Gərginlik artır - İran ABŞ-lə masaya niyə oturmadı?
İranın Pakistan vasitəsilə ABŞ tərəfinə çərşənbə günü İslamabadda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etməyəcəyini bildirməsi regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir.
Rəsmi Tehran bunu müxtəlif səbəblərlə əsaslandırır: ABŞ-a etimadsızlıq, əvvəlki razılaşmaların yerinə yetirilməməsi, eləcə də sanksiyalar və təhlükəsizlik məsələləri ətrafında davam edən fikir ayrılıqları. Bu fonda sual yaranır: İran niyə məhz indi danışıqlardan imtina edir və bu qərarın arxasında hansı siyasi, iqtisadi və geosiyasi amillər dayanır?
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlama verib:

“İran öz suverenliyini müdafiə edərək ABŞ-dan tələb edir ki, Hörmüz boğazı ətrafında blokadanı aradan götürsün. Digər tələbləri də maliyyə məsələləri ilə bağlıdır — kompensasiya, sanksiyalar və s.
Bundan başqa, rəsmi şəxslər Tehranda bəyan edirlər ki, Amerikaya inanmaq olmaz, onlar öz vədlərinə əməl etmirlər və belə bir şəraitdə danışıqların mənası sual altındadır. ABŞ bunu nəzərə alaraq atəşkəsə davam edir və hazırda atəşkəs vəziyyəti qüvvədədir, yəni müharibə təxirə salınır”.
Politoloq əlavə edib ki, bir sözlə, vəziyyətin mürəkkəb olması, əlbəttə ki, hər iki tərəfdən asılıdır:
“Çünki İran da müəyyən güzəştlərə getməlidir və bunu Vaşinqtona dəfələrlə bildiriblər. Əminəm ki, gec-tez tərəflər danışıqlar masası arxasına əyləşəcəklər. Çünki hər iki tərəf başa düşür ki, yeni təsirlər və problemlər yarana bilər və üçüncü dövlətlər də bundan əziyyət çəkir. Nəticədə benzinin və neftin qiyməti qalxır, bir sıra ölkələrdə reyslər təxirə salınır və bu da, mənim fikrimcə, bu münaqişə və böhranın təsir göstərən əsas amillərindən biridir”.
Ayhan
11:40 23.04.2026
Oxunuş sayı: 573