Belçika: Aİ-nin dondurulmuş Rusiya aktivlərindən istifadə planını dəstəkləmir
Belçika Avropa Birliyinin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya maliyyə dəstəyi məqsədilə istifadə edilməsi ilə bağlı təklifini rədd etdiyini açıqlayıb. Bu mövqe, Avropa Komissiyasının Ukraynaya kredit təmin edilməsini nəzərdə tutan yeni qanunvericilik paketini təqdim etməsinə cəmi bir neçə saat qalmış bəyan edilib.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının təklifində Rusiyanın Mərkəzi Bankına məxsus təqribən 210 milyard avroluq dondurulmuş aktivlərin gəlirlərindən istifadə olunması planlaşdırılırdı. Lakin Belçika bu mexanizmin riskli olduğunu, həm hüquqi, həm də maliyyə baxımından ciddi nəticələr doğura biləcəyini bildirib.
Məlumata görə, Brüssel mövcud beynəlxalq hüquq normalarına istinad edərək qeyd edir ki, Rusiya aktivlərindən bu formada istifadə etmək presedent yarada və Aİ-nin maliyyə sabitliyinə təsir edə bilər. Buna baxmayaraq, Avropa Komissiyası üzv dövlətləri təklifə dəstək verməyə çağırır və bunun Ukraynaya uzunmüddətli yardım baxımından əhəmiyyətini vurğulayır.
18:49 03.12.2025
Oxunuş sayı: 519