Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalanıb
Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri (FHN) arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət planı imzalanıb.
Bu barədə Crossmedia.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.
Kəmaləddin Heydərov ölkələr arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.
Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.
Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
18:40 03.12.2025
Oxunuş sayı: 628