Milli Kitabxanada görkəmli türkoloq alim Cavad Heyətin 100 illiyinə həsr olunan tədbir keçirilib
Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Tədbir çərçivəsində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazması Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub.
Crossmedia.az bu barədə Milli Kitabxanaya istinadən xəbər verir.
Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi yad edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Ulu Öndərin Azərbaycan mədəniyyətinə, o cümlədən Milli Kitabxanaya göstərdiyi xüsusi diqqətdən bəhs edib.
O, ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən Ulu Öndərin öz şəxsi kitabxanasından 300 nüsxə kitabı kitabxanaya bağışladığını bir daha diqqətə çatdırıb.
“Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar”, - deyə Kərim Tahirov vurğulayıb.
Görkəmli cərrah və türkoloq-alim Cavad Heyətin zəngin və çoxşaxəli yaradıcılığından danışan, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edən direktor görkəmli həkimin mənəvi varisi Məmmədrza Heyətin təşəbbüsünü yüksək qiymətləndirərək ona kollektiv adından minnətdarlığını bildirib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Cavad Heyətin ən çətin dövrdə belə ölkəmizi dünyaya tanıtmaq uğrunda mübarizəsindən, əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib.
Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalını çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsinin heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkası, daim mənbələrə istinad etməsi, mədəniyyət tariximizdə müstəsna yeri olduğu barədə bəhs edib. Görkəmli alimin qardaşı oğlunun xeyirxah addımını müqəddəs iş kimi dəyərləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq onun mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsini yüksək qiymətləndirib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın - Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü mərasimin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının doktor Cavad Heyətdə olmasının Azərbaycana bağlığın göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.
Tədbirdə akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Cavad Heyətin həkim və türkoloq-alim kimi fəaliyyətini, onun böyük əlyazmaşünas olduğunu vurğulayıblar.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov görkəmli alimin bu addımının Azərbaycan elm və mədəniyyətinə böyük töhfə olduğunu diqqətə çatdırıb.
Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, ona verilən bu dəyərə görə təşəkkür edib.
Görkəmli türkoloq-alim, professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.
Sonda nəstəliq xətti ilə 994/1586-cı ildə katib Qulami-Süpahi Məhəmməd tərəfindən üzü köçürülmüş orijinal əlyazma kitabxanaya hədiyyə edilib və xatirə şəkli çəkdirilib.
16:42 12.12.2025
Oxunuş sayı: 929