Roma Papasının İznik Səfəri: Görünən və görünməyən tərəfləri ilə
Səfərin başa çatmasına rəğmən artıq neçə gündür ki, dünya mediasında Roma Papasının İznik (və ya tarixi adı ilə Nikeya) səfəri ilə bağlı müzakirələr davam etməkdədir. Roma Papası XIV Leo-nun Türkiyənin İznik şəhərinə səfəri xristian dünyası, region ölkələri və geniş mənada beynəlxalq münasibətlər sistemində mühüm rezonans doğurdu. Bu səfər, bir tərəfdən 325-ci ildə keçirilmiş Birinci Nikeya (İznik) Məclisinin 1700-cü ildönümünə həsr olunmuşdu, digər tərəfdən isə Vatikanın müasir dövrdə dinlərarası dialoq, dini diplomatiya və qlobal sülh gündəliyinin strateji təzahürü kimi dəyərləndirildi.
Lakin səfər yalnız simvolik dini mərasim yox, həm də ideoloji mesajlar, xristian dünyasının birliyi perspektivi, Vatikanın yumşaq güc strategiyası və regional geosiyasi təsirləri baxımından çoxqatlı məna daşıyır.
Diqqətə layiq məqamlardan biridə budur ki, 2025-ci ilin aprel ayında 88 yaşında vəfat edən Papa Fransisk, 325-ci il hadisələrinin ortaq anımını təmin etməyi istəyirdi. Xristian birliyi onun əsas prioritetlərindən biri idi. Əgər o, vəfat etməsəydi, Papa Fransisk 2025-ci ilin may ayında Türkiyə və Livanı əhatə edən bir səfər planlaşdırırdı. Onun varisi Leo XIV isə bu rolu öz üzərinə götürdü və ilk rəsmi səfərini (!) Türkiyəyə, İznikə etdi.
Niyə İznik?
İznik xristian tarixində xüsusi bir mərhələni simvolizə edir. 325-ci ildə keçirilmiş Birinci Nikeya Məclisi xristian teologiyasının formalaşmasında dönüş nöqtəsi oldu, “məsihin ilahiliyi”, “üçlük (Trinity) anlayışı” və Nikeya Şəhadətnaməsi burada qəbul edilmişdi. İznikin dini mərkəz olmasının əsas səbəbi şəhərin ümumdünya kilsə toplantılarına (Ekumenik Konsillər) ev sahibliyi etməsi və xristianlıq inancının təməllərinin burada atılmasıdır.
Əslində cox ciddi və əhəmiyyətli məqamdır: İznik – İsa peyğəmbərdən sonrakı dönəmdə xristianlığın mövcud formasının qəbul edildiyi bir şəhərdir. Yəni hazırda gördüyümüz müasir xristianlıq bütün doqma, kilsə və inanc sistemi ilə İznikdə doğdu. Fakitiki olaraq xristianlıq öz ilkin kökündən ayrıldı və mövcud, hazırki şəklini aldı. Orada qəbil edilən sənəd isə bu gün dünya xristianlarının böyük əksəriyyətinin iman bəyannaməsinin təməlini təşkil edir.
İznik eyni zamanda bölünməmiş, bütöv xristianlığın simvoludur. Bu şəhərdə keçirilən hər iki konsilli xristianlığın hazırki şəkil almasında olduqca əhəmiyyətli rol oynayıb.
Birinci İznik Konsili (325-ci il) İmperator I Konstantinin dəvəti ilə toplanır və bu konsildə çox kritik qərarlar qəbul edilir. İznik Əqidəsi (Nicene Creed)- Bu gün Katolik kilsələrində (və əksər xristian məzhəblərində) hər bazar günü oxunan inanc mətni burada yazılır. Bu mətn xristianlığın "Konstitusiyası" hesab olunur.
Lakin şurada müzakirə edilən ən aktual məsələ İsgəndəriyyə yepiskopu Aleksandrla toqquşmuş baş kahin Ariusun təlimləri idi. Geniş yayılmış yanlış təsəvvürlərə baxmayaraq, həm Arius, həm də Aleksandr İsanı Tanrının Oğlu və ilahi kimi qəbul etdilər. Hər ikisi - Yəhya Müjdəsinin əvvəlinə əsaslanaraq - İsanın kainatın yaradılmasında iştirak etdiyinə inanırdılar. Onların fikir ayrılığı İsanın ilahi olub-olmaması ilə bağlı deyil, onun ilahi təbiəti və Ata Allahla münasibəti ilə bağlı idi.
İznik Şurasında bu istiqamətdə gedən müzakirələr şiddətli fikir ayrılıqları ilə dolu idi. Hətta 14-cü əsr əfsanəsinə görə, sonradan Şaxta baba fiquru ilə tanınan Müqəddəs Nikolay toplantı zamanı o qədər qəzəbləndi ki, Ariusa şillə vurdu. Bu hadisənin tarixi dəqiqliyi şübhə doğursa da, müzakirələrin gərginliyini əks etdirir.
Bu konsildə Ariusun fikirləri rədd edildi və İsanın Tanrı ilə "eyni cövhərdən" olduğu (yəni Tanrı olduğu) rəsmi inanc (doqma) kimi qəbul edildi. Pasxa bayramının nə vaxt qeyd olunacağı da ilk dəfə burada dəqiqləşdirildi.
Rəsmi tarixdə tam sübut olunmasa da, bəzi dini mənbələrə görə, mövcud yüzlərlə İncil nüsxəsi İznik Konsilində araşdırılmış və bu gün qəbul edilən 4 əsas İncil (Matta, Mark, Luka, Yəhya) burada seçilərək rəsmiləşdirilmişdir.
Konstantinin birinci Nikeya Konsili ilə dini "dövlət aparatına" çevirdi. Yepiskoplar Nikeya şəhərinə gələndə öz icmalarının nümayəndələri idilərsə, vətənlərinə qayıdanda dövlətin nümayəndələri kimi geri dönməkdə idilər.
İkinci İznik Konsili (787-ci il) isə Ayasofya Kilsəsində (indiki Orxan Qazi Məscidi) toplanıb. O dövrdə kilsələrdə rəsm və heykəllərin (ikonaların) istifadəsinin bütpərəstlik olub-olmadığı mübahisə yaradırdı. Bu konsildə qərar verildi ki, müqəddəs təsvirlərə (ikonalara) hörmət etmək caizdir və bu, bütpərəstlik sayılmır.
Qərar həm Katolik, həm də Ortodoks dünyasının birlikdə qəbul etdiyi sonuncu ortaq konsildir. Buna görə də kilsənin bütövlüyünü simvolizə edir. Bu səbəbdən Papaya görə, səfərin məhz bu şəhərə edilməsi “iman köklərinə qayıdış” və “tarixi birliyin yenidən xatırladılması” anlamını daşıyırdı. Beləliklə, İznik səfəri özü-özlüyündə dini ənənənin dirçəldilməsi, həmçinin xristianlığın parçalanmış tarixi yoluna simvolik işarə idi.
İznik – itirilmiş biliklərin məbədi?
İzniklə bağlı başqa bir məqam, bu şəhərin həm də az qala ilahiləşdirilməsi ilə bağlıdır.
Xristianlıqda bir çox ezoterik qruplar (Rozenkreyserlər, Tamplier Cəngavərləri, Teosofistlər, İlluminati və s.) İsanın əsl təlimlərinin Nikeya şəhərində gizlədildiyini və təhrif olunduğunu iddia edirlər. Onların fikrincə, həqiqi bilik ictimaiyyətdən gizlədilib, Mənəvi yüksəlişin açarını özündə saxlayan bilik məhv edilib, müəyyən seçilmiş təriqətlər isə bu itirilmiş biliyi qoruyub saxlayıblar. Nikeya şəhərində basdırılan Arian və Qnostik mətnlər bu gün bir çox gizli təşkilatlar tərəfindən müqəddəs hesab olunur. Bu təşkilatlar "Tanrı içimizdədir" doktrinasına sadiq qalır və şəxsi maariflənməni xarici dogmalardan üstün tuturlar.
Tampliyerlərin Anadoludakı qazıntıları və müəyyən Bizans simvollarına olan marağı, İznik kimi şəhərlərin qədim sirlərə sahib olduğuna inandıqlarını göstərir. Bu cür şəhərlərin yeraltı tunelləri, kosmik düzülüşləri və qədim kitabələrə malik olamaları səbəbindən əhəmiyyətli olduğu iddia edilir. Bəzi ezoterik tədqiqatçılar Nikeyadakı yeraltı keçidləri əhəmiyyətli hesab edirlər, çünki onlar qədim müdriklik xətlərinin (ley xətləri) kəsişməsində yerləşirlər.
Onlara görə, Nikeya sadəcə bir şəhər deyil, həqiqətin gizlədilməsi və seçilmişlərin ona çatmaq səyləri anlamıçda simvolik bir qapıdır. Bir çox gizli təşkilatlar burada verilən qərarları "bəşəriyyətin şüur üzərində nəzarətinin başlanğıcı" kimi görür və buna görə də həm Nikeyanı araşdırır, həm də onu xatirələrində simvolik olaraq yaşadır. Tarix boyu Ayasofya Kilsəsi və Nikeya Qapıları təkcə memarlıq və ya hərbi tikililər deyil, həm də dini, mədəni və ezoterik əhəmiyyət daşıyan yerlər hesab olunub. Xüsusilə mistik təşkilatlar və tarixi tədqiqatçılar arasında bu tikililərin sirrlərlə dolu olduğuna dair güclü bir inam var.
Xristian birliyi üçün həmlə
Qəribədir ki, İznik həm də xristianlığın bölünməsində tarixi bir rol oynayıb.
Xatırlatmaq yerinə düşər ki, sonrakı mərhələlərdə keçirilən bütün konsililərə rəğmən, Roma ilə Konstantinopol arasında bitməyən münaqişə Qərb (Roma) Kilsəsinin Katolik, Şərq (Konstantinopol) Kilsəsinin isə Pravoslav Kilsəsinə bölünməsi ilə nəticələndi. 1054-cü ildə Pravoslav Kilsəsi Roma Katolik Kilsəsindən tamamən ayrıldı.
1204-cü ildə müsəlman şərqinə edilməsi planlaşdırılan IV Səlib yürüşü Venesiya liderlərinin hiyləgər addımları nəticəsində Şərqi Roma İmperiyasının (Bizansın) paytaxtı Konstantinopola yönəldi və nəticədə şəhər talan və işğal edilərək Latın İmperiyası quruldu. Bizans əsilzadələri də bugün İznik olaraq bilinən şəhərə qaçaraq Nikea (İznik) İmperiyasını qurmuşdular. Beləliklə İznik şəhəri həm Bizans kilsəsi üçün həm də dövləti üçün əvvəlki mövqeyindən daha güclü bir mövqeyə yüksəlmişdi.
Diqqət etdinizsə, Papa XIV Leo çıxışlarında xristian dünyasının bölünməsini “tarixi bir yara” kimi qiymətləndirdi və İznikin tarixi rolunu xatırladaraq birliyə çağırdı. O, Nikeya Şəhadətnaməsinin bütün xristianlar üçün ortaq teoloji təməlı olması vurğulamaqla yanaşı, Xristian aləmində 1054-cü il parçalanmasının aşılması üçün mənəvi bir zəmin yaradılmasının vacibıliyini vurğuladı. Xüsusən Pravoslav dünyasında son illərdə gərginliklərin (Konstantinopol Patriarxlığı – Moskva Patriarxlığı xətti) kəskinləşdiyi bir dövrdə Vatikan yeni dini birliyə çağırış edən ciddi həmlə gerçəkləşdirməldədir, həm də Türkiyədə. Bu, həm də Rusiyanın dini-mədəni nüfuzunun azaldılması fonunda Qərb xristianlığının “yumşaq təsirini artırmaq” kimi qiymətləndirilə bilər.
Və son olaraq…
Roma Papası XIV Leo-nun İznikə səfəri ilk baxışdan tarixi bir ildönümünün qeyd olunması idi. Lakin bu səfərin təhlili göstərir ki, burada sadəcə dini mərasim yox, həm də strateji yaddaşın yenidən aktivləşdirilməsi, xristian birliyinin ideoloji təməli, Vatikanın yumşaq gücünün yeni fazası, Avrasiya geosiyasətinə ünvanlanan mesajlar və hətta ezoterik yaddaşın simvolik dirçəldilməsi kimi çoxqatlı məqamlar vardı.
Leo XIV Nikeya Şəhadətnaməsinə istinad etməklə Katolik–Pravoslav parçalanmasını “tarixi səhv” adlandırdı. Bu isə Vatikanın qarşıdakı illərdə xristian dünyasını mənəvi inteqrasiya ideyası ətrafında birləşdirməyə çalışacağını göstərir. İdeoloji xətt aydındır: Xristianlığın yaranış mənbəyindəki birlik, müasir dünyada da bərpa edilə bilər.
İznikin seçilməsi təsadüf deyildi. Bu, həm dini tarixin mərkəzi, həm də Qərb–Şərq sivilizasiyalarının kəsişdiyi coğrafiyadır. Nikeya Konsilinin ezoterik interpretasiyalarını yüzillərdir ki, fərqli təşkilatlar, ordenlər, müstəqil teologlar “insanlıq tarixinin ən böyük dönüş nöqtəsi” kimi təqdim edirlər. Papalığın bu məkanı seçməsi bu mənada həm də xüsusi mesaj daşımaqdadır. Bu, Vatikanın mənəvi nüfuzunu yeni simvolik mərhələyə daşımaq cəhdidir.
Roma Papasının 1054-cü il parçalanmasını xüsusilə İznikdən xatırlatması Moskva Patriarxlığına ünvanlanan dolayısı mesaj idi. Xüsusilə Ukrayna müharibəsi fonunda pravoslav dünyasının parçalanması Vatikanın yeni “yumşaq güc pəncərəsi” olaraq dəyərləndirilir.
İznikdən verilən məna: “Xristian aləminin vahid mərkəzi yenidən formalaşa bilər — və bu, Roma ola bilər.”
Bu səfər həm də Vatikanın Yaxın Şərq və Şərqi Aralıq dənizi siyasətində yeni mərhələyə keçdiyini göstərir.
Nikeya Konsili — xristianlığın “yeni çəkil aldığı” nöqtədir. İznik İmperiyası — Bizansın qürurunun son qalası idi. Ayasofya–Nikeya xətti — Şərq və Qərb xristian dünyasının kəsişmə nöqtəsidir.
Leo XIV bu kodları yenidən gündəmə gətirərək çox aydın mesaj verdi:
“Xristian sivilizasiyasının gələcəyi keçmişi unutmaqla deyil, onu yenidən mənalandırmaqla mümkündür”.
Və maraqlı sual ortaya çıxır: İznik səfəri — keçmiş yaddaşın bərpasına cəhd, yoxsa gələcəyin quruluşuna çağırışdır?
Heç şübhəsiz ki, Roma Papasının İznikdəki addımı təsadüfi ritual deyildi. O, həm tarixə işarə etdi, həm bu günə mesaj verdi, həm də gələcəyin mümkün dini-siyasi arxitekturasına dair “yumşaq, lakin çox aydın” bir layihə təqdim etdi.
İznik səfərinin görünməyən tərəfi odur ki, Vatikan 1700 il əvvəl qəbul edilmiş teoloji qərarı yenidən qlobal ideoloji kod kimi aktivləşdirir və xristianlığın gələcək geosiyasətinə yeni istiqamət vermək istəyir.
Vüqar Zifəroğlu
Yaxın Şərq ölkələri üzrə mütəxəssis
13:03 02.12.2025
Oxunuş sayı: 9287