Ukrayna nağıllara inanmışdı - indi ərazisini itirməklə barışmağa məcbur olub
Ukraynanın NATO-ya üzvlük məsələsi regionun təhlükəsizlik gündəliyinin əsas mövzularından biridir. Rusiya ilə münaqişə fonunda Kiyev alyansa inteqrasiya prosesini sürətləndirməyə çalışsa da, bu addım yalnız NATO üzvlərinin yekdil razılığı ilə mümkündür. NATO-nun Baş katibi Mark Rütte Ukraynanın təşkilata doğru “dönməz bir yolda” olduğunu vurğulasa da, hələlik bütün müttəfiqlər arasında tam razılıq yoxdur. Buna baxmayaraq, Ukraynanın alyansa qoşulması ilə bağlı müzakirələr davam edir və bu məsələ Avropanın gələcək təhlükəsizlik arxitekturası üçün böyük əhəmiyyət kəsb edir
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib: “Mənim anlayışıma görə, dövlət üçün əsas məsələ onun ərazi bütövlüyüdür. Dövləti dövlət, ölkəni ölkə kimi güclü, hörmətli və nüfuzlu edən məhz onun ərazi bütövlüyüdür. Deyirlər ki, Ukraynanın NATO üzvlüyü mümkün deyil. Həmçinin qeyd edirlər ki, Rusiya Avropa Birliyinə və Ukraynanın bu birliyə inteqrasiyasına qarşı deyil. Lakin Ukraynanın NATO üzvlüyünün əleyhinədir. Bəs bu proses necə inkişaf edəcək? Ukraynanın 10, 20, yaxud 30 ildən sonra NATO-ya üzv olub-olmayacağı sual altındadır. Ehtimallara görə, Ukrayna yaxın 10 il ərzində NATO üzvü ola bilər. Bununla bağlı sual yaranır ki, bəs Ukrayna üçün bu sınaqlardan keçməyə dəyərdimi? Ukrayna özünü sanki bir eksperiment kimi ortaya qoydu və bu eksperiment ölkə üçün yaxşı nəticə vermədi. Buna baxmayaraq, 10-15 ildən sonra Ukraynanın NATO üzvü olması ehtimalı mövcuddur. Müqayisə üçün Cənubi Koreya və Finlandiya nümunələri göstərilir: Finlandiya vaxtilə ərazisinin 10 faizini SSRİ-yə verməyə məcbur olmuşdu, lakin bu gün inkişaf etmiş bir ölkədir. Nəzərə alınmalıdır ki, hər bir ölkənin özünəməxsus inkişaf yolu var. Finlandiya Rusiya üçün strateji əhəmiyyət daşımırdı. Rusiya isə Ukrayna və Avropaya qapı rolunu oynayan bu ölkəni həmişə diqqətdə saxlayacaq. Hətta hazırda 20 faiz ərazini birləşdirdikdən sonra da, Rusiya Ukraynanı nəzarətdə saxlayacaq və yenidən nəsə əldə etməyə çalışacaq”.

Ekspert qeyd edib ki, buna görə də Ukraynanı nə Finlandiya, nə Cənubi Koreya, nə də başqa ölkələrlə müqayisə etmək düzgün deyil: “Ukrayna ərazi bütövlüyünü qoruyaraq da inkişaf edə bilərdi. Bu səbəbdən düşünürəm ki, NATO ilə bağlı verilən vədlər artıq Ukrayna xalqı üçün inandırıcılığını itirib. Hətta Ukrayna sabah, 10 il və ya 15 il sonra NATO üzvü olsa belə, bu, xalq üçün arzulanan xoşbəxtlik gətirməyəcək. NATO üzvü olmaq heç də bütün problemlərin həlli demək deyil. Ukraynanın Krımı və Donbası nə vaxtsa yenidən əvvəlki kimi görə bilməsi qeyri-müəyyəndir. Bir beynəlxalq təşkilata üzv olmaq üçün Krım və Donbası itirməyə dəyibmi? Artıq bu cür vədlərlə Ukrayna xalqını inandırmaq mümkün deyil. Ukrayna xalqı vaxtında bu “nağıllara” inanmışdı, lakin indi reallıq qarşısında qalıb, ərazisinin bir hissəsini itirib və bununla barışmağa məcbur duruma düşüb”.
Zeynəb Xuduyeva
19:30 03.12.2025
Oxunuş sayı: 982