Azərbaycan Avropanın enerji təhlükəsizliyində necə rol oynayır?
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun qeyd etdiyi kimi, Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib.
Bu müddət ərzində ölkəmiz xüsusilə, təbii qaz və neft ixracı, enerji marşrutlarının şaxələndirilməsi və alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətlərində önəmli rol oynayıb.
Bununla yanaşı, dəyişən qlobal enerji gündəliyi fonunda mövcud əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi və yeni enerji layihələrinin təşviqi məsələləri daha da aktuallaşır.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycan Avropanın enerji təchizatında əsasən iki ənənəvi istiqamətdə mühüm rol oynayır. Birincisi, xam neft ixracıdır - məsələn, Çexiyanın istifadə etdiyi neftin təxminən üçdə biri Azərbaycandan gəlir.
İkincisi, təbii qaz ixracıdır - Azərbaycan dünyada 16 ölkəyə təbii qaz ixrac edən aparıcı dövlətlərdən biridir, onlardan 10-u Avropa İttifaqının üzvüdür, siyahıya Avstriya və Almaniya da daxildir.
Əməkdaşlığın inkişafına ehtiyac olan istiqamətlərə gəlincə, bir neçə prioritet sahə önə çıxır".
Ekspert qeyd edib ki, qaz ixracının coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə şaxələndirilib, lakin bu əməkdaşlığın daha da genişləndirilməsi mümkündür:
"Cənub Qaz Dəhlizi artıq tamamilə rezerv edilib, buna görə də əlavə infrastruktur gücünə ehtiyac var və bunun üçün Aİ ilə Azərbaycanın birlikdə çalışması zəruridir.
Bundan əlavə, Azərbaycanın günəş, külək enerjisi və elektrik enerjisi sahəsində böyük potensialı olduğundan, enerji portfeli bərpa olunan enerji mənbələrini əhatə etməklə genişləndirilə bilər.
Yeni ölkələrə qaz həcmini artırmaq üçün isə yataqların işlənməsinə və mövcud infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə investisiyalar tələb olunacaq".
Ayhan
10:00 22.04.2026
Oxunuş sayı: 171