosioloq Erik Rindenin rəhbərliyi ilə toplanan, 21 millətə mənsub sosioloqun 1949-cu ilin sentyabrında Osloda tədbir keçirmələri ilə əlaqədar qərar qəbul etdiklərini yazmışdır. Həmin tədbirdə Misir, Danimarka, ABŞ, Almaniya, Norveç, İngiltərə, Fransa və s. ölkələrin nümayəndələrilə yanaşı, Türkiyədən yalnız Hilmi Ziya Ülkən iştirak etmişdir.
Alimin tələbəsi, professor Erol Güngör onun Türkiyənin elm tarixindəki xidmətlərini yüksək qiymətləndirmişdir: “Köprülü bizdə necə ədəbiyyat tarixçiliyini təzkirəçilikdən çıxarmışsa, fəlsəfəni mabəd ət-təbiə və ya kəlam elmi olmaqdan qurtaran da Hilmi Ziyadır”. Müəlliminin sosiologiya sahə¬sin¬dəki xidməti haqqında Erol Güngör bildirmişdir: “Türk sosiologiyası Ziya Gökalp¬dan sonra 30 ilə qədər, bəlkə daha çox müddət ilə, onun və Fındıkoğlunun çiyinlərində həyata keçmişdir. Türk Sosiologiya Cə¬miy¬yəti onun səyi ilə quruldu və davam etdi. Türk sosiologiyası ədə¬biy¬yatı içində rastlanan araşdırma və tədqiqatların böyük əksəriyyəti onun verdiyi fikirləri, onun tapdığı mövzuları ehtiva edir; bu araş¬dır¬ma¬ların türkcə qaynaqlarının da oldluqca çoxu yenə Hilmi Ziya Ülkənin əsərləridir”.
Alimin “Türk təfəkkürü tarixi”, “İnsani vətənpərvərlik”, “Oyanış dövrlərində tərcümənin rolu”, “Məntiq tarixi”, “Eşq əxlaqı”, “Dünyada və Türkiyədə sosiologiya”, “Bilgi və dəyər”, “Türkiyədə çağdaş düşüncə tarixi”, “İslam fəlsəfəsi, qaynaqları və təsirləri”, “Varlıq və oluş”, “Ümumi fəlsəfə dərsləri” və başqa əsərləri müasir dövrdə də böyük elmi əhəmiyyət kəsb edir.
Hilmi Ziya Ülkənin yaradıcılığında Türk təfəkkürü, düşüncəsi tarixinin inkişaf mərhələləri haqqında məsələlər xüsusi yer tutmuş, XX əsrin 30-cu illərindən Türk təfəkkürü, düşüncəsi haqqında araşdırmaya başlamış, bu mövzunu bir fənn kimi də tədris etmişdir. O, 1931-1932 illərdə rəsmi proqramda yeri olmadığı halda, Qalatasaray liseyində “Türk təfəkkürü tarixi” adlı bir fənni tədris etdiyini bildirmiş və 1933-cü ildən etibarən yeni yaradılan İstanbul Universitetində bu dərsləri getdikcə genişləndirərək 1960-cı ilə qədər tədris etmişdir.
Filosofun 1966-cı ildə tamamladığı “Türkiyədə çağdaş düşüncə tarixi” kitabı, düşüncə tarixi sahəsindəki araşdırmasının davamıdır. Müəllif bununla əlaqədar bildirmişdir ki, türk düşüncəsi tarixini yazmağa otuz üç il öncə başlamışdıq (“Türk Tefekkür Tarihi”). O zamankı başlıca qayğımız orta təhsildə ədəbiyyat tarixilə yanaşı türk fikir tarixini də tanıtmaq ehtiyacı idi. Burada XIX əsrin ortalarından başlayan Türkiyənin çağdaş düşüncə tarixini verməyə çalışdıq.
Hilmi Ziya Ülkən Azərbaycan alimləri, Türkçülük tarixində əzəmətli mövqe qazanmış Əhməd bəy Ağaoğlu (1869-1939) və Əli bəy Hüseynzadə (1864-1940) ilə şəxsən tanış olmuş, onların fəaliyyətlərinə böyük dəyər vermişdir. Türkiyəli alim ilk türkçülərdən Əli bəy Hüseynzadənin həyatı, yaradıcılığı haqqında geniş bəhs etmiş, onun tarixdə, xüsusilə Türkçülük tarixindəki mövqeyini obyektiv şəkildə göstərmişdir. Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunu “Türkiyənin siyasi həyatında rol oynamış fikir adamlarından” biri kimi təqdim etmişdir.
Hilmi Ziya Ülkənin həyat yoldaşı Xədicə xanım Ülkən xatirələrində bir həftə onların, bir həftə də Əhməd bəy Ağaoğlunun evində bədii, elmi, fəlsəfi məsələlərlə bağlı şairlərin, alimlərin iştirak etdiyi müzakirələrin keçirildiyini yazmışdır: “Evimiz bir kültür yuvası idi. Dastanlar, şeirlər yazılır, ədəbi, fəlsəfi əsərlər müzakirə edilirdi. 1933-cü ildə, hətta daha əvvəllərdən başlayan bu elmi söhbətlər, illərlə davam etmişdir. Bir həftə bizim evdə, bir həftə Ağaoğlu Əhməd bəyin evində toplanılır, sabahın erkən saatlarına qədər davam edərdi”.
Hilmi Ziya Ülkən həm Şərq, həm də Qərb mədəniyyətinin və düşüncə tarixinin bilicisi kimi bu məsələləri əsərlərində əhatəli və sistemli şəkildə əks etdirmişdir.
Hilmi Ziya Ülkənin yaradıcılıq irsi müsir dövrdə Türkiyədə fəlsəfə və sosiologiya sahəsində aparılmış elmi araşdırmaların ümumi istiqamətləri və inkişaf xüsusiyyətləri haqqında müəyyən təsəvvür formalaşdırır. Mütəfəkkirin elmi irsinin əhəmiyyəti, ilk növbədə, Şərq və Qərb fəlsəfəsi, elmi və mədəniyyəti arasında qarşılıqlı əlaqələrin tədqiqinə verdiyi töhfələrdə özünü göstərir. Onun əsərlərində Şərq və Qərb dəyərlərinin, ənənələrinin qarşılıqlı təsir məsələləri hərtərəfli işıqlandırılmışdır.
Hilmi Ziya Ülkənin fəlsəfə tarixinə həsr edilmiş əsərlərində bəşər fəlsəfəsi tarixinin qədim dövrdən müasir dövrə qədərki inkişaf yolu dolğun şəkildə, tarixilik prinsipindən araşdırılır. Bu baxımdan mütəfəkkirin Şərq fəlsəfəsinin və Qərb fəlsəfəsinin qarşılıqlı əlaqəsi, eləcə də Şərq fəlsəfəsinin, elminin Qərbə təsiri haqqında fikirləri böyük maraq doğurur.
Hilmi Ziya Ülkən 5 iyun 1974-cü ildə vəfat etmişdir.
Alimin qızı Gülseren xanım Hilmi Ziya Ülkənin xidmətlərinin unudul¬ma¬ma¬sı yolunda 1974-cü ildən başlayaraq anası Xədicə xanımla birgə mümkün olduğu qədər çalışmışdı.
Hilmi Ziya Ülkənin elmi irsinin sistemli şəkildə öyrənilməsi üçün onun əsərlərinin yenidən nəşr olunması da mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Gülseren xanım 1977-ci ildən 2013-cü ilə qədər fəaliyyət göstərən “Ülken Yayınları” nəşriyyat evini təsis etmiş və atasının əsərlərini davamlı şəkildə nəşrinə çalışmışdı. O, həm məsuliyyətli, həm də böyük mənəvi dəyərə malik olan bu işi yüksək səviyyədə yerinə yetirmişdir. Bu fəaliyyət, ilk öncə, övladın atasına bəslədiyi dərin sevginin, atasının xatirəsinə və elmi irsinə göstərdiyi dərin ehtiramın ifadəsi, digər tərəfdən görkəmli alimin elmi irsinin layiq olduğu dəyəri qazanmasına yönəlmiş ardıcıl və məqsədyönlü səylərin təzahürü kimi qiymətləndirilə bilər. Məhz Gülseren xanım Ülkənin fədakar və sistemli fəaliyyəti nəticəsində alimin irsinə maraq daha da artmışdır.
XX əsrin 60-cı illərindən keçmiş SSRİ regionunda, o cümlədən Azərbaycanda Hilmi Ziya Ülkənin bəzi kitabları bir çox tanınmış alimlər tərəfindən müəyyən elmi və fəlsəfi problemlərin araşdırılmasında istifadə edilmişdir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Hilmi Ziya Ülkənin Şərq fəlsəfəsi tarixi sahəsindəki fəaliyyətini yüksək dəyərləndirmişdir. Hilmi Ziya Ülkənin Şərq peripatetizminin görkəmli nümayəndəsi Bəhmənyar haqqında araşdırması barədə Zakir Məmmədov yazmışdır: “Türk tədqiqatçıları içərisində Bəhmənyarla ən çox maraqlanıb onun fəlsəfəsinə dair mülahizələr söyləyən fəlsəfə tarixçisi Hilmi Ziya Ülkəndir. O, özünün müxtəlif tədqiqat əsərlərində Bəhmənyarın “Metafizika elminin mövzusu” və “Mövcudatın mərtəbələri” traktatlarından bəhs etmiş, həmin materialın verdiyi imkan daxilində Azərbaycan filosofunun ontologiyasını nəzərdən keçirmişdir”.
Zakir Məmmədov mütəfəkkirin XII əsr böyük Azərbaycan filosofu İşraqilik fəlsəfəsinin banisi Şihabəddin Yəhya Sührəvərdinin irsinin araşdırmasına belə münasibət bildirmişdir: “Hilmi Ziya Ülkən Şihabəddin Sührəvərdinin həyatı, yaradıcılığı və dünyagörüşü barədə maraqlı mühakimələr yürütmüş, “İşraq məktəbi” haqqında ayrıca söhbət açmışdır. Fəlsəfə tarixçisinin tədqiqatında mühüm cəhətlərdən biri işraqilik təliminin bəzi müddəalarını ancaq qədim və orta əsr fəlsəfi fikri ilə deyil, yeri gəldikcə yeni dövrün, çağdaş müəlliflərin nəzəriyyələri və doktrinaları ilə müqayisə etməsidir”.
Hilmi Ziya Ülkənin fəlsəfə tarixindəki mühüm xidmətlərindən biri Şərq fəlsəfəsini, İslam aləminin fəlsəfəsini, düşüncəsini sistemli şəkildə araşdırmasıdır.
Həyat yoldaşı Xədicə xanım Ülkən onun “Şərq-Qərb kültürünün ən dərininə enmiş” bir şəxsiyyət, filosof və sənətkar kimi təqdim edərkən alimin şeirlər və romanlar qələmə aldığını, yağlı boya və qara qələmlə rəsmlər, miniatürlər çəkdiyini, əsərləri üzərində böyük ehtirasla çalışdığını qeyd etmişdir.
Yunis İmrənin və Mövlananın heyranı olduqlarını bildirən Xədicə xanım, Hilmi Ziya Ülkənin saatlarla Yunis İmrənin şeirlərini oxuduğunu bildirmişdir. O, eyni zamanda qərb musiqisini çox sevirdi, Bethovenin, Motsartın, Baxın musiqilərindən bəyəndiyi hissələri pianoda ifa edirdi.
Gülseren xanım atası haqqında xatirələrində onu sevimli bir ata kimi xarakterizə etmişdi: Sevgi dolu, ciddi, hörmətə önəm verən, hər cür kobudluğa qarşı, dözümlü və başqalarının fikirlərini hörmətlə dinləməyi bilən bir insandı. Demokratiya, dünyəvilik və Atatürk inqilablarına böyük bir inancla bağlıydı. Tələbələrinə və dostlarına qapısı hər zaman açıqdı. Uşaqları çox sevirdi. Nəvələrini və məni çox sevirdi. Təbiətşünaslıq müəllimi olan anam Xədicə Ülkənə özəl bir bağlılığı vardı. Nəvələrinə nağıl yerinə tarixi hadisələr danışardı. Həqiqətən müəllim kimi yaradılmışdı.
Hilmi Ziya Ülkənin elmi fəaliyyəti, zəngin və çoxşaxəli yaradıcılıq irsi ilə Türk dünyasının düşüncə tarixində mühüm yer tutur.
Hilmi Ziya Ülkənin həyat və yaradıcılıq yolu Azərbaycan filosofu, ensiklopedik alimi Nəsirəddin Məhəmməd Tusinin (1201–1274) ömür yoluna bənzəyir. Bu bənzəyiş, ilk öncə, hər iki mütəfəkkirin bütün həyatı boyu elmi yaradıcılıqla məşğul olması, zəngin elmi-fəlsəfi irs yaratması ilə özünü göstərir. Hər iki mütəfəkkir arasında 700 illik bir zaman olsa da, hər iki mütəfəkkir 73 il yaşasa da, yazdıqları dəyərli əsərlərlə əbədi həyat qazanmışlar. Təsadüfi deyildir ki, 2026-cı il hər iki görkəmli şəxsiyyətin yubileyləridir – Nəsirəddin Tusinin anadan olmasının 825 illiyi, Hilmi Ziya Ülkənin anadan olmasının 125 illiyidir.
(Hilmi Ziya Ülkənin anadan olmasının 125 illiyi münasibətilə)
Aytək Zakirqızı Məmmədova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
17:02 01.10.2026
Oxunuş sayı: 60