Avropa İttifaqı minatəmizləmədə Azərbaycana necə dəstək verə bilər?
Avropa İttifaqı nümayəndələrinin Azərbaycanla münasibətlərin gələcək inkişafını müzakirə edərkən minatəmizləmə sahəsində dəstəyin genişləndirilməsi ehtimalını istisna etməməsi bu istiqamətdə yeni mərhələnin başlaya biləcəyini göstərir.
İşğaldan azad olunmuş ərazilərdə mina probleminin hələ də ciddi təhlükə olaraq qalması fonunda bu məsələ həm humanitar, həm də təhlükəsizlik baxımından xüsusi aktuallıq daşıyır.
Bu kontekstdə sual yaranır: Avropa İttifaqı minatəmizləmə prosesində Azərbaycana konkret olaraq hansı formada dəstək verə bilər və bu mümkün əməkdaşlıq ümumilikdə necə qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri Rey Kərimoğlu Crossmedia.az-a açıqlama verib:

“Avropa İttifaqı bu işlə maraqlı olmalı və Azərbaycana dəstək verməlidir. Azərbaycan demək olar ki, mina problemi ilə bağlı bir çox istiqamətlərdə təkdir. Mən bildiyim qədər, Avropa İttifaqı bu prosesdə müəyyən qədər iştirak edib, bəzi mərhələlərdə az da olsa dəstək göstərib.
Amma mina məsələsində böyük işlər görülməlidir, genişmiqyaslı təmizləmə prosesi aparılmalıdır və bunun üçün ciddi maliyyə vəsaiti tələb olunur.
Bu baxımdan, Avropa İttifaqı Azərbaycana daha böyük dəstək verə bilər və ümid edirik ki, bu dəstək artacaq. Çünki Azərbaycana qarşı bəzən qərəzli münasibət sərgilənir, ikili standartlar tətbiq olunur.
Bu, istər Qarabağ müharibəsi dövründə torpaqlar işğal altında olarkən, istərsə də ondan sonrakı mərhələdə özünü göstərib və bu, xoşagələn hal deyil”.
R.Kərimoğlu bildirib ki, mina problemi isə bəşəri bir problemdir:
“Azərbaycan Ermənistan tərəfindən bu problemlə üz-üzə qalıb və mina terrorunun nəticələrini yaşayır. Bu baxımdan Avropa İttifaqı daha fəal mövqe tutmalı və Azərbaycana böyük həcmdə dəstək verməlidir. Bu dəstək həm mina təmizləmə işlərinə, həm minadan zərər çəkmiş insanlarla bağlı problemlərin həllinə, həm də maarifləndirmə fəaliyyətlərinə yönəlməlidir”.
Ayhan
11:00 23.04.2026
Oxunuş sayı: 414