Metro altından yeni tunel layihəsi - tıxaclar azalacaqmı?
Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılır.
Paytaxtda metro xəttinin altından avtomobil yolunun keçirilməsi planlaşdırılır ki, bu da şəhərin əsas nəqliyyat arteriyalarında yaranan sıxlığın azaldılmasına xidmət edəcək.
Layihə xüsusilə “Ulduz” və “Koroğlu” metro stansiyaları ətrafında mövcud olan tıxac probleminin həllinə yönəlib. Yeni yaradılacaq nəqliyyat qovşağı avtomobil yollarını, metro xəttini və dəmir yolu infrastrukturunu birləşdirərək, paytaxtın nəqliyyat sistemində inteqrasiyanı gücləndirəcək.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumilikdə, tıxac böyük şəhərlərdə gözlənilən və qaçılmaz hallardan biridir. Lakin inkişaf etmiş şəhərlərdə bu problemin qarşısını almaq və ya təsirini azaltmaq üçün ciddi alternativlər formalaşdırılır.
Əsas sual ondan ibarətdir ki, biz gün ərzində hansı nəqliyyat vasitələrindən istifadə edirik və hərəkətimizin məqsədi nədir. Bu baxımdan, hərəkət növlərinə uyğun şəraitin yaradılması prioritet istiqamət olmalıdır.
Qısa məsafələr üçün piyada hərəkəti və mikromobillik vasitələri, orta məsafələr üçün isə avtobuslar və digər ictimai nəqliyyat növləri, xüsusilə relsli nəqliyyat – metro, tramvay və şəhərətrafı elektrik qatarları inkişaf etdirilməlidir.
2025-2030-cu illəri əhatə edən dövlət proqramı artıq təsdiq olunmuşdur və bu proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə tədbirlər nəzərdə tutulur. Buraya həm relsli nəqliyyatın inkişafı, həm də avtomobil yollarının təkmilləşdirilməsi daxildir.
Xüsusilə, dairəvi və radial yolların tikintisi, şəhərdaxili əlaqələndirici yolların yaradılması planlaşdırılır. Lakin bu layihələrin effektivliyi yalnız kompleks şəkildə həyata keçirildiyi təqdirdə mümkün olacaqdır.
Yəni, təkcə bir tunelin və ya yolun tikintisi ilə istənilən nəticəyə nail olmaq mümkün deyil. Bu proses paralel olaraq metro xətlərinin genişləndirilməsi, tramvay şəbəkəsinin qurulması, dəmir yollarının inkişafı, avtobus marşrutlarının optimallaşdırılması, avtoparkın yenilənməsi və nəqliyyat mübadilə mərkəzlərinin yaradılması ilə müşayiət olunmalıdır.
Eyni zamanda, mikromobillik üçün şəraitin yaradılması, piyada infrastrukturunun – səkilərin abadlaşdırılması və qısa keçidlərin təşkili də mühüm əhəmiyyət kəsb edir.
Şəhər daxilində həyata keçirilən konkret layihələr – məsələn, tunel tipli yol ötürücülərinin tikintisi, mövcud küçələrin uzadılması və müxtəlif nəqliyyat səviyyələrinin inteqrasiyası – yeni təşəbbüslər deyil, artıq müəyyən müddətdir icra olunan proseslərdir. Lakin bu layihələrin real təsiri yalnız digər nəqliyyat növlərinin də paralel inkişafı ilə mümkün olacaqdır.
Əks halda, yalnız yeni yolların və tunellərin tikintisi mövcud avtomobilləşməni daha da artıracaq və əlavə nəqliyyat yükü yaradacaq. Lakin alternativ nəqliyyat imkanları genişləndirildiyi təqdirdə, şəhər nəqliyyatında keyfiyyətcə yeni və daha dayanıqlı bir reallıq formalaşacaqdır".
Elmir Heydərli
10:00 23.04.2026
Oxunuş sayı: 52