Bakı-Riqa xəttində canlanma - əlaqələr niyə məhz indi intensivləşir?
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Səfər çərçivəsində siyasi dialoqun genişləndirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, eləcə də regional məsələlər üzrə fikir mübadiləsinin aparılması əsas gündəm mövzularını təşkil edir.
Azərbaycan ilə Latviya arasında formalaşmış tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada əsaslanaraq yeni məzmun kəsb edir.
Eyni zamanda, bu səfər ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni perspektivlər açır.
Avropa məkanında etibarlı tərəfdaş kimi çıxış edən Latviya ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür və regionda sabitlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan-Latviya münasibətləri müasir dövrdə kifayət qədər stabil və konstruktiv şəkildə inkişaf edir. Ümumilikdə bu münasibətlər qarşılıqlı maraqlara əsaslanan və müsbət dinamika ilə seçilən əlaqələrdir. Avropa İttifaqının üzvü olan Latviya ilə münasibətlərin davamlı inkişaf etdirilməsi hər iki dövlətin milli maraqlarına uyğundur.
Bu kontekstdə bir neçə mühüm istiqaməti xüsusilə qeyd etmək lazımdır. İlk növbədə siyasi müstəvidə münasibətlərin inkişafı diqqət çəkir. İki dövlət arasında diplomatik münasibətlər 1994-cü ildə qurulmuş və həmin dövrdən etibarən siyasi dialoq davamlı şəkildə mövcuddur.
Rəsmi şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq platformalarda təmaslar və müxtəlif tədbirlərdə iştirak bu dialoqun tərkib hissəsidir. Eyni zamanda, Latviyanın Azərbaycanda keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirakı da mühüm əhəmiyyət daşıyır.
Latviya həm Avropa İttifaqının, həm də NATO-nun üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir. Bu amil ikitərəfli münasibətlərin formalaşmasında mühüm rol oynayır və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də nəzərə alınmasını təmin edir. Bu baxımdan Latviya Respublikası Azərbaycanın siyasi mövqeyində vacib tərəfdaşlardan biri kimi çıxış edir.
İqtisadi sahədə də əməkdaşlıq inkişaf etməkdədir, lakin mövcud potensial hələ tam istifadə olunmamışdır. Xüsusilə, nəqliyyat və logistika sahələri müasir dövrün tələblərinə uyğun olaraq prioritet istiqamətlərdən biridir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün maraqlıdır.
Enerji sahəsində də ciddi əməkdaşlıq potensialı mövcuddur. Azərbaycan Latviya üçün enerji resurslarının təminatında mühüm tərəfdaş kimi çıxış etmək imkanına malikdir.
Eyni zamanda, ticarət dövriyyəsinin mövcud göstəriciləri yüksək olmasa da, bu sahədə geniş inkişaf imkanları mövcuddur və onların reallaşdırılması zəruridir.
Parlamentlərarası əlaqələr də inkişaf edir. İki ölkənin parlamentləri arasında fəaliyyət göstərən işçi qrupları mövcuddur və bu çərçivədə qarşılıqlı səfərlər, müzakirələr və görüşlər mütəmadi olaraq həyata keçirilir.
Münasibətlər iki dövlət başçıları arasında imzalanmış çoxsaylı sənədlər əsasında inkişaf etdirilir. Bu günə qədər 40-dan artıq sənəd imzalanmış və onlar müxtəlif sahələri — təhsil, mədəniyyət, turizm, humanitar əməkdaşlıq və beynəlxalq əlaqələri əhatə etmişdir. Bu sənədlər ikitərəfli münasibətlərin hüquqi və institusional bazasını formalaşdırır.
Rəqəmsallaşma və süni intellekt kimi müasir sahələr də əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyır.
Ümumilikdə, Azərbaycan-Latviya münasibətləri siyasi baxımdan sabit, iqtisadi baxımdan isə böyük inkişaf potensialına malikdir. Perspektivdə nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş fəaliyyət imkanları mövcuddur.
Əminəm ki, Latviyanın Azərbaycana həyata keçirilən səfəri bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəkdir. 2017-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə isə iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə davam etdirilməsinə və əməkdaşlığın müxtəlif sahələrdə inkişafına hüquqi əsas yaradır.
Nəticə etibarilə, həm siyasi iradə, həm də böyük potensial mövcuddur. Qarşılıqlı səfərlər və imzalanacaq yeni sənədlər gələcək əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaqdır".
Elmir Heydərli
12:20 23.04.2026
Oxunuş sayı: 227