Putin Ukrayna ilə bağlı "qumar oynayır": Gediş artırılır...
Avropa–Rusiya münasibətlərində gərginliyin yeni mərhələsi fonunda Ukrayna münaqişəsinin siyasi həlli yenidən beynəlxalq gündəmdə kəskin şəkildə aktuallaşır. Son günlər Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi bəyanatlar isə bölgədə diplomatik dinamikanın hansı istiqamətdə dəyişə biləcəyinə dair mühüm siqnallar verir. Moskvada ABŞ nümayəndələri ilə görüş ərəfəsində Avropanı sülh prosesinə mane olmaqda ittiham edən Rusiya lideri, tərəflər arasında mövcud fikir ayrılıqlarının dərinliyini bir daha ortaya qoyub.
Putinin Avropanın təqdim etdiyi sülh təkliflərini “Rusiya üçün qəbuledilməz” adlandırması, qitənin Ukrayna nizamlanmasında oynadığı rolun zəiflədiyini vurğulaması və eyni zamanda yeni danışıqlar imkanlarının hələ də istisna edilmədiyini bildirməsi regionda diplomatik balansın qeyri-müəyyənliyini daha da artırır. Bu bəyanat həm geosiyasi güc mərkəzləri arasında qarşılıqlı etimadın çətinliklə formalaşdığını göstərir, həm də sülh prosesinin gələcək trayektoriyası ilə bağlı mühüm suallar doğurur.

Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Rusiya Prezidenti Vladimir Putinin bu fikirləri təsadüfi şəkildə deyil, məhz ABŞ Prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Stiven Uitkov və kürəkəni Carret Kuşnerin Moskva səfəri ərəfəsində səsləndirilmişdir. Yəni, açıqlamanın zamanlaması bilərəkdən seçilmiş və məhz həmin kontekstdə dəyərləndirilmişdir. Bu o deməkdir ki, Rusiya Prezidenti həm bütün dünyaya, həm ABŞ-yə, Avropa İttifaqına, Ukraynaya və Ukraynanı dəstəkləyən könüllü qüvvələrə, həm də özünün strateji tərəfdaşı hesab etdiyi Çinə mesaj verir: Rusiya müharibəni davam etdirməyə hazırdır. Diqqət etsəniz, elə həmin gün – yəni dünən – Çin xarici işlər naziri təcili şəkildə Moskvanı ziyarət etmiş, Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşmüşdü. Bu səfər ABŞ–Rusiya görüşü fonunda baş tutmuşdu. Beləliklə, Putinin sərt bəyanatı eyni zamanda Çinə də ünvanlanmış mesaj idi. Bu, həm də o deməkdir ki, Rusiya görüş öncəsi “qiyməti qaldırır”, yəni siyasi təzyiqi artırır, ABŞ və Avropa İttifaqını qorxutmağa çalışır. Lakin mahiyyət etibarilə bu bəyanat real gücə əsaslanmır – sadəcə ritorikadır. Çünki sual yaranır: 27 ölkədən ibarət Avropa Birliyi ilə genişmiqyaslı müharibə aparmaq bu gün Rusiya üçün mümkündürmü? Rusiyanın belə maliyyə, hərbi və iqtisadi potensialı varmı? Əgər bu potensial mövcuddursa, onda niyə Rusiya son bir il yarım ərzində cəmi 9000 kvadratkilometrlik Donbas bölgəsində tam nəzarəti təmin edə bilmir? Donetsk vilayətinin bir neçə şəhərinə görə aparılan döyüşlərdə 100–150 minə qədər canlı qüvvə itkisi, minlərlə texnikanın məhv olması qeydə alınıb. Bu faktları bilən hər bir analitik Putinin “Avropa ilə müharibəyə hazırıq” fikrinə necə ciddi yanaşa bilər?".
Onun fikrincə, bu, sadəcə ABŞ nümayəndə heyəti ilə görüş öncəsi qumardakı kimi gedişin artırılması idi: "Belə addımlar qarşı tərəfdə müəyyən psixoloji təzyiq və qorxu yaratmağa hesablanır. Putin də məhz bu qorxu sindromundan istifadə etməklə Donald Trumpın Ukrayna və Avropaya daha çox təzyiq göstərməsinə nail olmaq istəyir. Yəni hərbi yolla edə bilmədiyini ABŞ Prezidenti vasitəsilə həyata keçirməyə cəhd edir. Ortaya çıxan 28 maddəlik “sülh sənədi” də məhz bu kontekstdə hazırlanmışdı. Bu 28 maddəlik sənəd mahiyyət etibarilə yalnız Rusiyanın maraqlarını əks etdirirdi. İşğalçı tərəf olmasına baxmayaraq, sənəddə Rusiyanın hansısa güzəştə getməsi nəzərdə tutulmurdu. Bu kağız parçası Ukrayna hesabına müharibənin bitirilməsi cəhdi idi. Lakin bu plan reallaşmadı. Çünki Ukrayna tək deyil və bundan sonra da dəstəklənəcəyi açıq şəkildə bəyan edilir. Artıq Ukraynanın maliyyələşdirilməsi üçün konkret mexanizmlər İşlənir. Bu baxımdan dondurulmuş Rusiya aktivləri əsasında Ukraynaya kredit verilməsi mexanizmi müzakirə olunur. İndiyə qədər bu məsələyə mane olan Belçikanın mövqeyini aşmaq üçün yeni modellər hazırlanır və dekabrın 19-da bunun ciddi müzakirə predmeti olacağı gözlənilir"
Politoloq, həmçinin Ukraynanın dəstəklənəcəyinin şübhəsiz bir məqam olduğunu qeyd edib: "Rusiyanın isə acınacaqlı iqtisadi vəziyyəti hər gün daha da ağırlaşır. Doğrudur, Ukraynanın durumu da çətindir, lakin bu müharibənin əsas maliyyə yükünü Avropa İttifaqı daşıyır və onlar bunu öz təhlükəsizliklərinin təminatı kimi görürlər. Ukraynanın məğlubiyyəti gələcəkdə Avropa İttifaqının qapılarında yeni müharibənin başlanması demək olardı. Buna görə də Putinin bəyanatını o qədər də ciddi qəbul etməyə dəyməz. Bu, sadəcə görüş öncəsi səsləndirilmiş fikirdir. Elə görüşün nəticələri də bunu təsdiqlədi – ciddi siyasi irəliləyişdən danışmaq mümkün deyil. Baxmayaraq ki, bəzi pozitiv mesajlar səsləndirilir, lakin əsas məsələlər üzrə – Ukraynanın ərazi bütövlüyü, dondurulmuş Rusiya aktivləri, təzminat ödənişləri, Avropa İttifaqının təhlükəsizlik zəmanətləri və ən əsası, işğal olunmuş ərazilərin Rusiyaya məxsus kimi tanınması tələbi – heç bir yaxınlaşma yoxdur. Bu isə planın əsas məğzini təşkil edir. Beləliklə, əsas müddəalar üzrə razılaşma mümkün olmadığına görə, görüşü siyasi nəticəsi olmayan bir fiyasko adlandırmaq olar. Bu da o deməkdir ki, müharibə əvvəlki kimi davam edəcək".
Elmir Heydərli
12:31 03.12.2025
Oxunuş sayı: 921