Peskov: Putin ABŞ-nin sülh planını rədd etməyib
Kremlin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə Rusiya və ABŞ arasında Ukrayna mövzusunda aparılan danışıqlarla bağlı açıqlamalar verib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin sülh planını rədd etməsi barədə yayılan ifadələr doğru deyil.
Peskovun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı istənilən vaxt baş tuta bilər, lakin hazırda nəticələrin ekspert səviyyəsində əldə olunması daha vacibdir. Kremlin ümidinə görə, ABŞ da Rusiya kimi danışıqların təfərrüatlarını açıqlamamaq prinsipinə əməl edəcək.
Mətbuat katibi danışıqların “mümkün qədər sakit şəraitdə” aparılmasının onların məhsuldarlığını artıracağını qeyd edib. O, həmçinin Ukrayna üzrə nizamlanma istiqamətində göstərdiyi səylərə görə Vaşinqtona minnətdarlığını ifadə edib.
Peskov bildirib ki, Rusiya ilə ABŞ arasında sülh planı üzrə birbaşa fikir mübadiləsi ilk dəfə dünən baş tutub: “Bəzi məqamlar qəbul edildi, bəziləri isə qəbuledilməz hesab olundu”.Onun sözlərinə görə, Rusiya nümayəndələri Ukrayna üzrə sülh prosesinə nail olmaq üçün ABŞ-lı həmkarları ilə lazım olduğu qədər görüşməyə hazırdır.
Avropanın mövqeyinə də toxunan Peskov, “strategiyanın Rusiyaya məğlubiyyət gətirəcəyinə ümid edən Avropa siyasətçilərinin dərin yanıldığını” deyib. O əlavə edib ki, əgər Avropa Rusiya qazını almağı dayandırarsa, daha bahalı qaz idxalından asılı vəziyyətə düşəcək.
Mehriban İbrahimli
18:57 03.12.2025
Oxunuş sayı: 616