Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib
Qazaxıstanın paytaxtı Astana şəhərində Regional Ekoloji Sammit keçirilir. Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev sammitdə iştirak edib.
Bu barədə Crossmedia.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sammit çərçivəsində “Gələcək nəsillərin qorunması: sağlamlıq - ekoloji gündəmin mərkəzində, dərsləri və həllər, Aral və Xəzərətrafı ərazilər” mövzusunda nazirlər səviyyəsində panel sessiyası keçirilib. Tədbirin açılışında Qazaxıstan Respublikasının Baş nazirinin müavini Aida Balayeva və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çıxış ediblər. Panel sessiyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Aral regionunda sağlamlıq və dayanıqlı inkişaf üzrə Yol Xəritəsinin təqdimatını edib.
Azərbaycan Respublikasının səhiyyə naziri sammit çərçivəsində keçirilən nazirlər səviyyəsində panel sessiyasında “Aral və Xəzərətrafı ərazilərin sağlam gələcəyi naminə siyasi dəstək və regional öhdəliklər” mövzusunda çıxış edib.
Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın səhiyyə nazirləri də çıxış ediblər.
Tədbirin yekunu olaraq Mərkəzi Asiya ölkələri və Azərbaycan tərəfindən birgə bəyanat qəbul edilib. Bu sənəd regionda iqlim dəyişiklikləri, ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Sammit çərçivəsində ikitərəfli görüşlər keçirilib, ətraf mühit və sağlamlıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müzakirələr aparılıb, Qazaxıstanın aparıcı tibb müəssisələrinə tanışlıq səfərləri təşkil olunub.
Tədbir səhiyyə və ətraf mühit sahələrində regional əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.
10:12 23.04.2026
Oxunuş sayı: 47