Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunub
İstanbulda 42-ci Beynəlxalq Kitab Sərgisinin rəsmi açılışı olub. Azərbaycan sərgidə ölkəmizin nəşriyyatlarının iştirakı ilə müxtəlif bədii, tarixi və bu kimi bir sıra janrı əhatə edən ədəbiyyat nümunələri və təqdimatlarla təmsil olunur.
Crossmedia.az xəbər verir ki, İstanbulun TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən tədbir “Ədəbiyyatın hər halı” mövzusu ilə təşkil edilib.
Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən xüsusi stend açılıb.
Stenddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr olunan xüsusi sərgi guşəsi yaradılıb.
Tədbirin rəsmi açılış mərasimində Türkiyə Naşirlər Birliyinin sədri Kenan Kocatürk, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin baş direktoru Taner Beyoğlu, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TÜYAP Mədəniyyət Yarmarkaları Məsləhət Şurasının sədri Doğan Hızlan, Böyükçekmece kaymakamı Ali İkram Tuna, eləcə də Türkiyənin bir sıra rəsmi qurum və QHT-lərinin nümayəndələri iştirak ediblər.
Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət Mərkəzi tərəfindən dövlətçiliyimiz, mədəni irsimiz, tariximizə aid əsərlər, klassik və uşaq ədəbiyyatının Azərbaycan və Türkiyə türkcəsində nəşr olunan nümunələri, eləcə də ölkəmizin milli adət-ənənələrini əks etdirən atributlar yer alıb.
Sərgidə Azərbaycanla yanaşı, 10-u türkdilli dövlətlər olmaqla, ümumilikdə 14 ölkədən 74 nəşriyyat iştirak edir.
Qeyd edək ki, dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə müxtəlif panel iclaslar, təqdimat və imza mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Hər il təşkil olunan İstanbul Kitab Sərgisi dünyanın ən böyük tədbirlərindən biri hesab edilir. Sərgini yüz minlərlə insan ziyarət edir.






22:25 13.12.2025
Oxunuş sayı: 1138