Peskovun açıqlamaları Tramp planının reallaşma ehtimalını artırır
ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planının ilkin versiyası mediada 28 maddədən ibarət olaraq təqdim edilib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna münaqişəsinin tənzimlənməsi üzərində işləmək üçün yaxşı əsas sayıla bilər.
Bu barədə Crossmedia.az-a politoloq Cavanşir Abbaslı açıqlama verib: "Kreml sözçüsü Dmitri Peskovun son açıqlamaları gözlənilən olsa da, onlar təsadüfi səslənməyib".
O vurğulayıb ki, bu bəyanatlar Donald Trampın təklif etdiyi “sülh planının” daha real görünməsinə işarədir: "Yaxın günlərdə Moskvada Trampın rəsmi nümayəndəsi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir".
C.Abbaslı bildirib ki, Tramp planının Avropanın Təhlükəsizlik Sisteminə dair müddəaları ciddi təhdid yaradır: "Plan Ukraynanın suverenliyi və ümumi təhlükəsizlik arxitekturası üçün strateji boşluq formalaşdırır. Əsas mübahisəli məqamlardan biri Rusiyanın hazırda işğalda saxladığı ərazilərdə qalmasının nəzərdə tutulmasıdır".
O qeyd edib ki, Putin mövcud şəraitdə atəşkəsin və nisbi sülhün Rusiya üçün də faydalı olduğunun fərqindədir. Lakin hesab edilir ki, Moskva yalnız müvəqqəti pauzaya ehtiyac duyur və zərərlərini bərpa etdikdən sonra yenidən öz siyasətinə qayıda bilər: "Trampın təqdim etdiyi yeni versiyanın sülhə real yaxınlaşma deyil, daha çox Rusiyanın maraqlarına uyğunlaşdırılmış sənəd təsiri bağışladığı vurğulanır. Kreml isə müharibəni təklif edilən səkkiz bəndlik çərçivədə yekunlaşdırmağa çalışa bilər".
Onun sözlərinə görə, belə bir razılaşma Ukraynanın faktiki məğlubiyyəti kimi qiymətləndiriləcək. Bununla belə, prosess müəyyən müddət davam edəcək və nəticədə həmin bəndlər əsasında sülh sazişinin əldə olunacağı istisna edilmir.
Mehriban İbrahimli
17:13 02.12.2025
Oxunuş sayı: 1024